Ekskluziv
307
15:37, Bu gün

"ABŞ Kremlə yaxın olan rusiyalı oliqarxlarla daha mübarizə aparmayacaq" - "Reuters"

 
"Hal-hazırda sanksiyaların tətbiqi və oliqarxların aktivlərinin müsadirə olunmasına yönəldilən resurslar kartellərlə mübarizəyə yönəldiləcək..."
 
ABŞ Ədliyyə Nazirliyi Rusiyaya qarşı tətbiq edilən sanksiyalara riayət olunmasını təmin edən və Kremlə yaxın oliqarxların təqibi ilə məşğul olan işçi qrupunu ləğv edir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat verib.
 
Məlumatda deyilir ki, Baş Prokuror Pem Bondinin əvvəllər ictimaiyyətə açıqlanmayan xidməti qeydinə əsasən, "KleptoCapture Operativ Qrupu" kimi tanınan bu işçi qrupu ləğv ediləcək. Hazırda oliqarxların aktivlərinin müsadirə olunmasına və sanksiyaların tətbiqinə yönəldilmiş resurslar kartellərlə mübarizəyə yönləndiriləcək.
 
"Demokrat prezident Co Bayden administrasiyası dövründə başlanan bu səylər Rusiya dövlət başçısı Vladimir Putinin varlı tərəfdarlarının maliyyə imkanlarını məhdudlaşdırmaq və sanksiya rejiminin, eləcə də ixrac nəzarətinin pozulmasına töhfə verənləri cəzalandırmaq məqsədi daşıyıb. Bu, Rusiyanı dünya bazarlarından sıxışdırmaq və Moskvaya qarşı beynəlxalq qınaq fonunda tətbiq edilən genişmiqyaslı sanksiyaların icrasını təmin etmək üçün daha geniş tədbirlərin bir hissəsi olub", - agentlik izah edir.
 
İşçi qrupunun araşdırdığı işlərin bağlanacağı ehtimal olunmur. Lakin fəaliyyət artıq Ədliyyə Nazirliyinin baş qərargahında cəmlənməyəcək. "Biz birdən sanksiya altında olan oliqarxların sərvətində böyük artım görəcəyikmi? Mən belə düşünmürəm. Ancaq görəcəyiniz şey Rusiya ilə spesifik əlaqəsi olan vasitəçilərə qarşı irəli sürülən ittihamların sayında kəskin azalma olacaq", - bu dəyişiklikləri ilk işçi qrupunun rəhbəri, hazırda "Steptoe" hüquq firmasının əməkdaşı Endryu Adams şərh edib.
 
İşçi qrupuna təyin olunmuş prokurorlar əvvəlki vəzifələrinə qayıdacaq. Dəyişikliklər ən azı 90 gün qüvvədə olacaq, lakin onların uzadılması və ya daimi edilməsi ehtimalı var.
 
Rusiyaya qarşı sanksiyalar
 
Finlandiya xarici işlər naziri Elina Valtonen bildirib ki, Rusiya iqtisadiyyatı iflas həddindədir. O, vurğulayıb ki, Qərb Ukraynanın sülh sazişi bağlaması üçün daha yaxşı mövqe əldə etməsini təmin etmək üçün Rusiyaya qarşı sanksiyaları gücləndirməlidir.
 
Diqqətəlayiqdir ki, Ukraynaya qarşı törədilən müharibə başa çatdıqdan sonra belə Rusiyanın iqtisadi vəziyyəti pisləşə bilər. "Business Insider" nəşrinin yazdığına görə, Moskva bir sıra iqtisadi problemlərlə üzləşib və onların həlli müəyyən vaxt tələb edə bilər.
Link kopyalandı!
Son xəbərlər