"Mümkündür ki, dron, sadəcə, hədəfə çırpılmayıb, həm də Rusiyanın neft emalı zavoduna bomba atıb…"
Cümə axşamına keçən gecə və ya çərşənbə günü gecə saatlarında Ukraynanın 14-cü əlahiddə alayının pilotsuz uçuş aparatları Rusiya-Belarus sərhədinə yaxın, Bryansk vilayətində yerləşən "Drujba" neft kəmərinin nasos stansiyasına hücum edib.
Moderator.az xəbər verir ki, bu barədə "Forbes" nəşri yazıb.
Nəşr yazır ki, hücum, çox güman ki, Ukraynanın yeni dronu tərəfindən həyata keçirilib.
"Drujba" dünyanın ən böyük neft kəmərlərindən biridir və Rusiyanın neft sənayesində əsas rol oynayır. Zərbə nəticəsində yanğın baş verib, bu yanğını NASA-nın peykləri qeydə alıb. "WarTranslated"-ın estoniyalı analitiki vurğulayıb ki, "yanğının intensivliyinə əsasən, hücum dəqiq olub".
Son iki il ərzində Ukrayna qüvvələri Rusiya neft obyektlərini mütəmadi olaraq kamikadze-dronlarla hədəfə alıb. Bu dronlar adətən hədəflə toqquşaraq partlayıb. Lakin bu dəfə Ukraynanın "Nikolayevski Vanek" Telegram-kanalının məlumatına görə, dronlar təkcə stansiyaya çırpılmayıb, həm də "Bryansk respublikasını bombalayıb".
Ukrayna artıq mülki idman təyyarələrini modifikasiya edərək döyüş tapşırıqlarında istifadə edir. Məsələn, "Aeroprakt A-22 100" kq-lıq bomba daşıya bilər. Bu dronlar indiyə qədər zərbə aparatı kimi istifadə olunub, lakin vəziyyət dəyişir.
Bomba atmaq qabiliyyəti dronlara ciddi üstünlük qazandırır. Məsələn, "A-22" partlayıcı yüklə təchiz olunarsa, geri dönmə məsafəsi 640 km ilə məhdudlaşır. Lakin bir istiqamətli missiya həyata keçirildikdə, uçuş məsafəsi 1300 km-ə qədər artır. Ukraynanın Rusiya neft obyektlərinə hücumları məhz bu məsafələri əhatə edir.
Bryansk vilayətindəki hədəf Ukrayna sərhədindən cəmi 40 km aralıda yerləşib. Buna görə də dronların yanacaq ehtiyatı əsas məqam olmayıb. Onlar bombaları atıb bazaya qayıda bilərdilər.
Bununla belə, uzaqdan idarə olunan eniş hələ də ciddi problemdir. Ola bilsin ki, operatorlar risk etməmək üçün ikiqat hücum taktikası tətbiq edib: əvvəlcə bombalar atılıb, sonra isə dronlar obyektə təkrar zərbə endirmək üçün yönləndirilib.
Əgər Ukrayna ordusu dronların təhlükəsiz şəkildə geri dönməsini təmin edə bilsə, bu aparatlar çoxistifadəli silaha çevriləcək. Bu isə onların bir neçə hədəfə hücum etməsinə imkan verəcək və Rusiya neft infrastrukturuna endirilən zərbələrin səmərəliliyini xeyli artıracaq.
Rusiya neft emalı zavodlarına hücumlar
Yanvarın 29-na keçən gecə Ukrayna Müdafiə Qüvvələri Kstovo şəhərindəki Nijni Novqorod neft emalı zavoduna hücum edib. Bildirilir ki, bu obyekt cəbhə xəttindən 800 km-dən çox uzaqlıqda yerləşir.
Son dövrlərdə Ukrayna Rusiya işğalçılarının neft emalı obyektlərinə hücumlarını daha da intensivləşdirib. "Forbes" yazır ki, təkcə Kstovo zavodu ildə 13 milyon barrel neft emal edir.