“Son günlər Rusiyanın bizə münasibətini əks etdirən daha bir məlumat da çox narahatedicidir...”
Ekskluziv
663
14:54, Bu gün

“Son günlər Rusiyanın bizə münasibətini əks etdirən daha bir məlumat da çox narahatedicidir...”

“İran hökuməti Azərbaycanın dəstəyini qazanmağa çalışır. Əsas mahiyyət bundan ibarətdir. Və belə görünür ki, prezident Məsud Pezeşkianın da Bakıya səfəri baş tutacaq və...”
 
"Regiondakı proseslərin nəticəsi daha çox Azərbaycan və Türkiyənin mövqeyindən asılı olacaqdır..."
 
“İranın son günlər Azərbaycanla da yaxınlaşması göstərir ki, bu dövlət  çox çıxılmaz vəziyyətdədir. Bildiyiniz kimi, bu günlərdə Azərbaycan prezidentinin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyev Tehranda səfərdə olub. Hiss olunur ki, orada çox ciddi danışıqlar gedib. Və nələrin müzakirə edilməsindən asılı olmayaraq(söhbət əsasən Şimal-Cənub dəhlizindən, qarşılıqlı etimad mühitinin gücləndirilməsindən gedib) İran hökuməti Azərbaycanın dəstəyini qazanmağa çalışır. Əsas mahiyyət bundan ibarətdir. Və belə görünür ki, prezident Məsud Pezeşkianın da Bakıya səfəri baş tutacaq və burada məsələləri detallarıyla həll etməyə çalışacaqlar”. 
 
Azad Vətən Partiyasının sədri Akif Nağı bu fikirləri son günlər Azərbaycanın şimal və cənib qonşularının ölkəmizlə bağlı yürütdüyü siyasətdən danışarkən ifadə edib. 
 
“Mürəkkəb proseslər gedir.  Azərbaycana qarşı Rusiyadan da təhdidlər var. Və həmin təhdidlərlə Kremlin nəyə nail olmağa çalışması da çox maraqlı bir sualdır... Bir tərəfdən, məntiqlə düşünsək, Rusiya da regionda özünə müttəfiqlər qazanmalıdır. Çünki Rusiya da İran kimi hər yerdən vurulub çıxarılıb və regionda yeganə ümidi  özünə müttəfiqlər tapmaqdır. Bu mənada konkret bizim regiondan danışsaq, Moskvanın ilk növbədə rəsmi Bakıyla münasibətləri normal olmalıdır. Məlumdur ki, Ermənistanla da münasibətləri kəskinləşib”, -deyə davamında partiya sədri bildirib. 
 
“Bəlkə Rusiyanın Amerika ilə müəyyən bir sözləşməsi var ki, yaxın gələcəkdə Ermənistan-Rusiya münasibətləri normallaşacaq və bu səbəbdən Kreml Azərbaycana qarşı belə sərt mövqe sərgiləyir. Başqa səbəblər də ola bilər, amma hələlik aydın deyil. Lakin aydın olan odur ki, şimal qonşumuz tərəfindən ölkəmizə qarşı çox sərt və anlaşılmaz bir mövqe nümayiş etdirilir.  AZAL-a məxsus sərnişin təyyarəmizin vurulması, ondan sonra təhqiqat işlərinə həddindən artıq maneçilik törədilməsi faktını ortalığa qoymaq istəməmələri və s. – bunlar hamısı Azərbaycana qarşı, yumşaq dildə desək, qeyri-dost münasibətidir... 
 
Və son günlər yayılan və Rusiyanın bizə münasibətini əks etdirən daha bir məlumat da çox narahatedicidir. Məlum olub ki, eyni gündə, yəni 2024-cü il dekabrın 25-də Sankt-Peterburqa MDB ölkələrinin qeyri-formal görüşündə iştirak etmək üçün uçan Azərbaycan Prezidentinin təyyarəsi ilə də bağlı oxşar texniki hadisə baş verib - “GPS” sisteminin işi əngəllənib. Təbii ki, bu da təhlükəli bir vəziyyətdir. Yəni bu halda təyyarənin uçuş heyəti hər yandan əlaqə, informasiya blokadasına alınır. Və eyni olay vurularaq faciəyə uğramış təyyarəmizlə baş verib. Yaxşı ki, Prezident təyyarəsinin pilotları düzgün qərar qəbul edərək dərhal geri- Bakıya qayıtmaq haqda qərar veriblər. Yəni bu olayın özü də təsadüfi deyil. Görəsən, Rusiya bununla Azərbaycana nə demək istəyir? Bu kimi çox ciddi suallar yaranır...
 
Və yaranmış vəziyyətdə Rusiya-Amerika yaxınlaşması bəlkə də regionun təsir dairələrinə bölünməsi istəklərindən irəli gəlir.  Amma əgər doğrudan da Rusiya və ABŞ regionda Türkiyə-Azərbaycan faktorunu nəzərə almadan  müəyyən məsələləri həll etməyə çalışırlarsa, yanılırlar və çox ciddi müqavimətlə üzləşəcəklər. Yəni Azərbaycan da onların regionda yalnız öz istəklərinə uyğun siyasət yeritmələrinə imkan verməyəcək.  Azərbaycan yetərincə güclüdür və kifayət qədər güclü müttəfiqləri var.  Ən əsası, Türkiyə Azərbaycanla bir yerdədir.   Hələlik isə Rusiya-İran, eləcə də Amerika-İran münasibətləri hələ tam şəkildə aydınlaşmayıbdır. Hesab edirəm ki, hələ tərəflərdən axtarış və kəşfiyyat addımları atılır. Odur ki, bu saat İrana qarşı birmənalı şəkildə güc tətbiq ediləcəyini də söyləmək tezdir, yaxud Rusiya ilə ABŞ-nin ciddi şəkildə yaxınlaşacağını da demək çətindir. Ancaq onu demək mümkündür ki, regiondakı proseslərin nəticəsi daha çox Azərbaycan və Türkiyənin mövqeyindən asılı olacaqdır”, -deyə sonda Akif Nağı vurğulayıb.  
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər