Real dünya ilə virtual dünya arasında YAŞAMAQ ARTIQ BU ÜSULLA MÜMKÜNDÜR
Ekskluziv
458
13:59, Bu gün

Real dünya ilə virtual dünya arasında YAŞAMAQ ARTIQ BU ÜSULLA MÜMKÜNDÜR

“Artırılmış reallıq” (“Augmented Reality”) real dünya ilə virtual dünya arasında körpü yaradan bir texnologiyadır. Bu texnologiya vasitəsilə real dünya elementləri virtual obyektlər, görüntülər, səslər və ya digər rəqəmsal məlumatlarla zənginləşdirilir. Adı çəkilən texnologiya real dünyanı dəyişmir, lakin ona əlavə qatlar əlavə edir, beləliklə, istifadəçilər necə deyərlər, hər iki dünyanı birgə təcrübə edə bilirlər.
 
 
 Bu sözləri Moderator.az-a açıqlamasında hüquqşünas Yunis Xəlilov bildirib. 
 
"Tarixə nəzər salsaq, görərik ki, 1968-ci ildə Ivan Sutherland “Sword of Damocles” adlı ilk “Artırılmış reallıq” (bundan sonra – “AR”) cihazını yaratmışdır. Bu cihaz qrafik obyektləri real dünyada nümayiş etdirirdi. “Augmented Reality” ifadəsi isə bir termin kimi ilk dəfə 1990-cı ildə Tom Caudell tərəfindən istifadə edilmişdir.
2000-ci ildə Hirokazu Kato “ARToolKit” adlı ilk açıq mənbəli “AR” proqramını təqdim etmşdir. Sonrakı dövrlərdə, daha dəqiq desək, 2010-2016-cı illər ərzində “AR” texnologiyası dünyada əsasən mobil cihazlar və proqramlarla (məsələn, “Layar”, “Blippar”)  daha da populyarlaşmışdır.
Bu sahədə qlobal sıçrayış isə 2016-cı ildə olmuşdur. Belə ki, həmin il “Pokémon GO” oyunu “AR” texnologiyasını geniş kütlələrə tanıtdırmış və milyonlarla istifadəçi “AR” tətbiqindən istifadə etməyə başlamışdır. Sözügedən mobil oyun istifadəçilərin ətraf mühitdə virtual “Pokémon”ları tapmasına və tutmasına imkan verirdi. Oyun zamanı istifadəçilər “GPS” ilə öz real dünyadakı mövqelərinə əsasən “Pokémon” axtarırdılar. Maraq doğuran hal isə o idi ki, bu oyun, bir çox insanı açıq havada gəzməyə və sosiallaşmağa təşviq etmişdir.
“Google” və “Apple” kimi şirkətlər “ARKit” və “ARCore” platformalarını təqdim edərək AR tətbiqlərini ictimaiyyət üçün daha da geniş və əlçatan etmişdir.
Qeyd edək ki, “AR” istifadəçinin ətrafındakı real dünyanı rəqəmsal elementlərlə (məsələn, 3D obyektlər, məlumatlar, animasiyalar) sinxronlaşdıraraq istifadəçiyə interaktiv bir təcrübə təmin edir.
Bəs, “AR” necə işləyir? İlk olaraq, real dünya obyektləri və məkanları kameralardan və sensorlardan əldə edilən məlumatlar əsasında skan edilir. Sonra virtual elementlər (rəqəmsal obyektlər, animasiyalar və s.) həmin məlumatlarla uyğun şəkildə yerləşdirililir. Nəticədə isə istifadəçilər həm real məkanı, həm də rəqəmsal məlumatı birlikdə görə bilirlər.
“AR” texnologiyasının işləmə prosesini bir qədər daha təfərrüatlı açıqlayaq. Bu texnologiya bir neçə əsas komponent üzərində qurulur:
I. Cihazlar
Kameralar: Ətraf mühiti analiz etmək üçün istifadə olunur.
Sensorlar və GPS: Cihazın mövqeyini və istiqamətini müəyyənləşdirir.
Ekranlar və Gözlüklər: “AR” obyektlərini istifadəçiyə təqdim edir.
