Ekskluziv
745
30 Jan 2025 | 20:47

"Hesab edirəm ki, Azərbaycanda da yeni Konstitusiyanın qəbul edilməsinə heç bir ehtiyac yoxdur...”

“...Konstitusiya ciddi və toxunulmaz bir sənəd olmalıdır. Bu sahədə Birləşmiş Ştatlar, Böyük Britaniya, Türkiyə kimi dövlətlərin  təcrübəsindən nümunə götürmək olar. Belə dövlətlər çox nadir hallarda əsas qanuna, ana yasaya dəyişikliklər edirlər. Yeni Konstitusiyanın qəbul edilməsindən bəhs edilməsi isə çox-çox istisna hallarda mümkün olur...”
 
Məlum olduğu kimi, Azərbaycan Prezidenti 2025-ci ili Konstitusiya və Suverenlik ili elan edib. Bununla bağlı Azərbaycan Konstitusiyasının dəyişilməsi,  yəni yeni Konstitusiya qəbul edilməsi haqda təkliflər səslənir. Bəs görəsən, bu, nə qədər doğru və zəruridir. 
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı bunları söyləyib: 
 
“Əlbəttə, böyük zəfərdən sonra, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunmasından sonra ölkədə yeni bir şərait formalaşıbdır, yaranıbdır.  Və bu şəraitə uyğun da addımlar atılmalıdır. Amma hesab edirəm ki, Konstitusiya ilə bağlı həddindən artıq diqqətli olmaq lazımdır. Bu, Ana Yasadır. Burada tez-tez dəyişilkliklər edilməsi, xüsusilə də yeni Konstitusiyanın qəbul edilməsi, hesab edirəm ki, o qədər də məqsədəuyğun deyil.  Dünya praktikasında özünə hörmət edən dövlətlər çox nadir hallarda yeni konstitusiya qəbul edirlər. Və yaxud yalnız istisna hallarda, ciddi ehtiyac olduqda konstitusiyaya dəyişiklik edirlər. Bu, dövlətçilik xüsusiyyətidir. Deyək ki, banan respublikası deyilən ölkələr, yaxud gündə bir fikrə düşən hakimiyyətlər adlarını tarixə salmaq üçün yeni konstitusiyalar qəbul etməyə çalışırlar. Məsələn, Fransa kimi əldəqayırma bir dövlətdə... İndiyədək bunların 5 respublikası olub... Lakin konstitusiya ciddi və toxunulmaz bir sənəd olmalıdır. Bu sahədə Birləşmiş Ştatlar, Böyük Britaniya, Türkiyə kimi dövlətlərin  təcrübəsindən nümunə götürmək olar. Belə dövlətlər çox nadir hallarda əsas qanuna, ana yasaya dəyişikliklər edirlər. Yeni Konstitusiyanın qəbul edilməsindən bəhs edilməsi isə çox-çox istisna hallarda mümkün olur....
 
Bütün bu deyilənlər baxımından hesab edirəm ki, Azərbaycanda da yeni Konstitusiyanın qəbul edilməsinə heç bir ehtiyac yoxdur. Kimlərsə belə təkliflərlə çıxış edirsə, bu tarixə və dediyim kimi ciddi dövlətlərin təcrübəsinə baxıldıqda o qədər də məntiqli deyil. Axı bizim öz dövlətimiz də qədim dövlətdir. 5 min əvvəl bizim ilk dövlətlərimiz yaranıb. Dünyada belə qədim dövlətləri olan bir neçə xalq bizimlə müqayisə oluna bilər.  Və eyni zamanda xalqımız yeni tipli, ilk olaraq demokratik dövlət yaradan xalqlardan biridir. Yəni XX əsrin əvvəllərində biz Azərbaycan Xalq Cümhuriyyətini yaratmaqla  yeni tipli dövlət yaratdıq.  Və həm qədim dövlətə, həm də XX əsrin əvvəllərində dünyaya nümunə olan yeni tipli dövlətə malik olmağımız xalq olaraq bizim güclü genefondumuzdan, potensialımızdan irəli gəlirdi. Təəssüf ki, Xalq Cümhuriyyəti sonradan Sovet imperiyası tərəfindən işğala məruz qaldı. Müstəqilliyimiz müvəqqəti olaraq dayandı, amma şərti müstəqillyimiz davam etdi. Və sonda da yenə də yüksək səviyyədə xalqın iradəsilə müstəqil dövlətçiliyimizi bərpa etdik... 
 
1995-ci ildə isə müstəqilliyimiz bərpa edildiyi üçün yeni Konstitusiyamız qəbul edildi. Bu da normal və təbii idi. Lakin sovet dövründə də bir neçə konstitusiyamız qəbul edilmişdi. 1920-ci ildə, 1937-ci ildə, 1978-ci ildə... Biz bunu da normal qəbul etmirik... Yəni 50-60 il ərzində 3 konstitusiya qəbul edilməsi normal hal deyildi, ciddi əlamət deyildi. Müstəqillik dövründə isə artıq yeni Konstitusiyamızın qəbul olunmasından 30 il keçibdir. İndiyədək ona dəfələrlə düzəlişlər, dəyişikliklər edilib.  Əlbəttə, bundan sonra da Konstitusiyamıza dəyişikliklər, düzəlişlər edilməsi mümkündür. Xüsusilə də seçki sistemi ilə bağlı, inzibati ərazi islahatlarıyla bağlı dəyişiklər və düzəlişlər edilə bilər. Amma yenə də təkrar edirəm ki, bu məsələyə həddindən artıq ehtiyat və diqqətlə yanaşmaq gərəkdir...”
 
Link kopyalandı!
Son xəbərlər