“Təəssüf ki, AXC hökuməti ilk gündən “KQB” arxivlərini nəinki açmadı, əksinə, möhürlədi...”- Sabiq təhlükəsizlik zabiti
Ekskluziv
1688
10 Feb 2025 | 17:57

“Təəssüf ki, AXC hökuməti ilk gündən “KQB” arxivlərini nəinki açmadı, əksinə, möhürlədi...”- Sabiq təhlükəsizlik zabiti

“O dövrdə biz torbada gözübağlı pişik təki fəaliyyət göstərirdik. Çünki arxivlər açılmadığından bilmirdik ki, ətrafımızdakılardan kim-kimdir. Və bu, çox ağır və təhlükəli dövr idi. Və o hakimiyyətin dövrü də məntiqi sonluğuyla bitdi -1993-cü il iyun ayının 4-də...”
 
Bakıdakı “Rus evi” məsələsindən sonra “KQB” arxivlərinin açılması problemi yenə gündəmə atılıb. Bəs görəsən, AXC hakimiyyəti dövründə keçmiş DTK arxivlərinin açılması mümkün olardımı? Mümkün olmazdısa, səbəblər nə idi? Eks-prezident Əbülfəz Əliyev deyirdi ki, onları açsaq, vətəndaş müharibəsi olar. Bəs Baltikyanı, və bir sıra postsosialist Şərqi Avropa ölkələrində Rusiya-sovet imperiyasına həmin arxivlər açılanda niyə heç bir problem olmadı?
 
Arxivlər açılsaydı, doğrudanmı sonrakı illərdə bir çox faciələr başımıza gəlməzdi? Bəlkə heç torpaqlarımızın da işğalı o miqyasda baş tutmazdı? Ölkədə korrupsiya şəbəkəsi də bu qədər şaxələnməzdi? Və ölkədə heç “Rus evi” problemi də olmazdı...
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında AXC hakimiyyəti dövründə o vaxtkı yeni fəaliyyətə başlamış Milli Təhlükəsizlik Nazirliyində çalışmış Ərəstun Oruclu bunları söyləyib:
 
“Gəlin “KQB” arxivlərinin açılması məsələsinə bir az geniş baxış sərgiləyək. Əslində, Azərbaycan müstəqillik əldə etdikdən sonra SSRİ dövrünün bütün arxivləri açılmalıydı. Yəni söhbət yalnız “KQB”,  keçmiş SSRİ DTK-nın Azərbaycan bölməsinin arxivlərindən getmir. Amma nədənsə diqqət yalnız “KQB” arxivlərinə yönəlib. Bütün hallarda arxivlərin açılması üçün müvafiq qanuni baza hazırlanmalı və müvafiq komissiya tərtib olunmalıydı. Və həmin qanunverici bazada göstərilməliydi ki, bu açılma necə, hansı mexanizmlərlə həyata keçirilməlidir, ilk növbədə nələr açılmalı, hansı şəkildə ictimailəşdirilməlidir. Və s. Buna lüstrasiya prosesi deyillər. Məsələn, Baltikyanı və bir sıra postsosialist, Şərqi Avropa ölkələrində bu prosesi həyata keçirdilər. Azərbaycanda isə Mütəllibov iqtidarı müstəqilliyin ilk dövrünün, təxminən 6-7 ayının hökuməti olaraq bunu edə bilməzdi və etməzdi də. Amma çox təəssüf ki, Elçibəy hökuməti ilk gündən arxivləri nəinki açmadı, əksinə, möhürlədi. Halbuki biz elə meydanlarda, mitinqlərdə dəfələrlə bunu eşitmişdik ki, sonradan yüksək vəzifələri gəlmiş bir sıra AXC liderləri arxivləri açacaqlarını deyirdilər. Mən həmin dövrdə orqanda işləmiş bir şəxs kimi tam məsuliyyətlə deyirəm ki, arxivlərin möhürlənməsi nəinki ölkədəki hansısa gizli “KQB” casuslarının üzə çıxarılmasına imkan vermədi, hətta həmin dövrdə adi güdəlik əməliyyat fəaliyyətinə də çox ciddi maneələr yaratmağa başladı. Biz orqan əməkdaşları kimi faktiki olaraq AXC dövründə torbada gözübağlı pişik təki fəaliyyət göstərirdik. Çünki arxivlər açılmadığından biz bilmirdik ki, ətrafımızdakılardan kim-kimdir. Və bu, çox ağır və təhlükəli dövr idi. Və o hakimiyyətin dövrü də məntiqi sonluğuyla bitdi -1993-cü il iyun ayının 4-də...
 
