Ekskluziv
1340
10 Feb 2025 | 17:15

"Gəlin, Qəzzaya böyük bir daşınmaz əmlak obyekti kimi yanaşaq və onu tədricən inkişaf etdirək" - Tramp

 
"Qəzzada yaşayan fələstinlilərə oraya yenidən qayıtmasına icazə vermək böyük səhv olardı..."
 
ABŞ prezidenti Donald Tramp Qəzza bölgəsinin bərpası ilə bağlı planı haqqında danışaraq, ona "böyük bir daşınmaz əmlak obyekti" kimi baxdığını deyib.
 
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
 
"Mən hesab edirəm ki, insanlara- Qəzzada yaşayan fələstinlilərə yenidən oraya qayıtmağa icazə vermək böyük səhv olardı. Biz HƏMAS-ın geri dönməsini istəmirik. Buna böyük bir daşınmaz əmlak obyekti kimi baxın", - Tramp deyib.
 
"ABŞ ona sahib olacaq və biz onu tədricən, heç bir yerə tələsmədən inkişaf etdirəcəyik. Tezliklə biz Yaxın Şərqə sabitlik gətirəcəyik", -  Tramp "Air Force One" prezident təyyarəsində ABŞ futbol çempionatının final oyununa (Super Bowl) uçmazdan öncə bildirib.
 
BMT Qəzza bölgəsindəki ciddi dağıntıların miqyasını dəyərləndirib, binaların 90 faizi ya zədələnib, ya da tamamilə dağıdılıb. Həmçinin, əhalinin 90 faizi öz evlərini tərk etməyə məcbur olub, sakinlərin bir hissəsi bir yerdən digərinə köçmək məcburiyyətində qalıb.
 
Keçmiş daşınmaz əmlak maqnatı olan Tramp Qəzzanı "söküntü zonası" adlandırıb və bildirib ki, "buranı yerlə-yeksan edib yenidən qurmaq lazımdır". O, bir daha Yaxın Şərq ölkələrinə müraciət edərək, fələstinliləri "gözəl yerlərdə" məskunlaşdırmağı təklif edib.
 
Bundan öncə İsrail baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransında Tramp bildirib: "ABŞ Qəzza bölgəsini nəzarətə götürəcək və orada işlər aparacaq". Onun sözlərinə görə, "nəticədə bura yeni bir Rivyera olacaq".
 
Netanyahu Trampın planını "inqilabi və yaradıcı baxış" adlandırıb. Lakin İordaniya və Misir fələstinliləri qəbul etməkdən qəti şəkildə imtina edərək, bu cür planlara qarşı etirazlarını bildirib. İordaniya kralı II Abdullah yaxın günlərdə Ağ Evə səfər edəcək və Tramp ilə bu məsələni müzakirə edəcək.
 
Bu arada Trampın milli təhlükəsizlik müşaviri Mayk Uolts Trampın planının bu mövzuda digər regional oyunçularla danışıqlara başlamaq üçün ilk addım ola biləcəyini bildirib. "Əgər bu planı bəyənmirsinizsə, danışıqlar masasına oturub öz təklifinizi verin", - Uolts NBC kanalında çıxışı zamanı vurğulayıb.
 
"The Jerusalem Post" nəşri yazır ki, Netanyahu Trampın təklifinin ABŞ Konqresi tərəfindən dəstəklənməsinə çalışır. O, bu məqsədlə ötən həftə Vaşinqtonda bir sıra görüşlər keçirib. İsrail baş nazirinin müşavirləri isə ABŞ mediası ilə fəal işləyərək, Qəzza sakinlərinin köçürülməsi ideyasını təbliğ etməyə çalışır.
Link kopyalandı!
Son xəbərlər