“Məni teatrdan çıxarıblar, amma foyedən asdıqları portretimlə tamaşaçı yığırlar” - İDDİA+ÖZƏL
Ekskluziv
423
20:51, Bu gün

“Məni teatrdan çıxarıblar, amma foyedən asdıqları portretimlə tamaşaçı yığırlar” - İDDİA+ÖZƏL

“Mənim kimi aktyor bu gün evdədir. Teatrdan məni təqaüdə göndərdilər. Aktyor təqaüdə getməməlidir, aktyorun cənazəsi teatrın səhnəsindən götürülməlidir. Amma bizim teatra yeni direktor gələn kimi dedi ki, get təqaüdə. Mən özüm iki teatrda direktor və bədii rəhbər işləmişəm. Təzə gələn direktor da bilir ki, mən idarəçiliyi bacarıram, mənə bir söz desə cavab qaytara bilərəm. Çünki özümə də, sənətimə də, istedadıma da güvənirəm. Bütün bunlardan sığortalanıb, məni teatrdan çıxartdı” Bunu Moderator.az-a açıqlamasında xalq artisti Tariyel Qasımov deyib. O daha sonra bildirib ki, onun portreti hələ də teatrın foyesindədir:
 
“Bununla bağlı qətiyyən Mədəniyyət Nazirliyinə müraciət etməmişəm. Mənim portretim bizim teatrın foyesində birinci yerdədir. Hələ də götürməyiblər. İnzibatçıya dedim ki, mənim portretimi özümə verin. Dedi ki, verə bilmərik, bütün tamaşaçılar gələndə görür ki, sizin portretiniz burdadır, sizin tamaşalarınızı maraqlanırlar. Tamaşaçı da elə bilir ki, mən teatrda işləyirəm. Şəklimdən istifadə edib tamaşaçı yığırlar. Ona görə də portretimi götürmürlər. Bəhanə də gətirirlər ki, bu şəkil teatrın hesabına çəkilib. Şəklimdən istifadə edənə qədər elə mənim özümdən istifadə et də” deyə xalq artisti Tariyel Qasımov bildirib. 
Aktyor teatra qayıtmaq istəyini də bildirib:
 
“Ziyalılarımız teatrımızın, kinomuzun bu günündən danışıb təəssüflənirlər. Onlar bu mövzu haqda kəskin danışırlarsa, indi görün mən nə vəziyyətdəyəm?! Bu işə Mədəniyyət Nazirliyi baxmalıdır, göstəriş verməlidir. Məsləhət görsələr, dəvət etsələr böyük məmnuniyyətlə teatrda işləyə bilərəm. Bu qanun varsa hamı üçün olsun. Digər teatrlarda mənimlə eyni yaşda olan sənətkarlar çalışırlar. Mənim nə əlim əsir, nə danışığım qüsurludur, nə də gözüm zəif görür. Nə olsun ki, 86 yaşım var? Mən özümü 15 yaşındakı oğlan kimi hiss edirəm” deyə sənətkar bildirib.
 
Xalq artistinin iddiaları ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Link kopyalandı!
Son xəbərlər