II. Proqram təminatı
AR tətbiqləri real dünya obyektlərini tanıyır və rəqəmsal elementləri yerləşdirir. Buna bir neçə nümunə deyək. Məsələn, marker əsaslı “AR” xüsusi bir marker (məsələn, “QR kod”) üzərində işləyir. “Markerless AR” isə obyektləri və məkanı analiz edir və heç bir markerə ehtiyac duymur.
III. Virtual Məlumatlar
3D modellər, videolar, animasiyalar, səslər və ya interaktiv məlumatlar real dünya ilə uyğunlaşdırılır.
Hazırda “AR” texnologiyasından bir sıra aşağıdakı sahələrdə tətbiq olunur:
1. Təhsil sahəsində
İnteraktiv dərsliklər şagirdlərə biliklərin daha dərindən qavranılmasına kömək edir. Belə dərsliklər imkan yaradır ki, şagirdlər dərsliklərdəki mətnləri və şəkilləri 3D obyektlər və animasiyalarla təcrübə edə bilsinlər.
“AR” texnologiyası ilə tarixi məkanların canlandırılması da şagirdlərə çox böyük fayda verə bilir. Məsələn, tarixi hadisələrin və ya qədim məkanların virtual nümayişi şagirdlərin tarixi prosesləri və yerləri sanki “əyani” şəkildə görüb “yaşamalarına” səbəb olur.
2. Səhiyyə sahəsində
Cərrahiyyə əməliyyatları zamanı “AR” texnologiyası vasitəsilə həkimlər insan orqanlarının və damarlarının 3D modellərini görə bilir və bunun sayəsində daha uğurlu tibbi əməliyyatlara imza ata bilirlər. Bir nümunəyə nəzər salaq. 2017-ci ildə İngiltərənin Oksford şəhərində yerləşən John Radcliffe Hospitalın həkimləri “AR” texnologiyasını istifadə edərək uğurlu bir beyin əməliyyatı həyata keçirmişdir.. Bu əməliyyat zamanı həkimlər tibb tarixində ilk dəfə olaraq xəstənin beyninin “3D” modelini xüsusi “AR” gözlüyü vasitəsilə görə bilmiş, beyində olan zədələnmiş damarları daha dəqiq müəyyən edərək real zamanlı əməliyyat etdikləri bölgəni izləmişdirlər.
Qeyd edək ki, əvvəllər yalnız “2D” rentgen və “MRT” görüntülərinə əsaslanan əməliyyatlar həyata keçirilirdisə, “AR” texnologiyası sayəsində “3D” vizualizasiya ilə cərrahlar daha dəqiq qərarlar qəbul edə bildilər. Bu, əməliyyat riskini azaltmaqla bərabər xəstənin sağalma prosesini də sürətləndirir.
Bundan əlavə, hazırda dünyada “AR” texnologiyası ortopediya, ürək cərrahiyyəsi və hətta plastik cərrahiyyə sahələrində də geniş tətbiq olunur.
 “AR” texnologiyası tibb təhsili zamanı da tələbələrə insan orqanizminin virtual modellərini interaktiv şəkildə görmələrinə imkan yaradır ki, bunun nəticəsində də onlar daha effektiv şəkildə öyrənə bilirlər.
3. Əyləncə və oyunlar sahəsində
Bu gün “AR texnologiyası” ilə kinoteatrlarda və ya evlərdə interaktiv filmlərin izlənilməsi və müxtəlif oyunların oynanılaması mümkündür. Numunə üçün qeyd edək ki, “Pokémon GO” kimi oyunlar real dünya ilə virtual obyektləri birləşdirir.
4. Mədəniyyət sahəsində
Sözügedən sahədə müzeylərdə eksponatlar haqqında əlavə məlumat təmin edən tətbiqlər mövcuddur. Bundan başqa, “National Geographic” muzeylərdə və sərgilərdə “AR” texnologiyasından istifadə edərək ziyarətçilərə tarixə unikal bir səyahət təklif edir. Ziyarətçilər virtual olaraq dinozavrların həyatını görə və ya qədim mədəniyyətləri interaktiv şəkildə araşdıra bilirlər. Maraqlıdır ki, bu texnologiya vasitəsilə muzeylər ziyarətçilər üçün daha maraqlı və əyləncəli hala gəlmişdir.