Bəs AXC hökuməti nədən o arxivləri açmaq istəmədi? Mən bunu deyə bilmərəm. Amma onu bilirəm ki, o iqtidar arxivləri açmalıydı. Arxivlər mütləq açılmalıydı... İctimai-siyasi fəaliyyətə qoşulmuş “KQB” agentləri ən azı çağırılaraq xəbərdar olunmalıydı, siyasi proseslərdən uzaqlaşdırılmalıydı, onların ölkənin ictimai-siyasi həyatındakı iştirakı məhdudlaşdırılmalıydı. Bu, mütləq olmalıydı. Məsələn, Litvada arxivlər açılanda bəlli oldu ki, o zamankı milli azadlıq hərəkatı olan “Sayudis”in liderlərindən biri və sonradan ölkənin baş naziri olmuş Kazimira Prunskene “KQB” agenti imiş. Mən istisna etmirəm ki, Azərbaycanın ilk müstəqillik dövründəki AXC hakimiyyətində də “KQB” agenti olmuş kifayət qədər şəxslər var idi. Mən buna zərrə qədər şübhə etmirəm. Lakin əlimdə əsaslı dəlilim olmadığı üçün bunların kimlər olduğunu deyə də bilmərəm. Təbii ki, öz ehtimallarım da var. Amma ehtimallar elə bir şeydir ki, onlar yanlış ola və ayrı-ayrı insanlara qara yaxmış ola bilər. Bu baxımdan mən o dövrdə vəzifələrdəki kimlərin “KQB” casuslarının olması məsələsinə toxunmaq istəmirəm. Amma belə casuslar var idi. Yenə deyirəm, bunu mənə bir əməliyyatçı hissiyyatım deyirdi. Bir çox məsələlərdə kimlərinsə davranışlarının məntiqə uyğun olmadığını görürdüm. Görürdüm ki,  həmin davranışlar müstəqil dövlətin rəhbərlərinin, yaxud hər hansı yüksək vəzifə tutan rəsmilərinin vəzifə borcuna uyğun deyil. Nəticə, dediyim kimi, göz qabağındadır.  Və hətta Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bir məhkəmə işi keçirildi və məlum oldu ki, “KQB” arxivləri qanunsuz olaraq açılıbdır. Və o istintaqa həmin dövrdə milli təhlükəsizlik nazirinin müavini olmuş Sülhəddin Əkbəri cəlb etmişdilər. Yəni baxın, Heydər Əliyev hakimiyyətə gələndə məhz bu məsələni araşdırdı ki, niyə “KQB” arxivləri açılıbdır. Ona görə ki, mənim bildiyim qədər Azərbaycan parlamentinin “KQB” arxivlərinin möhürlənməsi haqda qərarı olmuşdu.  Amma bu qərar AXC dönəmində verilmişdi. Və həmin hakimiyyətin kifayət qədər yüksək rəsmiləri də gedib o arxivləri möhürləmişdilər. Sadəcə söhbət  sonradan bir sıra rəhbər şəxslərin həmin arxivlərə giriş edib, bəzi sənədlərə baxmasından gedirdi. Hadisələr belə olmuşdu...
Bir daha təkrar edirəm, “KQB” arxivləri hökmən açılmalıydı və elə bu günün özündə də açılmalıdır. Və Azərbaycan xalqı öz tarixində baş vermiş hadisələri bilməlidir. Kim agent olub, kim agent olmayıb məsələsinə gələndə, bilirsiz, mən bu barədə sosial mediada da fikirlərimi bölüşmüşəm. Artıq hər kəs öz davranışıyla göstəribdi ki, kimin nədən qorxacağı, nədən çəkinəcəyi məqamlar var.  Başa düşən, situasiyanı duyan insanlar üçün heç arxivlərin açılmasına da ehtiyac yoxdur, hər şey açıq-aydın görünür. Sizə təəccüblü gəlmirmi ki, Elçibəy hökumətində yüksək vəzifələrdə təmsil olunmuş şəxslərin xeyli hissəsi, mən deyərdim ki, əksəriyyəti son 33 ildəki hakimiyyətlərə loyallıq nümayiş etdiriblər. Bunun səbəbləri olmalıdır. Bunun məntiqi olmalıdır. Hardadır məntiq? Və biz görürük ki, burada məntiq ən azı o görünən məsələlərdə görünmür...”
 
-Bəs doğrudanmı imperiya arxivləri açılsaydı, doğrudanmı sonrakı ilıərdə bir çox faciələr başımıza gəlməzdi? Bəlkə heç torpaqlarımızın da işğalı o miqyasda baş tutmazdı? Ölkədə korrupsiya şəbəkəsi də bu qədər şaxələnməzdi?
 
(Davamı olacaq)
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər