"Trampın sərəncamı ədalətin müstəqil və qərəzsiz fəaliyyətinə zərbə vurmaq cəhdidir..."
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ABŞ prezidenti Donald Trampın məhkəmə əməkdaşlarına qarşı fərdi sanksiyalar tətbiq edən sərəncamına cavab olaraq Roma Statutunun 125 üzv dövlətini Trampa qarşı "vahid müqavimət göstərməyə" çağırıb.
Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co" nəşri yazıb.
"Məhkəmə öz əməkdaşlarının yanında möhkəm dayanır və dünyada milyonlarla günahsız qurban üçün ədalət və ümid gətirmək missiyasını davam etdirmək niyyətindədir", - BCM-in cavab bəyanatında deyilir.
BCM Trampın sərəncamını "ədalətin müstəqil və qərəzsiz fəaliyyətinə zərər vurmaq cəhdi" kimi pisləyib. "Roma Statutunun 125 üzv dövlətini, vətəndaş cəmiyyətini və bütün dünyadakı xalqları ədalət və fundamental insan haqları naminə vahid cəbhə yaratmağa çağırırıq", - BCM bəyan edib.
Tramp öz sərəncamında ABŞ-ın bütün müttəfiqlərini onu dəstəkləməyə və BCM ilə, xüsusilə istintaqlar ABŞ və İsrailə toxunduqda, əməkdaşlıq etməməyə çağırıb. Lakin Avropadan gələn ilk reaksiyalar ABŞ prezidentinin əleyhinə olub.
Almaniya kansleri Olaf Şolts Trampın sərəncamını pisləyərək bildirib ki, BCM-ə qarşı sanksiyalar "bu institutun nüfuzuna zərbə vurur və diktatorların insanları təqib etməsinin və müharibələr başlatmasının qarşısını almaq üçün yaradılmış bir quruma mane olur".
Böyük Britaniyanın baş naziri Kira Starmerin mətbuat katibi isə sorğuya cavab olaraq bildirib ki, sanksiyalar "ABŞ-ın daxili məsələsidir", lakin Britaniya "BCM-in müstəqilliyini dəstəkləyir".
Avropa Komissiyasının sədri Ursula fon der Lyayyen BCM-in "bütün dünyada qurbanların səsini ucaltdığını" və "qlobal cəzasızlıqla mübarizəni sərbəst aparmaq imkanına sahib olmalı olduğunu" vurğulayıb.
"Reuters" agentliyinin məlumatına görə, Fransa, Almaniya və Britaniya da daxil olmaqla 79 ölkə Trampın sanksiyalarına cavab olaraq BCM-ə "sarsılmaz dəstək" verdiklərini bildirən birgə bəyanat yayımlayıb.
Roma Statutuna qoşulmuş ölkələr arasında yalnız Macarıstan baş naziri Viktor Orban Trampı açıq şəkildə dəstəkləyib. Avstraliya, İtaliya və Çexiya hökumətləri hələ ki, birgə bəyanata qoşulmayıb və bu mövzuda susur.