"Bu qərar Ukrayna dövlətçiliyi, demokratik dəyərlər və Qərbə inteqrasiya kursuna ciddi zərbə vura bilər..."
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin dayandırılması Ukrayna və Rusiyadakı müstəqil media qurumlarını maliyyəsiz qoyub.
Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazır.
Qeyd edilir ki, USAID əsasən humanitar və tibbi yardımları ilə tanınsa da, onun vəsaitləri jurnalistikanın dəstəklənməsi üçün də istifadə olunub.
"Rusiya və Ukraynadakı müstəqil KİV-lər hökumətlərini tənqid edərək alternativ məlumatlar təqdim edib. Lakin onların əksəriyyəti ABŞ-ın qrantlarına arxalanıb," - məqalədə deyilir. USAID-in dondurulmasından sonra bəzi təşkilatlar artıq bir neçə həftə ərzində işçi ixtisarına və ya tamamilə bağlanmağa məcbur olacaqlarını bəyan edib".
Məqalədə vurğulanır ki, Ukraynadakı müstəqil media qurumları artıq 3 ildir ki, çətinliklə ayaqda qalır. Rusiyanın tammiqyaslı işğalı onların reklam gəlirlərini kəskin şəkildə azaltdığından fəaliyyətlərini davam etdirmək üçün beynəlxalq yardımlara müraciət etməli olub.
"Detector Media"-nın rəhbəri Nataliya Lıqaçovanın fikrincə, Ukraynada xarici qrantlar alan media təşkilatlarının "50 faizdən çoxu" ABŞ-ın yardımına ehtiyac duyur.
"Deyə bilərəm ki, bu, təkcə Ukrayna üçün deyil, həm də ABŞ üçün çox vacibdir. Çünki məhz müstəqil media Ukraynada demokratiyanın və plüralizmin mövcudluğunu təmin edir. Ümid edirik ki, Tramp beynəlxalq dəstək proqramlarını bərpa edəcək, çünki onun mübarizəsi azad mediaya deyil, bürokratik aparata qarşıdır", - Lıqaçova bildirib.
"Detector Media" daha öncə xəbərdarlıq etmişdi ki, USAID-in bağlanması Ukraynanın dövlətçiliyinə, demokratik dəyərlərinə və Qərbə inteqrasiya kursuna ciddi zərbə vura bilər.
Ukraynalı araşdırmaçı jurnalist Denis Biqus da USAID qrantlarının onun təşkilatının layihələrinin üçdə ikisini maliyyələşdirdiyini və işçi ixtisarlarının gözlənildiyini bildirib.
Məqalədə qeyd olunur ki, USAID qrantları Rusiya müxalifət mediası və "sürgündə fəaliyyət göstərən" media qurumları üçün də əsas maliyyə mənbəyi olub. Vaşinqton bu qrantları Rusiyada müharibə və siyasi hadisələrlə bağlı alternativ informasiyanın yayılmasını təmin etmək məqsədilə ayırıb.
Rusiyalı müxalifətçi Andrey Pivovarov bildirib ki, USAID-in bağlanması müstəqil Rusiya mediasına və ictimai layihələrə ciddi təsir edib:
"Bu qərar Rusiya KİV-lərinin böyük hissəsinə toxunub. Bəzi layihələr dayandırılır, tədbirlər ləğv edilir. Yaxın gələcəkdə bu, təkcə tədbirlərin ləğvi ilə bitməyəcək, bir sıra layihələr də bağlanacaq". Onun sözlərinə görə, Rusiyada USAID-in bağlanmasının nəticələri hamı tərəfindən müzakirə edilir, lakin bu barədə açıq danışan çox azdır.
Tramp USAID-in ləğvini tələb edir
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp USAID-in bağlanmalı olduğunu bəyan edib. O bildirib ki, agentlikdə korrupsiya "misli görünməmiş səviyyəyə" çatıb və vəsaitlərin bir hissəsi dələduzluq yolu ilə xərclənir:
"USAID radikal solçuları dəli edir, amma onlar bunun qarşısını ala bilmir. Çünki pulların necə xərcləndiyi tamamilə qeyri-şəffafdır və bu vəsaitlərin əhəmiyyətli hissəsi dələduzluq yolu ilə mənimsənilir. Korrupsiya görünməmiş səviyyəyə çatıb. Bağlayın onu!" - Tramp bildirib.
Bundan öncə "Reuters" agentliyi yazıb ki, Tramp administrasiyası USAID-in işçi sayını 10 mindən 300 nəfərə qədər azaltmağı planlaşdırır.