5. Ticarət və marketinq sahəsində
Bu sahədə “AR texnologiyası”nı tətbiq edən onlayn ticarət saytları fəaliyyət göstərir. Məsələn, alıcılar məhsulu almadan əvvəl onun necə görünəcəyini görə bilərlər. Bunun üçün “geyim sınağı” imkanı yaradılır və müştərilər bu yolla almaq istədikləri paltarları və ayaqqabıları virtual olaraq geyinməklə sınaqdan çıxara bilirlər. Yaxud “İnteryer dizaynı” imkanı təklif edilir. Bu yolla mebel və digər əşyaların evinizdə yerləşdiriləcəyi məkanla uyğunluğunu yoxlamaq mümkün olur. Məsələn, “IKEA Place” adlı “AR” tətbiqi istifadəçilərə mebel məhsullarını evlərində necə görünəcəyini görmək imkanı verir. Belə ki, mebeli evinizin istənilən hissəsinə “yerləşdirib” rəng və ölçüsünü yoxlaya bilirsiniz. Bu, alış qərarlarını daha asanlaşdırır və müştərilər üçün xüsusi bir təcrübə yaradır. Qeyd edək ki, sözügedən tətbiq müştərilər arasında elə məşhurlaşmışdır ki, digər mebel şirkətləri də oxşar “AR” tətbiqləri hazırlamağa başlamışdır.
Başqa bir misal, “BMW” və digər avtomobil istehsalçıları “AR” texnologiyasını müştərilərinə təqdim edirlər. Belə ki, müştərilər avtomobili virtual olaraq istənilən məkanda görə və fərqli rənglər, interyer dizaynını yoxlaya bilirlər. Maraqlıdır ki, avtomobil seçimini əyləncəli və vizual hala gətirən bu texnologiya onların satışını daha da artırıb.
6. Hərbi məqsədli tətbiqlər sahəsində
Bir sıra ölkələrdə bu sahədə də “AR” texnologiyası uğurla tətbiq edilir. Məsələn, hərbi qulluqçulara ətraf mühit haqqında əlavə məlumat təmin edən “AR” eynəklərdən istifadə olunması, hərbi təlimlər zamanı simulyasiyaların tətbiq olunmasını misal göstərmək olar.
7. Memarlıq və tikinti sahəsində
“AR” texnologiyasından faydalanmaqla tikinti layihələrinin virtual modellərinin real mühitdə nümayişini gerçəkləşdirmək mümkündür.
8. Nəqliyyat sahəsində
“AR” dəstəkli “GPS” tətbiqləri istifadəçilərə real yolda istiqamətləri göstərmək üçün istifadə olunur.
9. Tərcümə sahəsində
Bunun ən bariz nümunəsi kimi demək olar ki, hər kəsin internet məkanında real zamanlı mətn tərcüməsi kimi istifadə etdiyi “Google Translate”i misal göstərə bilərik. Belə ki, “Google Translate”in “AR” funksiyası kameranızı istənilən mətni əhatə edən obyektə (məsələn, yol nişanına, menyuya və ya kitab üzərinə) yönəltdikdə həmin mətni real zamanlı olaraq tərcümə edir. Bu funksiya səyahətçilər üçün sözün əsl mənasında həyat xilasedicidir, çünki fərqli dilləri anlamaq imkanı yaradır. 
Yeri gəlmişkən, qeyd edək ki, “Google Lens” “AR” tətbiqi ilə real həyatdakı obyektləri təkcə tanımaqla kifayətlənmir, həm də onlar haqqında əlavə məlumatlar əldə edə bilirik.
Məsələn, “Google Lens” kamerasını bir obyektə yönəltdiyiniz zaman, tutaq ki, bir məhsulu skan edib onun hansı nə olduğunu öyrənməklə yanaşı, eyni zamanda, onun qiymətini və haradan alınacağını da bilmiş olursunuz.
