Ekskluziv
729
30 Jan 2025 | 16:10

"Avropa İttifaqında Rusiyadan qaz tədarükünün bərpası müzakirə edilir" - "Financial Times"

 
"Rusiyadan qaz idxalının bərpası Şərqi və Şimali Avropa ölkələrinin kəskin etirazına səbəb olub..."
 
Avropa İttifaqının bir sıra ölkələrinin rəsmiləri Ukraynadakı müharibəni bitirməyə yönəlmiş mümkün sülh sazişinin bir hissəsi kimi Rusiyadan Avropaya qaz tədarükünün bərpası məsələsini nəzərdən keçirir.
 
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" nəşri yazıb.
 
Nəşrin məlumatına görə, bu ideyanı Almaniya və Macarıstanın bəzi nümayəndələri irəli sürüb və Avropa İttifaqının digər ölkələrindən də müəyyən dəstək qazanıb. Onlar bunu Avropa bazarında Ukraynadakı müharibə illərində kəskin bahalaşan enerji daşıyıcılarının qiymətlərini aşağı salmaq üçün bir imkan kimi görür. Müharibənin nəticələrindən biri kimi Rusiyadan Avropaya qaz idxalı kəskin şəkildə azalıb.
 
Eyni zamanda, Rusiyadan qaz idxalının bərpası planları Ukraynanın ən fəal tərəfdarları kimi tanınan Şərqi və Şimali Avropa ölkələrində kəskin etiraz doğurub. Nəşr konkret ölkələrin adını çəkməsə də, söhbətin Polşa, Baltikyanı ölkələr, Finlandiya və İsveçdən getdiyi aydındır. Nəşr bu ölkələrdən birinin nümayəndəsindən iqtibas gətirib: "Bu, ağılsızlıqdır. Bunu mümkün variant kimi düşünmək üçün insan nə dərəcədə axmaq olmalıdır?".
 
Qəzet yazır ki, bu cür planlar son vaxtlar Avropaya mayeləşdirilmiş təbii qaz (MTQ) tədarükünü əhəmiyyətli dərəcədə artıran amerikalı ixracatçılar arasında da narahatlıq doğurub. ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı ölkələrinin Amerikadan daha çox mayeləşdirilmiş qaz almağa razılaşmayacağı təqdirdə birliyi rüsumlar tətbiq etməklə hədələyir.
 
Müharibədən əvvəl Rusiya qaz kəmərləri vasitəsilə Avropa İttifaqına qaz tədarükünün ümumi həcminin təxminən 40 faizi təmin edilib və Almaniya ən böyük idxalçı olub. 2022-ci ildən etibarən Aİ ölkələri Rusiyadan qaz asılılığını aktiv şəkildə azaltmağa başlayaraq ABŞ, Norveç və Qətərdən tədarüklərə yönəldib. Bunun nəticəsində Rusiya Avropa qaz bazarındakı dominant mövqeyini itirib.
 
Avropa İttifaqı artıq dəniz yolu ilə Rusiyadan qaz tədarükünü qadağan edib, lakin bəzi Avropa ölkələrinin, xüsusən də Slovakiya və Macarıstanın ona ehtiyacı olduğu üçün boru kəməri vasitəsilə qaz idxalından tamamilə imtina edə bilməyib.
 
Yanvar ayında Ukrayna ərazisindən Rusiya qazının tranziti dayandırıldıqdan sonra Aİ-yə yanacağın daxil olduğu yeganə boru kəməri "Türk axını" qalıb. Macarıstan və Slovakiya hakimiyyət orqanları isə Ukrayna üzərindən qaz tranzitinin bərpasını dəstəkləyir.
Link kopyalandı!
Son xəbərlər