"Kiyev Kursk vilayətini potensial ərazi mübadiləsi üçün "kozır" kimi saxlayır..."
"Yayda Ukrayna ordusu gözlənilmədən Rusiya Federasiyasının Kursk vilayətinin bir hissəsini ələ keçirdikdən sonra Rusiya prezidenti Vladimir Putin ölkənin Müdafiə Nazirliyi qarşısında əsas vəzifə kimi bu hücumu dəf etməyi qoyub. Artıq altı ay keçib, lakin rusiyalılar hələ də diktatorun tapşırığını yerinə yetirməyə çalışır".
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
"Putinin Ukrayna ordusunu Rusiyanın ərazisindən çıxarmaqda uğursuzluğu əlavə əhəmiyyət kəsb edə bilər, çünki ABŞ prezidenti Donald Tramp müharibəni dayandırmaq üçün saziş bağlanmasına israr edir. Rusiya qüvvələri Ukraynanın şərqində tədricən irəliləməyə davam etdiyi halda, Kiyev Kursk vilayətini mümkün danışıqlarda ərazi mübadiləsi üçün saxlayır", - məqalədə qeyd olunur.
Bundan əlavə, nəşr vurğulayır ki, İkinci Dünya müharibəsindən bəri ilk dəfə Rusiya ərazisinin işğalı Putinin şəxsi uğursuzluğu hesab edilə bilər, çünki onun daxili imici güclü liderlik və milli maraqları qorumaq üzərində qurulub.
"Ümumilikdə, hərbi əməliyyatların effektivliyi gözlənildiyindən aşağıdır. Sistem nə ərazi itkisinə, nə də müharibənin bu qədər uzanmasına hazır olub", - "Sankt-Peterburq Siyasəti" Fondunun rəhbəri Mixail Vinoqradov bildirib.
Bununla belə, nəşr qeyd edir ki, döyüşlər Kursk vilayətinin kiçik bir hissəsini əhatə edir. Lakin təxminən bir milyon əhalisi olan regiona Ukraynanın hücumu rusiyalılar üçün şok effekti yaradıb, müharibənin üçüncü ilində onlar Putinin başlatdığı müharibənin nəticələrini hiss etməyə başlayıb.
Rusiya rəsmilərinin qiymətləndirməsinə görə, Kursk vilayətində təxminən 150 min insan döyüşlər səbəbindən evlərini tərk edib. Dövlətin öz vətəndaşlarını müdafiə edə bilməməsi ilə bağlı narazılıq artır. Xüsusilə, yanvarda Kurskda yüzlərlə insan mitinqə çıxaraq, rəsmilərin köçkünlərin yerləşdirilməsi və ya itkin düşən yaxınlarını tapmaq üçün kifayət qədər tədbir görmədiyindən şikayətlənib.
"Ölkəmiz müharibə şəraitindədir, lakin istər müdafiə mövqeləri, istərsə də məcburi köçkünlər üçün mənzil təminatı baxımından dövlət buna qətiyyən hazır olmayıb", - Ukraynanın işğal etdiyi ərazilərdə itkin düşənlərin axtarışı ilə məşğul olan kursklu fəal və könüllü Vladimir Sinelnikov bildirib.
Londonun "Chatham House" analitik mərkəzinin məsləhətçisi Nikolay Petrov isə Kremlin Kursk vilayətini "milli problem deyil, regional problem kimi" gördüyünü deyib. "Bu o deməkdir ki, tələsməyə ehtiyac yoxdur", - o, izah edib.
Kursk əməliyyatı Rusiyanın Ukraynanın şərqində hücumunu dayandırmasa da, Kreml Ukrayna qüvvələrini regiondan çıxarmaq üçün minlərlə hərbçi göndərib.
"Bütün bunlar Putinə təsir edə bilər, çünki Tramp onu müharibəni bitirmək üçün "razılığa gəlməyə" məcbur edir və imtina edəcəyi təqdirdə yeni "böyük" sanksiyalarla hədələyir", - məqalədə vurğulanır.
Bundan əlavə, Rusiya strategiyasının Ukrayna və ABŞ-a təzyiq göstərmək üçün hücumu davam etdirmək olduğunu açıq şəkildə ifadə edib. Eyni zamanda, rəsmi şəxslər Rusiyanın müharibəni daha iki-üç il davam etdirə biləcəyini bildirir.
"Putin prioritetlərini müəyyən etməli olur, çünki qüvvələri tükənir və o, Kursk vilayətinin qaytarılmasından çox, Ukraynada uğurlar əldə etməyə diqqət yetirir", - Londondakı "Prizma" strateji kəşfiyyat şirkətinin baş analitiki Bota İliyas bildirib.