Zavodların "Lukoyl" və "Qazprom" şirkətlərinə məxsus olduğu bildirilir...
Fevralın 3-nə keçən gecə Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumu zamanı Volqoqradda neft emalı zavodu yanıb.
Moderator.az xəbər verir ki, bu barədə regionun qubernatoru Andrey Boçarov məlumat verib. Məlumatı "svoboda.org" nəşri yayıb.
Məlumatda deyilir ki, PUA qalıqlarının düşməsi nəticəsində zavod ərazisində "lokal yanğınlar" baş verib, lakin alov operativ şəkildə söndürülüb. "Baza" nəşrinin məlumatına əsasən, zavod "Lukoyl" şirkətinə məxsusdur.
Boçarov əlavə edib ki, dronların əksəriyyəti vurulub, xəsarət alan yoxdur, lakin elektrik enerjisinin verilişində fasilələr olub.
Ukrayna dronları həmçinin gecə saatlarında Həştərxan vilayətinə hücum edib, o cümlədən yanacaq-energetika kompleksinə zərbə endirilib. Bu barədə regionun qubernatoru İqor Babuşkin məlumat verib. "PUA-lardan birinin düşməsi zamanı yanğın baş verib", - o, əlavə edib. Xəsarət alan yoxdur.
"Astra" və "Baza" Telegram-kanalları yerli sakinlərə istinadən yazır ki, hücum "Qazprom" zavoduna edilib və məhz orada yanğın baş verib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 3-nə keçən gecə Rusiya bölgələri üzərində 70 pilotsuz uçuş aparatı vurulub. Onlardan 25-i Volqoqrad vilayəti, yeddisi isə Həştərxan vilayəti üzərində məhv edilib. Daha 27 dron Rostov vilayəti, beşi Voronej, dördü Belgorod və ikisi Kursk üzərində vurulub.
Kursk vilayətinin rəhbəri Aleksandr Xinşteyn vaxtı dəqiqləşdirmədən "dünən" Ukrayna dronunun mülki avtomobilə partlayıcı maddə atdığını bildirib. Nəticədə sürücü qəlpə yaraları və kəllə-beyin travması alıb, xəstəxanaya yerləşdirilib. Sərnişin xəsarət almayıb.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov da pilotsuz aparatların partlayıcı maddə atması barədə məlumat verib. Onun sözlərinə görə, bir neçə ev və avtomobil zədələnib, lakin xəsarət alan yoxdur.
Rostov və Voronej vilayət rəhbərləri isə dron hücumlarının bölgələrində heç bir dağıntıya və xəsarətə səbəb olmadığını bildirib.