"ABŞ Ukraynaya hərbi yardımı, sadəcə, pulsuz verməyə davam edə bilməz..."
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna, əslində, ABŞ-a 500 milyard dollar dəyərində faydalı qazıntılar verməyə razılaşıb. Bu, Vaşinqtonun Kiyevə göstərdiyi hərbi yardımın əvəzi kimi nəzərdə tutulub.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Post" nəşri yazıb.
"Onlar inanılmaz dərəcədə dəyərli torpaqlara- faydalı qazıntılar, neft və qaz, eləcə də digər resurslarla malikdir. Mən istəyirəm ki, bizim pullarımız qorunsun, çünki biz Ukraynaya yüz milyardlarla dollar xərcləyirik", - Tramp "Fox News" nəşrinə müsahibəsində deyib.
Qəzet xatırladır ki, Tramp dəfələrlə ABŞ-ın hətta Rusiya ilə sülh razılaşması əldə olunsa belə, Ukraynanın təbii sərvətlərinə çıxış əldə etməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, ABŞ-ın Ukraynaya verdiyi "300 milyard dollardan çox" vəsait digər ölkələrin bu müharibəyə ayırdığı yardımları xeyli üstələyir.
"Onlar razılaşma əldə edə bilər, ya da əldə etməyə bilər. O torpaqlar bir gün rusların ola bilər, bir gün olmaya bilər. Amma bizim Ukraynada bu qədər pulumuz var və mən deyirəm ki, bunu geri qaytarmaq istəyirəm. Mən onlara dedim ki, 500 milyard dollar dəyərində faydalı qazıntıları almaq istəyirəm və onlar, əslində, buna razılaşıb", - ABŞ prezidenti izah edib.
Bundan əlavə, Tramp vurğulayıb: "Mən onlara dedim: "Biz mütləq nəsə əldə etməliyik. Biz bu pulları, sadəcə, xərcləməyə davam edə bilmərik". Siyasətçinin sözlərinə görə, Ukraynaya yardım etməyə davam etmək, sadəcə, "ağılsızlıq" olardı.
Eyni zamanda, "The New York Post" qeyd edir ki, Ukrayna prezidenti Vladimir Zelenski cümə günü ABŞ-la resurs tədarükü və təhlükəsizlik zəmanətləri müqabilində qarşılıqlı razılaşmanı dəstəklədiyini bildirib. Bu razılaşma mümkün sülh sazişinin bir hissəsi ola bilər.
"Əgər razılaşmadan danışırıqsa, gəlin, bu razılaşmanı imzalayaq- biz yalnız buna tərəfdarıq. Biz Putini dayandırmalı və sahib olduğumuz resursları- Mərkəzi Ukraynanın çox zəngin Dnepr bölgəsini qorumalıyıq", - o, "Reuters" agentıiyinə müsahibəsində deyib.
Qəzet qeyd edir ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens və Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi, istefada olan leytenant-general Kit Kelloq başda olmaqla ABŞ nümayəndə heyəti Münhen Təhlükəsizlik Konfransında Ukrayna prezidenti ilə görüşəcək. Onlar artıq üç ilə yaxın davam edən müharibənin necə bitiriləcəyini müzakirə edəcək.
ABŞ üçün Ukraynanın faydalı qazıntıları - bəlli olanlar
Bundan öncə Ukrayna xarici işlər naziri Andrey Sibiga Ukraynanın faydalı qazıntılarının ABŞ üçün necə sülhə gətirib çıxara biləcəyini izah edib. Onun sözlərinə görə, prezident Vladimir Zelenskinin qələbə planında Ukraynanın zəngin olduğu təbii resurslarla bağlı bir bənd var idi.
"Xüsusilə, bizim tərəfdaşlarımızın bu sahəyə investisiya yatırmaq və onu birgə işlətmək imkanı var, çünki bu, bizim ümumi strateji marağımızdır. Bu, həmçinin "güc yolu ilə sülh" konsepsiyasının konkret təcəssümlərindən biridir", - o, qeyd edib.
"Çünki bu, Ukraynada iri biznesin mövcudluğuna, eləcə də ən yaxın müttəfiqlərimiz olan ABŞ-ın bu yataqlara sərmayə qoyması və onların qorunması ilə maraqlanmasına zəmanət yaradır. Bu imkanlar bizim üçün həqiqətən də mövcuddur", - nazir vurğulayıb.