"Həm amerikalılar, həm də israillilər hansı hədəflərə zərbə endirəcəyimizi yaxşı bilir..."
İsrailin ABŞ-ın dəstəyi ilə İranın nüvə obyektlərinə zərbə endirməsi "tarixin ən böyük səhvi" olacaq, çünki bu, "bütün regionu total müharibəyə sürükləyəcək".
Moderator.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçı "Əl-Cəzirə" telekanalına Dohaya son səfəri zamanı verdiyi müsahibəsində bəyan edib.
İranlı nazir vurğulayıb ki, İran hər hansı bir hücuma "dərhal və qətiyyətlə" cavab verəcək. "Həm amerikalılar, həm də israillilər yaxşı bilir ki, biz hansı hədəflərə zərbə endirəcəyik", - Araqçı bildirib.
O, həmçinin qeyd edib ki, İranın nüvə obyektləri respublika ərazisində səpələnmiş vəziyyətdədir və güclü hava hücumundan müdafiə sistemləri ilə qorunur, "bu obyektlərə hücum, demək olar ki, qeyri-mümkündür". Bununla yanaşı, Araqçi İranın nüvə silahı istehsal edə biləcəyini, lakin "buna can atmadığını" bəyan edib.
Qətərə səfəri çərçivəsində iranlı nazir HƏMAS nümayəndələri ilə görüşüb. Görüşdə HƏMAS-ın yüksək vəzifəli şəxsləri, o cümlədən HƏMAS
Məsləhət Şurasının rəhbəri Məhəmməd Dərviş və təşkilatın danışıqlarda başlıca nümayəndəsi Xəlil əl-Hayya iştirak edib. Araqçı onlara bildirib ki, "İsrailin Qəzza bölgəsində dağıdıcı müharibəsinə rəğmən, fələstinlilər qələbə qazanıb".
"İsrail işğalçı qüvvələri HƏMAS-ı məhv etmək və əsirləri azad etmək üçün hər cür cəhd göstərib, lakin sonda oturub danışıqlar aparmağa məcbur olub. Bu, HƏMAS-ın qələbəsidir", - o, o əlavə edib.
Araqçı İranın "Fələstin məsələsinə" dəyişməz dəstəyini bir daha təsdiqləyərək, bunun İsrailin hərbi üstünlüyü ilə bağlı iddialarını təkzib etdiyini qeyd edib. O, Qəzzanın həm hərbi, həm də danışıqlar baxımından "misilsiz qəhrəmanlıq əməliyyatı" keçirdiyini vurğulayıb.