10. “Snapchat” və “Instagram” social şəbəkəsi sahəsində 
“Snapchat” və “Instagram” filtrləri “AR” texnologiyasının gündəlik həyatda necə populyar hala gəldiyini göstərir. Belə ki, istifadəçilər selfilərində üzlərinə “pişik qulaqları”, “çiçək tacları” və ya digər interaktiv effektlər əlavə etmək imkanı əldə edirlər. Bu filtrlər həm şəxsi istifadə, həm də markaların məhsul tanıtımı üçün geniş şəkildə istifadə olunur. Maraqlıdır ki, “Snapchat” bu xüsusiyyətlərdən istifadə edərək böyük bir sosial platforma qurmuşdur.
11. Moda sahəsində
“Burberry”və “Gucci” kimi lüks brendlər “AR” texnologiyası vasitəsilə moda nümayişlərini interaktiv hala gətirmişdir. Belə ki, müştərilər paltarları virtual olaraq “geyinib” öz üzərində görə bilirlər. Moda nümayişlərində “AR” ilə virtual podiumlar yaradılır. Maraqlıdır ki, bu texnologiya xüsusilə korona pandemiyası dövründə moda sektorunun işini xeyli asanlaşdırmışdır.
12. Təyyarə təlimi sahəsində
Hazırda “Boeing” və “Airbus” kimi böyük təyyarə istehsalçıları “AR” texnologiyasından təyyarə mühəndisləri və pilotların təlimində istifadə edir. Belə ki, mühəndislər virtual olaraq təyyarənin mühərrik hissələrini araşdırır və təmir prosedurlarını öyrənirlər. Eləcə də pilotlar simulyasiya vasitəsilə real vəziyyətlərə hazırlaşır. Bu texnologiya təlim xərclərini azaltmaqla yanaşı, daha təhlükəsiz və effektiv təcrübə təqdim edir.
Qeyd edək ki, “AR” texnologiyasından başqa təlimlər zamanı da uğurla istifadə olunur. Məsələn, “NASA” bu texnologiyadan Mars səthini simulyasiya etmək üçün istifadə etmişdir.
Ümumilikdə götürdükdə, real dünya ilə rəqəmsal dünyanın inteqrasiyasını təmin edən “AR” texnologiyasının üstünlükləri çoxdur. İnteraktiv təcrübə sayəsində istifadəçilər yalnız müşahidə etmir, həm də qarşılıqlı əlaqə yaradır. Məlumat çatdırmanın yenilikçi üsulu saya biləcəyimiz “AR” texnologiyasının tətbiqi həm də təhsil və məşq prosesini xeyli asanlaşdırır.
Bütün bunlarla yanaşı, onun tətbiqinin müəyyən çətinlikləri və problemləri də vardır. Hər şeydən əvvəl qeyd edək ki, “AR” cihazları hələ ki, çox bahalıdır. Onlardan istifadə mobil cihazların batareyasını tez tükədə bilir. Texnologiyadan hədsiz asılılıq yarada bilən “AR” tətbiqləri istifadəçinin şəxsi məlumatlarına giriş tələb etdiyindən təhlükəsizlik məsələsi ilə bağlı da risklər meydana çıxarır. Bundan başqa, yüksək keyfiyyətli “AR” texnologiyası üçün stabil internet və güclü cihazlar tələb olunur.
Dünyada gedən sürətli texnoloji inkişaf onu deməyə əsas verir ki, “AR” tətbiqləri yaxın gələcəkdə sürətlə həyatımıza daxil olacaqdır. Məsələn, “AR” eynəkləri olan “Google Glass”, “Microsoft HoloLens” və digər AR cihazlarını buna misal göstərə bilərik. Təsadüfi deyil ki, hazırda “Microsoft HoloLens” “AR” gözlüyü ilə istifadəçilər real dünyada rəqəmsal hologramlarla qarşılıqlı əlaqə qura bilirlər.
Şübhə yoxdur ki, yaxın gələcəkdə “AR” texnologiyası “Metaverse” ilə inteqrasiya olunaraq virtual və real dünyanı daha yaxınlaşdıracaq, “AR” texnologiyasının “süni intellekt”lə birləşməsi daha ağıllı və adaptiv təcrübələrin həyata keçirilməsinə real imkanlar yaradacaqdır".
 
Link kopyalandı!
Son xəbərlər