Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyənin ən böyük və köklü universitetlərindən olan Qazi Universitetində Azərbaycan dili üzrə kurslar fəaliyyətə başlayacaq.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən Xalq şairi Sabir Rüstəmxanlı bunu ana dilimizin və mədəniyyətimizin təbliği baxımından mühüm yenilik kimi dəyərləndirib:
“Təbii ki, belə bir addımın atılması təqdirəlayiqdir.
Bu gün türk dövlətləri arasında çox sıx münasibətlər formalaşıb. Türk Dövlətləri Təşkilatı aktiv şəkildə fəaliyyət göstərir ki, bu da türk dünyasının birlik, bərabərlik istəyindən irəli gəlir. Gələcəkdə türk dövlətləri bir sıra istiqamətlərdə öz güclərini birləşdirə bilər ki, bu da daha güclü türk dünyası deməkdir. Vahid ordu, vahid gömrük, ümumi iqtisadi məkan və s. kimi məsələlərdə bu cür addımların atılması mümkündür. Bu səbəbdən də türk dnyasının birliyinə, türk xalqlarının mədəni-mənəvi yaxınlığına xidmət edən hər bir addım yüksək qiymətləndirilməlidir.
Türkiyədə Azərbaycan dili kurslarının yaradılması alqışlanmalıdır. Dilimizin Türkiyədə öyrədilməsi, bu əsnada Azərbaycan mədəniyyətinin, Azərbaycanın görkəmli şəxsiyyətlərinin tanıdılması vacib və faydalı bir addımdır.
Türkiyədə 85 milyon insan yaşayır ki, onların arasında azərbaycanlılar da çoxdur. Bu, dilimizin həm Türkiyə türkləri, həm də Azərbaycan əsilli soydaşlarımız arasında təbliği baxımından son dərəcə faydalıdır.
Mən buna görə Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür edir, uğurlar arzulayıram”.
Seymur ƏLİYEV