"Hədəfdə kömür və maye qaz üçün rüsumlardır..."
Donald Tramp Çindən idxal olunan mallara 10 faiz rüsum tətbiq edib. Buna cavab olaraq Pekin ABŞ məhsullarına, xüsusilə də kömür və maye qaz üçün tariflər müəyyənləşdirib.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
Çinin rüsumlara cavabı və mümkün gecikmə
Çin hökuməti ABŞ-dan idxal olunan kömür və maye qaz üçün 15 faiz, neft və kənd təsərrüfatı texnikası üçün isə 10 faiz rüsum tətbiq etdiyini elan edib. Bundan əlavə, Pekin volfram, tellur, vismut, molibden və indium ilə bağlı malların ixracına nəzarət tətbiq edir.
Mühüm məqam odur ki, ABŞ silah və yarımkeçirici istehsalında həyati əhəmiyyət kəsb edən volframın dörddə birindən çoxunu Çindən alır. Çin metalına alternativ tapmaq çətin olacaq, çünki qlobal volfram tədarükünün 80 faizdən çoxunu bu ölkə təmin edir.
Pekin həmçinin ABŞ-ın hərəkətlərindən narazılığını bildirərək Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət ünvanlayıb.
"ABŞ-ın birtərəfli rüsum artımı ciddi şəkildə qaydaları pozur. Bu, təkcə ABŞ-ın öz problemlərini həll etməsinə kömək etmir, həm də Çin və ABŞ arasında normal iqtisadi və ticarət əməkdaşlığına zərər vurur, - Çin Ticarət Nazirliyinin bəyanatında deyilir.
Bundan əlavə, Çin Ticarət Nazirliyi "Google"-un antiinhisar qanunvericiliyini pozub-pozmadığını araşdırmaq üçün təhqiqat başladığını açıqlayıb.
Bununla belə, ABŞ-ın Çindən idxal olunan mallara rüsum tətbiqini təxirə salması ehtimalı var. Daha öncə bu, Kanada və Meksika ilə ticarət danışıqlarında baş verib.
Fevralın 3-də Vaşinqtonda çıxışı zamanı Donald Tramp bildirib ki, Çinlə danışıqlar növbəti 24 saat ərzində baş tuta bilər. "Əgər Çinlə razılaşmaya gələ bilməsək, rüsumlar çox, amma çox ciddi olacaq, - Tramp vurğulayıb.
Ağ Ev bildirib ki, Tramp və Si Tszinpin arasında müzakirə mövzularından biri də hər il on minlərlə amerikalının ölümünə səbəb olan qanunsuz Çin fentanili olacaq.