“Putin Əsədi keçmiş terrorçu Əhməd əş-Şaraaya təhvil versə, getsin özün assın...”
Ekskluziv
608
06 Feb 2025 | 21:21

“Putin Əsədi keçmiş terrorçu Əhməd əş-Şaraaya təhvil versə, getsin özün assın...”

“Çünki o halda Rusiyanın bir qara qəpiklik də hörməti qalmayacaq...”
 
Xəbər verildiyi kimi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovun başçılıq etdiyi nümayəndə heyəti yanvarın 28-də Suriyaya səfəri zamanı Suriya lideri Əhməd əl-Şaraa ilə görüşüb. Bəzi aparıcı dünya agentliklərinin məlumatına görə, danışıqlar zamanı Əhməd əl-Şaraa Rusiyadan keçmiş prezident Bəşər Əsədi yerli hakimiyyətə təhvil verməyi tələb edib. Hələki nə Suriya, nə də Rusiya tərəfi məsələ haqda rəsmi münasibət bildirməyib.
Bəs görəsən, Suriyadakı digər maraqlarını təmin etmək xatirinə Rusiyanın Bəşər Əsədi rəsmi Dəməşqə təhvil verməsi mümkündürmü?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bunları söyləyib:
 
“Zahirən ədalətli tələbdir. Bəli, Bəşər Əsəd diktatordur, xalqa, vətəndaşlara zülm edib, sonda da devrilib və Suriya xalqının, dövlətinin külli miqdarda pulunu götürüb aparıb Putinə. Amma təəssüf ki, indiki dünyada ədalətli tələblər çox vaxt həyata keçmir. Bir çox məsələlər dövlətlərin siyasi maraqlarına uyğun olaraq həll edilir.  Əgər Əsəd Rusuyaya sığınıbsa  və əgər Putin Əbu Məhəmməd əl-Culaninin(hazırkı Suriya prezidenti Əhməd əş-Şaraa- S.L.) tələblərini yerinə yetirib Əsədi pullarıyla birgə Suriyaya təhvil versə, onda özü də hakimiyyətini təhvil verib Tuvada, tayqa meşəsində gizlənsə, yaxşıdır. Çünki o halda Rusiyanın bir qara qəpiklik də hörməti qalmayacaq. Düzdü, vaxtilə Rusiya Surət Hüseynov, Rəhim Qazıyev kimiləri Azərbaycana təhvil verib. Amma onlar dünya səviyyəli fiqurlar deyildi, Bəşər Əsəd isə diktator olsa da, dünya siyasətində tanınmış fiqurlarından biri olub. Və hamı bilir ki, Rusiya onun müttəfiqi idi və bu səbəbdən də o, Moskvaya, Putinə sığınıb.  Buna görə də Rusiya dövləti onun həyatına, təhlükəsizliyinə görə məsuliyyət daşıyır. Və yenə deyirəm, əgər Putin Bəşər Əsədi hazırda Suriya lideri olan keçmiş terrorçu Əhməd əş-Şaraaya təhvil versə, getsin özün assın. Onsuz da Rusiya gündən-günə dünyada nüfuzunu, etibarını itirir- bu halda isə lap gözdən düşəcək...”
 
Sultan Laçın 
 
Link kopyalandı!
Son xəbərlər