"Avropa ölkələri arasında nifaq salmaq cəhdlərinin arxasında dayanan məhz Rusiyadır..."
Ukrayna Baş Kəşfiyyat İdarəsi (BKİ) Slovakiya hakimiyyətinin BKİ-yə tabe olan Gürcü Legionu hərbçilərinin bu ölkədə etiraz aksiyalarının təşkilində və dövlət çevrilişinə hazırlıqda iştirak etməsi ilə bağlı ittihamlarına cavab verib.
Moderator.az xatırladır ki, yanvarın 31-də Slovakiya rəsmiləri BKİ-ni bu məsələdə günahlandıran açıqlamalar verib. Xüsusilə Slovakiya baş naziri Robert Fitso ölkəsində baş verən etiraz aksiyalarının arxasında Ukrayna Silahlı Qüvvələrinin (USQ) tərkibində olan "Gürcü Milli Legionu"nun dayandığını iddia edib.
BKİ bildirir ki, irəli sürülən ittihamları diqqətlə araşdırıb və bunları Avropa ölkələrini zəiflətmək və nifaq yaratmaq məqsədi daşıyan hibrid informasiya əməliyyatları kimi qiymətləndirib. Kəşfiyyat vurğulayıb ki, bu cür iddialar Ukrayna və onun tərəfdaşları üçün ciddi təhdiddir.
"Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi rəsmi olaraq bildirir ki, onun strukturunda "Gürcü Milli Legionu" adlı heç bir bölmə mövcud deyil", - açıqlamada qeyd olunub.
BKİ izah edib ki, onun tərkibində beynəlxalq legion var və bu, çoxmillətli, aktiv döyüş birliyidir. Bu legion işğalçılara qarşı cəbhənin ən qaynar nöqtələrində vuruşur və Avropa İttifaqı ərazisində heç bir hibrid əməliyyat həyata keçirmir.
"Mətbuat konfransında adı çəkilən şəxs nə Ukrayna hərbçisidir, nə də Ukrayna kəşfiyyatı ilə bağlılığı var. O, BKİ-dən heç bir tapşırıq almır. Həmin şəxs 2023-cü ilin aprel ayında beynəlxalq legionla müqaviləsinə xitam verib və onu yeniləməyib", - BKİ rəsmiləri izah edib.
BKİ Avropa siyasətçilərinə dost ölkələrə qarşı ittihamlar səsləndirərkən maksimal dərəcədə məsuliyyətli olmağı tövsiyə edib:
"Belə açıqlamalar düşmən təbliğatına əsas yaratmamalıdır".
Bundan əlavə, BKİ bəyan edib ki, Avropa ölkələri arasına nifaq salmaq, Avropa siyasətçilərini gözdən salmaq, demokratik seçkilərə müdaxilə etmək, küçə iğtişaşları təşkil etmək və hətta Avropada siyasi qətllər törətmək cəhdlərinin arxasında məhz Rusiya dayanır.
Slovakiyadakı etiraz aksiyaları
Son zamanlar Slovakiyada Robert Fitso hökumətinin Moskva yönümlü siyasətinə qarşı kütləvi etiraz aksiyaları keçirilir. Fitso isə bu aksiyaların xarici qüvvələrin "rəngli inqilab" ssenarisini həyata keçirmək cəhdi olduğunu iddia edib.
Bundan əlavə, Slovakiya hökuməti son vaxtlar Ukraynanı dəfələrlə ölkənin daxili işlərinə müdaxilədə ittiham edib.
Yanvarın 30-da isə Slovakiyada hökumət əleyhinə kütləvi aksiyalar fonunda Slovakiya polisi "dövlət çevrilişinə təhlükə yaratdığı" iddiası ilə bir Ukrayna vətəndaşını deportasiya etmək niyyətində olduğunu açıqlayıb.