“Mənim əsas səhvim odur ki...”- Mir Cəfər Bağırov
Ekskluziv
542
13:34, Bu gün

“Mənim əsas səhvim odur ki...”- Mir Cəfər Bağırov

“O, etiraf edirdi ki, müttəhimlər günahsız adamların, o cümlədən partiya - sovet fəallarının cinayət işi üzrə çoxlu saxtalaşdırmalara yol veriblər...”

Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə  Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...
 
İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...”
 
Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış  “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...

Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.
 
Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət,   Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.
 
Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:
 
“İstintaq materiallarından...

(Əvvəli burada:)

İlkin istintaqda RSFSR CM-nin 58-1 “b”, 58-8 və 58-11- ci maddələrində nəzərdə tutulmuş cinayətlərdə müqəssir bilinərək dindirilən Bağırov Mir Cəfər Abbasoviç barəsində irəli sürülən ittihama heç bir dəlil-sübut gətirmədən etiraz edərək yalnız ayrı-ayrı cinayət faktlarını boynuna almağa məcbur olmuşdur. Bağırov etiraf etdi ki, Beriya ilə sıx əlaqədə olub, onun haqqında kəskin danışan adamlara şəxsən özü divan tutub.
 
Bağırov deyirdi: 
“Mənim ən böyük səhvim ifşa olunmuş xalq düşməni Beriya ilə bağlı siyasi sayıqlığımı tam itirməyim olub. Bu səhvim Beriya haqqında mənə məlum olanların və olub keçənlərin işığında nəzər salanda partiya və Sovet hökümətinə münasibətdə cinayət həddinə çatır. Mən Beriya ilə dostluq etmişəm, onun yaramazlığının və əclaflığının şahidi ola-ola onu müdafiə etmişəm”. 
 
Beriyanın şəxsi arxivindən tapılmış, onun Müsavat əks-kəşfiyyatındakı xidmətini sübut edən, Bağırov vasitəsilə əldə olunmuş və ona göndərilmiş sənədləri Mir Cəfərə göstərəndə o dedi: 
 
“Həmin sənədləri mənə göndərdilər. Mən onları Beriyaya göndərmişəmsə, deməli, bu doğrudan da belədir. Ancaq bunun hansı şəraitdə baş verdiyi yadımda deyil. Bu mənim cinayətə bərabər bağışlanmaz səhvimdir”. 
 
Bağırov bildirdi ki, o, Azərbaycanda özünə qarşı terrorçuluq aktları hazırlandığına heç vaxt inanmayıb. Lakin Bağırov bu cür cinayət işlərinin saxtalaşdırılması barədə başqalarına şəxsi sərəncam verdiyini danırdı. O elan etdi ki, həmin işlərin saxtalaşdırılması digər müttəhimlərin “alcaq düşmənçilik fəaliyyətidir”. 
Bağırov etiraf edirdi ki, müttəhimlər günahsız adamların, o cümlədən partiya - sovet fəallarının cinayət işi üzrə çoxlu saxtalaşdırmalara yol veriblər. Lakin Bağırov həmin cinayətkar halların şəxsən onun sərəncamı üzrə həyata keçirildiyini danır. Bu barədə Bağırov göstərirdi: 
 
“O illərdə Azərbaycan XDİK orqanları tərəfindən həbs olunmuş partiya-sovet fəallarının sayının bu qədər çox olması mənə indi aydın olur. O vaxtlar mən bunu o qədər də hiss etmir, buna nəzarət etmir,XDİK-nin işini yoxlamırdım. Bu da kökündən səhv və yolverilməzdir. Ancaq bu, məhz belə olub. Mənim bu səhlənkarlığım ciddi tənbehə və cəzaya layiqdir”. 
Bağırov həm də qeyd edirdi ki:
 
“Mənim əsas səhvim odur ki, Beriya və onunla bağlı olan və onun düşmən mövqeyini müdafiə edən, orqanlarda birgə iş üzrə onunla uzun illər boyu əlaqədə olan Sumbatov, Borşev, Qriqoryan, Markaryana və b. Göz yummuşam, onların iç üzünü tanımamışam...
Mən onlara inanaraq XDİK orqanlarını onlara etibar etmişəm. Bu işdə xalqın qarşısında günahlarım o qədər böyükdür ki, məni güllələmək azdır, asmaq lazımdır, məni şaqaalamaq, parça-parça etmək lazımdır”...
 
Bağırovun müqəssir olması müttəhimlərdən SumbatovTopuridze, Atakişiyev, Qriqoryan, Markaryan, Borşev, Yemelyanovun, şahidlərdən Mançarov, Qasımov, Orucov, Əlixanov, Boqdasarov, Meleşkin, Musayev, Ağayev, İbrahimov, Nuriyev, Zaykin, Əliyev, Krotkov, Naneyşvili, Mojnov, Sevoyan, Nəsirov, Novruzov, Levkopulo, Kapustin, Rəhmanov, Saakyan, Qasparyan, Abdullabəyov, Yegizarov, Lazarev, Abramova, İnozemtseva, Paşin, Əliyev və bir çox başqalarının ifadələri, eləcə də işə əlavə olunan bir sıra sənədlərin əsli ilə sübut olunur...
 
(Davamı var)
 
Təqdim etdi: 
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər