“Bilirəm ki, yeni Ağ Ev administrasiyasıyla təmaslar mövcuddur və biz həmin təmasların nəticələrini qısa bir müddətdə görəcəyik...”
“Mən Trampın siyasi-ideoloji mövqeyini ənənəvi konservativ qüvvələrin mövqeyinə bənzəyən bir mövqe adlandırardım. Onun opponentləri olan neoliberallarla hansısa şəkildə qarşıdurması var. Və neoliberlallar üçün hansısa prinsiplər dövlətlərin suveren hüquqları və milli maraqlarından üstündür. Bu mənada Trampın da konseptual baxışı ondan ibarətdir ki, mən ABŞ prezidenti olaraq ilk növbədə öz dövlətimin maraqlarını müdafiə etməliyəm. Bu cür mövqelər Azərbaycana və onun dövlət başçısına da məxsusdur; istənilən beynəlxalq fəaliyyət, yaxud daxili siyasətin hansısa amillərini götürsək, onların əsas məqsədləri dövlətçiliyin güclənməsi, indiki gərgin geo-siyasi vəziyyətdə dövlət qarşısında, xalq qarşısında lazımi məqsədlərə nail olmaq və dövlətin, xalqın gücünü bu istiqamətdə səfərbər etmək, dövlətin maraqları üstün olmaqla ilk növbədə öz maraqları naminə dünya gücləri ilə münasibətlər qurmaq. Bu baxımdan Trampın mövqeləri ilə Azərbaycan rəhbərliyinin mövqeləri arasında yaxınlıq, əlbəttə, var”.
Sabiq baş diplomat Tofiq Zülfüqarov bu fikirləri Moderator.az əməkdaşının “Prezident İlham Əliyevin də ailə dəyərləri baxımından ökəmizə yaxın hesab etdiyi Donald Trampın hakimiyyətə gəlməsindən sonrakı qısa müddətdə Azərbaycana qarşı beynəlxalq münasibətdə hansısa dəyişiklikləri hiss edilirmi?” sualını cavablandırarkən dilə gətirib.
“Eyni zamanda hesab edirəm ki, sözügedən konseptual mövqeyi bölüşdürən bir çox digər dövlətlər də vardır. Və biz görürük ki, hakimiyyət başına gələndən sonra Trampın ilk addımları həm tənqid, həm də təqqdir olunur. Amma ümumiyyətlə, yeni ABŞ prezidentinin başlatdığı siyasətin hansısa nəticələrindən danışmaq hələ tezdir”, -deyə davamında siyasi şərhçi bildirib.
“Deməli, konkret olaraq Azərbaycana beynəlxalq münasibətdə yeniliklər hələ də hiss olunmur?” sualına isə keçmiş xarici işlər naziri belə cavab verib:
“Azərbaycana münasibətdən danışarkən biz ilk növbədə baxmalıyıq ki, Birləşmiş Ştatların dövlət olaraq regiondakı maraqları nədən ibarətdir və həmin maraqların ödənilməsində ölkəmiz, dövlətimiz hansı rol oynaya bilər. Biz görürük ki, Azərbaycan kommunikasiya baxımından çox strateji bir mövqedədir. Və bizdən şimalda münaqişə var- Rusiya-Ukrayna müharibəsi gedir. Rusiya ilə münasibətlər heç də sadə deyil. Cənubda isə qonşumuz İrandır. Biz regionda yeganə dövlətik ki, qonşularımız həm Rusiya, həm də İrandır... ABŞ isə açıq şəkildə bəyan edir ki, onun üçün əsas strateji əhəmiyyət kəsb edən Mərkəzi Asiya ölkələridir. Buna səbəb odur ki, həmin ölkələrin Çinlə münasibətləri planetin o bölgəsi üçün strateji əhəmiyyət daşıyır. Və əgər belədirsə, Cənubi Qafqazda da Azərbaycan və Gürcüstan unikal bir xüsusiyyətə sahibdirlər. Çünki Çindən Qərbə gedən yolun Şərqində Azərbaycan, qərbində isə Gürcüstandır. İndi əgər Ermənistan bu layihələrə qoşulmaq istəsə, o da burada hansısa yer tuta bilər. Amma nə qədər ki, Azərbaycanla konfrontasiya şəraitindədir buna nail ola bilməyəcək. Və hesab edirəm ki, gələcəkdə Qərbin və konkret Amerikanın Azərbaycana münasibəti əsasən bu tezislər üzərində qurulacaq...
İranı da yaddan çıxarmayaq. Çünki İranın da həm İsraillə, həm Avropa ilə, həm də ABŞ ilə çoxsaylı problemləri var. Azərbaycan da bununla bağlı müəyyən proseslərdə bu və ya digər rol oynaya bilər. Ən azı danışıqlar, kommunikasiyalar üçün hansısa əlaqələrin qurulmasında... Yəni bu baxımdan da biz hazırda çox unikal bir mövqedəyik. Azərbaycan-İsrail əməkdaşlığı və Amerikanın bu sahədə İsrailə dəstəyi və Azərbaycanın regional və qlobal projelərə qoşulması...
Ənəvi olaraq geopolirik baxımdan bir NATO ölkəsi kimi Türkiyə ilə də əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Və bu da Azərbaycan üçün üstün amillərdən biridir... Yəni potensial olaraq bizim maraqlarımız geo-siyasi xüsusiyyətlərimiz Rusiya, İran, Çinlə yanaşı ABŞ üçün də maraqlıdır. Bu baxımdan söhbətimizin əvvəlində Azərbaycanın xarici siyasətinin qeyd etdiyim əsas məqsədlərini nəzərə alaraq çox aktiv siyasət aparmaq üçün potensial imkanlarımız mövcuddur. Və bu işlər artıq icra olunur. Mən bilirəm ki, yeni Ağ Ev administrasiyasıyla təmaslar mövcuddur və biz həmin təmasların nəticələrini qısa bir müddətdə görəcəyik...”
Sultan Laçın