Bu şeir Azərbaycan və Özbəkistan xalqlarının əbədi dostluq və qardaşlığına həsr olunur
Oxuyub vərəqlədim mən tarixini,
Araşdırıb öyrəndim bu türk elini.
Axı necə sevməyim şirin dilini?
Yaxşıca anlayırıq bir-birimizi.
Döyünən qəlbidir o Türküstanın,
Tarixi qədimdir Özbəkistanın.
Bəxş etmiş cahana neçə dahilər,
Alimlər, təbiblər, mütəfəkkirlər.
Elmə töhfə vermiş o şəxsiyyətlər,
Sinalar, Nəvailər, Əl Birunilər.
Mədəniyyəti zəngindir qardaş diyarın,
Tarixi qədimdir Özbəkistanın.
İgidləri tarix yazıb qılınclarıyla,
Vətənini qoruyub öz canlarıyla.
Hər biri qürur duyur özbək adıyla,
Əmir Teymuruyla, babalarıyla.
Ərənləri ad qoyub ulu diyarın,
Tarixi qədimdir Özbəkistanın.
Gəz, dolan, seyr elə şəhərlərini,
Görərsən o zaman gözəlliyini.
Fərqanə, Buxara, Xivə, Səmərqənd,
İnsanı valeh edir möhtəşəm Daşkənd.
Hər daşı tarixdir doğma diyarın,
Tarixi qədimdir Özbəkistanın.
Anar Əhmədov
DİN-nin Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru, mayor