Elxan Şahinoğlu: “Paşinyanın Vaşinqtondakı görüşlərdən real nəticə əldə edəcəyini söyləmək mümkün deyil”
Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-a səfər əsnasında bu ölkənin vitse-prezidenti Ceyms Devid Venslə görüşüb, Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.
Maraqlıdır, Paşinyanın ABŞ səfəri bölgəyə nə vəd edir? Bu səfər nəticə və mahiyyət etibarilə bölgədə sülh, yoxsa gərginlik üçün zəmin yaradacaq?
Moderator.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın yeni administrasiyası ilə yaxınlaşmanın yollarını arayır. O ABŞ-da dini bir konfransa qatılsa da, Vaşinqtonda rəsmilərlə görüşməyə calışıb. Paşinyan yalnız konfransda iştirakla kifayətlənsəydi, bu, onun ABŞ-a səfərinin nəticəsiz qalması kimi qiymətləndiriləcək və buna görə müxalifət onu tənqid edəcəkdi. Buna görə də Paşinyan çox çalışıb ki, Vaşinqtonda rəsmilər və konqresmenlərlə görüşsün.
Konqresmenlər arasında o ilk növbədə ermənipərəst Frnek Pallone ilə görüşüb. Aydındır ki, ABŞ Prezidenti Donald Tramp Nikol Paşinyanla görüşməyəcəkdi. Belə olan halda ABŞ-ın vitse-prezidenti Ceyms Vens onu qəbul edib. Ancaq görüşün uzun çəkdiyini söyləmək mümkün deyil.
Nikol Paşinyan Bayden administrasiyası ilə olduğu kimi, Tramp administrasiyası ilə sıx əməkdaşlığa ümid edir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan keçmiş dövlət katibi Entoni Blinkenlə strateji tərəfdaşlıq haqqında sazişə imza atmışdı. Paşinyan ümid edir ki, yeni admisitrasiya da bu sazişə sadiq qalacaq. Paşinyan təhlükəsizlik sahəsində Vaşinqtondan dəstək gözləyir. Trampın ətrafında bir neçə ermənpərəst var. Onlar Trampa məsələhət görə bilərlər ki, ABŞ Ermənistana siyasi, iqtisadi və hərbi dəstəyini davam etdirsin. Trampın buna marağı olacağını zənn etmirəm. Tramp ticarətçidir, ölkəsinə qazanc gətirən dövlətlərlə əməkdaşlıq etmək istəyir. Ermənistana pul xərcləmək isə Trampın baxışlarına ziddir. Ona görə də Paşinyanın Vaşinqtondakı görüşlərdən real nəticə əldə edəcəyini söyləmək mümkün deyil. Buna baxmayaraq, Nikol Paşinyan və onun hökumət üzvləri Tramp administrasiyasının müxtəlif üzvləri ilə təmaslarını davam etdirməyə çalışacaqlar”.
Seymur ƏLİYEV