“Qusar rayonunda baş verənlər cəmiyyətdə xofun, gərginliyin yaradılmasına hesablanıb”
Ekskluziv
483
11:21, Bu gün

“Qusar rayonunda baş verənlər cəmiyyətdə xofun, gərginliyin yaradılmasına hesablanıb”

“Qusar rayonunda baş verənlər, Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına, cəmiyyətdə xofun, gərginliyin yaradılmasına hesablanıb”.

 

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili qeyd edib ki, televiziyalarda nümayiş edilən kadrlar bir çox maraqlı məqamları üzə çıxarır:

 

“Televiziya kanallarında nümayiş olunan kadrlardan aydın şəkildə görünür ki, terrorçular meşə massivlərində yeraltı sığınacaqlar inşa etmiş, partlayıcı maddələrin hazırlanması üçün ləvazimatlar toplamış, atıcı silahlar tədarük etmişlər. Sual olunur; bu terror qrupunu kim yaradılb, silah-sursat hansı məqsədlə toplanıb. Əminəm ki, hüquq-mühafizə orqanlarımızın apardığı istintaq, bütün qaranlıq məqamlara aydınlıq gətirəcəkdir. Lakin, tarixi təcrübələrə istinad edərək düşünürəm ki, xarici xüsusi xidmət orqanlarının ,,fəaliyyətlərini,, istisna etmək olmaz. 90-cı illərdə Azərbaycan ərazisində sərnişin qatarları, avtobuslar, metro stansiyaları partladılmış, evlər yandırılmış, hərbi hissələrə, polis şöbələrinə hücumlar nəticəsində çoxsaylı insan tələfatı ilə müşaiyyət olunan terror aktları törədilmişdi. Əksər cinayətlərin izləri, erməni xüsusi xidmət orqanlarına və onlara dəstək verən, Azərbaycanın güclənməsini istəməyən bəzi ölkələrin müvafiq strukturlarına aparırdı. Burada konkret klassik sxemlər mövcuddur. Cinayətə meylli, özündən xəbərsiz, bəzi savadsız gənclər ələ alınır (ruslar demiş “verbovka” olunur), müəyyən təlimlər keçirilir və onların vasitəsilə terror aktları törədilir.

Məlumatlara görə, zərərsizləşdirilmiş silahlı dəstə, 2000-ci illərin əvvəllərində Qusarda, Zaqatalada, Bakıdakı “Əbu-Bəkr” məscidində, qonşu Dağıstanda terror aktları törətmiş “Meşə qardaşları” təşkilatının üzvləridir. Bu gün Yaxın Şərqdə, konkret olaraq, Suriyada, İraqda, Livanda, Fələstində, Yəməndə, Əfqanıstanda və bəzi Afrika ölkələrində baş verənlərin kökündə İslam dinini parçalayan, müxtəlif məzhəblər və təriqətlər üzərində qurulmuş zərərli, daha doğrusu zəhərli ideologiyalar durur. Hər birinin ətrafında da, qanunsuz silahlı dəstələr. Belə təşkilatlar, istənilən xarici xüsusi xidmət orqanları üçün yem, hazır material hesab olunur.

 

Zamanında zərərsizləşdirilmədikdə isə, qlobal güclərin proksi qüvvələrinə çevrilir. Nəticədə böyük dövlətlər tamamilə dağılır, bəziləri yerlə yeksan olur. Milyonlarla insan yurdlarından didərgin düşür. Bir dənə də olsun müsbət nümunə tapmaq mümkün deyil.

Azərbaycan xalqı terrordan ən çox əziyyət çəkən, etnik, dini separatizmin çətinliklərini yaşamış xalqlardan biridir. Azərbaycan dövləti dünyanın dəstəklədiyi, son dərəcə mürəkkəb, 200 illik “erməni separatizminə” qalib gəlmiş güclü dövlətdir. İmkan verə bilmərik ki, çox böyük zəhmət hesabına yaradılmış sabitliyimizə xələl gəlsin, milli birliyimiz pozulsun. İnsanlarımız qorxu altında yaşasın. Yerləşdiyimiz coğrafiya, Azərbaycanın güclənməsini özləri üçün təhlükə olaraq görən bəzi qüvvələr, hər birimizdən ayıq-sayıq olmağı, dövlətçiliyimizin, təhlükəsizliyimizin yeganə qarantı Prezident İlham Əliyevin apardığı siyasətə dəstək verməyimizi tələb edir. Düşmənlər birdəfəlik başa düşməlidirlər ki, Azərbaycan 90-cı illərin dövləti deyil. İstənilən təxribatın qarşısını almağı bacaran, peşəkar hüquq-mühafizə orqanları formalaşıb. Yeri gəlmişkən, DTX və DİN-ə, qabaqlayıcı tədbirlər gördüklərinə görə xüsusi təşəkkürlərimi bildirirəm”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər