“Qəzzalıların köçürülməsi haqda bu plan da bir populist çağırış kimi qalacaq...”
Ekskluziv
488
18:38, Bu gün

“Qəzzalıların köçürülməsi haqda bu plan da bir populist çağırış kimi qalacaq...”

“Onun bu məntiqsiz və ədalətsiz layihəsinin baş tutacağına o qədər də inanmıram.  Və bu münaqişəyə yalnız müstəqil Fələstin dövlətinin yaradılmasıyla son verilə bilər”,
 
“Əvvəla, İsraillə “HƏMAS” arasında atəşkəs sazişi bağlandıqdan sonra hər iki tərəfdəki əsirlərin geri qaytarılması prosesinin davam etdiyi bir müddətdə ABŞ prezidenti Donald Trampın qəzzalıların köşürülməsi haqda bəyanatlar verməsi, zənnimcə, çox yersiz, ədalətsiz və məntiqsiz davranışdır. Onu deyim ki, həmin bəyanat İsrail baş naziri Benyamin Netanyahunun Vaşinqton səfərindən sonra daha güclü şəkildə gündəmə oturdu. Düzdü, belə fikirlər Trampın birinci prezidentliyi dövründə də səslənirdi. Amma o zaman əksər ərəb dövlətləri ilə İsrail arasında yumşalma prosesi baş verirdi, “İbrahim anlaşmaları” deyilən bir razılaşma imzalanmışdı”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında ABŞ lideri Donald Trampın Qəzzadakı ərəbləri Misir, İordaniya və s. ölkələrə köçürmək və həmin ərazini Amerikanın nəzarətinə vermək barədəki layihəsinə münasibət bildirərkən beynəlxalq məsələlər üzrə analitik Teymur Qasımlı dilə gətirib.
 
“Trampın budəfəki  Qəzza bəyanatını da populist bir çıxış kimi qiymətləndirirəm. Onsuz da bir çox ərəb dövlətləri buna qarşı çıxır. Mənim üçün maraqlı bu məsələ ilə bağlı İordaniya ətrafında baş verənlərdir. Ümumiyyətlə, son dövrdə bu ölkənin gündəmində ziddiyyətli hadisələr baş verir. Trampın qəzzalıların köçürülməsi və həmin ərazini Amerikanın nəzarətinə verilməsi planını ümumi olaraq qəbul etmirəm. Və ümid edirəm ki, bu plan da bir populist çağırış kimi qalacaq və həyata keçirilməyəcək. Bununla belə, hesab edirəm ki, hazırkı ABŞ və İsrail liderlərinin müəyyən danışıq, alış-veriş masası baş tutub. Amma bu sövdələşmələr həyata keçənədək Netanyahunun hakimiyyətdə qalıb-qalmayacağı bilinmir. Çünki onun İsrail daxilində də əleyhdarları kifayət qədərdir. Təəssüf ki, dünya güclülərin əlindədir və kimin gücü nəyə çatır, edir. Buna da rəğmən, yenə deyirəm, Trampın bu məntiqsiz və ədalətsiz layihəsinin baş tutacağına o qədər də inanmıram.  Və bu bu münaqişəyə yalnız müstəqil Fələstin dövlətinin yaradılmasıyla son verilə bilər”, - deyə davamında analitik bildirib.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər