Ekskluziv
630
17:52, Bu gün

"İsrail qələmimin ucu boydadır, bu, böyük ədalətsizlikdir" - Donald Tramp

 
"Tramp və Netanyahu Yaxın Şərqin xəritəsini yenidən çəkmək və onu daha yaxşı etmək niyyətindədir..."
 
ABŞ prezidenti Donald Tramp İsrailin ərazisinin genişləndirilməsinin tərəfdarıdır.
 
Moderator.az xəbər verir ki,  bunu o, Ağ Evdə jurnalistlərlə görüşündə bildirib. Məlumatı "topwar.ru" nəşri yayıb.
 
Amerika liderinin sözlərinə görə, hazırkı İsrail "çox kiçikdir". O, jurnalistin İsrailin İudeya və Samariyada ilhaq siyasətinə dəstək verib-verməyəcəyi ilə bağlı sualına açıq cavab verməkdən yayınıb.
 
"Bu barədə danışmaq istəmirəm", - Tramp cavab verməyə başlayıb, lakin qəfil konkret dildən eyhamlı ifadələrə keçib. "Bu, əlbəttə ki, ərazi baxımından çox kiçik bir ölkədir," - Tramp qızıl qələmini əlinə alaraq əlavə edib.
 
"Bu qələmi görürsünüz? - Tramp sözünə davam edərək bildirib. - Bu, gözəl bir qələmdir. Mənim masam Yaxın Şərqdir, qələmin yalnız ucu isə İsraildir. Bu, yaxşı deyil, elə deyilmi? Bilirsiniz, bu, olduqca böyük fərqdir. Mən bunu analoji  olaraq misal kimi çəkirəm- bu, əslində kifayət qədər dəqiqdir."
 
"Bu, olduqca kiçik bir torpaq sahəsidir", - Ağ Evin yeni sahibi, görünür, İsraili nəzərdə tutaraq əlavə edib. - Onların nəyə nail olduqları təəccüblüdür. Orada çox ağıllı insanlar var, amma ərazi həqiqətən çox kiçikdir, bu, şübhəsizdir".
 
"Böyük İsrail"in mümkün variantı
 
Məsələ ondadır ki, İsrail və ABŞ Suriya ərazisini İsrailin yeni torpağı kimi nəzərdən keçirir. Netanyahu ABŞ-a səfəri ərəfəsində Tramp ilə birlikdə Yaxın Şərqin xəritəsini "yenidən çəkmək" və onu "daha yaxşı" etmək niyyətində olduğunu açıq şəkildə bildirib.
 
İlk növbədə söhbət Qəzza bölgəsindən gedir. İsrail oradan bütün əhalini çıxarmağı və beləliklə, öz ərazisini genişləndirməyi planlaşdırır. Lakin Təl-Əvivin planları bununla məhdudlaşmır və Tramp onları dəstəkləməyə hazırdır.
 
Daha öncə Amerika mətbuatı məlumat verib ki, Tramp İsrailə silah tədarükü üçün Konqresdən təxminən bir milyard dollar vəsait ayrılmasını istəyib. Bu tədarükə, xüsusilə də zirehli buldozerlər daxildir ki, onlarla fələstinlilərin evlərini yer ilə yeksan etmək çox rahatdır.
 
Donald Tramp bəyan edib ki, Qəzza bölgəsində HƏMAS-la əldə olunan atəşkəs rejiminin etibarlılığı və uzunömürlülüyü barədə şübhələri var.
 
Tramp bu bəyanatla İsrail baş naziri Benyamin Netanyahu ilə görüşü ərəfəsində və yəhudi dövlətinin HƏMAS-la ikinci mərhələ sazişinə dair danışıqların gecikməsi fonunda çıxış edib.
 
"Bu vəziyyətin uzun müddət davam edəcəyinə dair heç bir zəmanətim yoxdur," - Amerika lideri bildirib, lakin razılaşmaların etibarlılığına nə üçün şübhə ilə yanaşdığını və ya bunun kimin günahı ola biləcəyini izah etməyib.
 
Eyni zamanda, onun Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff mətbuatı sakitləşdirməyə çalışaraq vurğulayıb ki, "hələlik bu razılaşma qüvvədədir, ona görə də ümid edirik və bu, prezidentin göstərişidir ki, girovlar azad edilsin, insan həyatı xilas olunsun və sülh yolu ilə nizamlanmaya nail olunsun."
 
Trampın İsrailin İudeya və Samariya ərazilərini ilhaq etməsinə ABŞ-ın mümkün dəstəyinə dair birbaşa cavabdan yayınması İsraildə bu addımın tərəfdarları tərəfindən, ehtimal ki, məmnunluqla qarşılanacaq. Xüsusilə də Tramp prezidentliyinin ilk dövründə İsrailin Colan təpələri üzərində suverenliyini genişləndirməsinə açıq şəkildə dəstək verib.
 
Trampın qələminin arxasındakı siyasi siqnal
 
Amerika prezidentinin qələmi Trampın əlində heç də təsadüfi olmayıb. Çünki məhz bu qələmlə Tramp bir neçə dəqiqə öncə bir sıra fərmanlar imzalayıb.
 
Çox güman ki, sabah da Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinin ABŞ tərəfindən maliyyələşdirilməsini qadağan edən fərman imzalayacaq.
 
Bu agentliyin fəaliyyəti İsraildə qadağan edilib. Amerika mətbuatı artıq bu qərarın qəbul olunacağını yazır. Bundan başqa, fevralın 4-də Tramp ABŞ-ın BMT-nin İnsan Haqları Şurasından yenidən çıxması ilə bağlı fərman imzalayacaq.
Link kopyalandı!
Son xəbərlər