“Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”-ÖZƏL
Ekskluziv
252
03 Feb 2025 | 23:40

“Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”-ÖZƏL

“Səhhətim bir o qədər də yaxşı deyil. Ev şəraitində sistemlər qoyulur, müalicə alıram. Yenə də bu günümə şükürlər olsun. Heç yerə getmirəm, çox qonaq da qəbul etmirəm. Viruslar yayılıb, özümü qorumalıyam. Ad günüm yaxınlaşır. Bir neçə televiziya hər il olduğu kimi yenə də çəkiliş etmək istəyir. Hələ ki, heç birinə hə deməmişəm. Artıq çəkilişlər də mənə ağır gəlir, dözə bilmirəm. Mən istirahət etməliyəm, dincəlməliyəm”
 
Bunu Moderator.az -a açıqlamasında xalq artisti Arif Babayev deyib. O daha sonra əlavə edib:
 
“Ən böyük arzum xalqımızın firavan, sülh içərisində yaşamasıdır. Əlbəttə ki, böyük arzularımdan birincisi elə Ağdamın işğaldan azad olunması idi. Elə bilirdim ki, bu günü görməyəcəm. Allah bunu mənə qismət, nəsib etdi. Torpağıma getdim, ayaq basdım. Gör nə qədər insanlar Ağdamı görmədən dünyadan getdilər. Heç yadımdan çıxmaz. Rəhmətlik Qədir Rüstəmov Türkiyədə müalicədə olanda onunla danışdım. Dedim ki, darıxma, Ağdama gedəcəyik. Sonra özüm də ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görməz. Çox təəssüf ki, o da torpaq həsrəti ilə dünyadan köçdü” deyə sənətkar bildirib.
Arif Babayev bugünki gənc sənətçilərdən də danışıb:
 
“Sənətkarlar heç vaxt ölmür. Unudulanda ölürlər. Onlar bu dünyada yaşamasalar da, hər zaman insanların xatirəsində yaşayırlar. Bu gün gənclərin əksəriyyəti böyük sənətkarları yamsılayır. Əlbəttə ki, yaxşı səsi, sənətkarı yamsılamaq olar. Amma bir müddətə qədər. Daha sonra həmin şəxs artıq özü olmalıdır. Yaxşı xanəndələr də yetişir, amma muğam oxuya bilməyənlər də var. Mən onlara zarafatca qəzet oxuyan deyirəm” deyə xanəndə bildirib.
Link kopyalandı!
Son xəbərlər