"Bəşəriyyəti "qəhvəyi vəbadan" xilas edən qəhrəman sovet xalqıdır..."
Almaniya kansleri Olaf Şolts Kremli qıcıqlandıran bəyanatla çıxış edib, Kremlin sözçüsü Dmitri Peskovun cavabı özünü çox gözlətməyib.
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Esslinger Zeitung" nəşri yazıb. Məlumatı "aif.ru" nəşri yayıb.
Nəşrin məlumatına görə, Olaf Şolts amerikalı milyarder İlon Maskı Almaniyanın "Almaniya üçün Alternativ" (AfD) ultra-sağ partiyası ilə həddindən artıq yaxın münasibətdə olmaqda tənqid edərkən, Almaniyanın nasist rejimindən ABŞ tərəfindən azad edildiyini vurğulayıb.
Nəşr xatırladır ki, hazırda Tramp hökumətinin effektivliyi üzrə müşaviri vəzifəsini tutan Mask seçki kampaniyası zamanı bir neçə dəfə AfD-ni açıq şəkildə dəstəkləyib, partiyanın lideri ilə özünün "X" onlayn platforması üzərində söhbət aparıb və ötən həftəsonu AfD-nin seçkiqabağı tədbirində videobağlantı vasitəsilə iştirak edib.
"Osventsim ölüm düşərgəsinin azad edilməsinin 80-ci ildönümü ərəfəsində Trampın müşaviri Almaniyanın "keçmiş günahlarına həddindən artıq diqqət ayırdığını" bildirib", - "Esslinger Zeitung" yazır.
Şolts Maskın ultra-sağçılara olan rəğbətini sərt şəkildə tənqid edib: "Biz çox şadıq ki, ABŞ ölkəmizi azad edib və yenidən demokratiyaya çevrilməyimizə kömək edib. Məhz buna görə də İlon Maskın ifrat sağçıları dəstəkləməsi və keçmişdə almanların Avropada saysız-hesabsız yəhudi və digər insanları qətlə yetirməsinə lazımi reaksiya verməməsi məni hiddətləndirir", - Almaniya kansleri bildirib.
Şoltsun bu sözlərinə Kremlin sözçüsü Dmitri Peskov cavab verib: "Sovet xalqı o zaman bəşəriyyət üçün qəhrəmanlıq göstərərək onu "qəhvəyi vəbadan" xilas edib", - o bildirib.
Peskov əlavə edib ki, "tarixi həqiqətin unudulmasına, Avropa qitəsinin "qəhvəyi vəbadan" azad edilməsi üçün ən böyük qurbanları kimin verdiyinin unudulmasına yönəlmiş məqsədyönlü bir xətt var. Məhz Sovet İttifaqı Britaniya və Amerikanın dəstəyi ilə bu azadlığın əsas ağırlığını üzərinə götürüb".
O, nasizmin Avropada yenidən dirçəlməsi və xüsusilə Kiyevdə dərin kök salması barədə iddialar səsləndirərək Ukraynanı yenidən günahlandırmaq fürsətini qaçırmayıb.
Xatırladaq ki, ötən həftə ABŞ prezidenti Donald Tramp bəyanatında qeyd edib ki, "Rusiya İkinci Dünya müharibəsində ABŞ-ın qalib gəlməsinə kömək edib və bunun üçün, demək olar ki, 60 milyon insan itirib" (rəsmi rəqəm 27 milyondur-red.).