Ekskluziv
1704
30 Jan 2025 | 08:58

"Məni əvvəlcə Hitler öldürməyə çalışdı, indi isə Putin..."- Bundestaqda təsirli çıxış...-VİDEO

Bu il 89 yaşı tamam olacaq 88 yaşlı Odessa sakini Almaniya Bundestaqında nasizm qurbanlarının xatirəsinə həsr olunmuş xüsusi toplantıda Ukrayna dilində çıxış edib. Digər məsələlərlə yanaşı, o, Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynanı dəstəklədiyinə görə Almaniyaya minnətdarlığını bildirib.
 
Moderator.az bu haqda İsrail mediasına istinadla məlumat yayıb.
 
“Hitler İkinci Dünya Müharibəsi zamanı yəhudiləri məhv etməyə çalışdığı kimi, Putin də bizi bir millət olaraq məhv etməyə çalışır. Hitler məni yəhudi olduğum üçün öldürmək istəyirdi, indi isə Putin məni ukraynalı olduğum üçün öldürməyə çalışır", - Şvartsman alman parlamentarilərinə müraciət edərək deyib.
 
1936-cı ildə Berşadda anadan olan o, uşaq ikən alman-rumın gettosuna qapadılıb və burada nasist vəhşiliklərinin şahidi olub, yüzlərlə insanın cəsədlərini görüb və məcburi əmək zamanı yıxıldığı üçün güllələnən böyük qardaşının qətlini yaşayıb. 
O, bir neçə dəfə ölümlə üz-üzə gəlib, ancaq insanların xeyirxahlığı onun sağ qalmasına kömək edib ki, bu cinayətlər haqqında danışsın. 
 
Şvartsman qeyd edib ki, 2022-ci il fevralın 24-dən bəri ukraynalılar bu dəfə Rusiya ordusunun zərbələri altında yenidən yaşamaq üçün döyüşmək məcburiyyətində qalıblar.
 
“Həyatımız və azadlığımız yenidən təhdid altındadır... Mən yenə əzab və dağıntı görürəm”, - o belə deyib.
 
Odessalı yəhudi şəxsi faciəsini də bölüşüb: 2024-cü il dekabrın 29-da Odessadakı evinə Rusiya raketi düşüb. Bu zaman o, həyat yoldaşı ilə zirzəmidə olub və möcüzə nəticəsində sağ qalıb, lakin 10-cu mərtəbəyə qalxanda mənzilini tanımayıb - oradan yalnız xarabalıqlar qalıb.
 
Veteran Almaniyaya göstərilən dəstəyə görə minnətdarlığını bildirib, lakin Ukraynanın əlavə hərbi yardıma ehtiyacı olduğunu vurğulayıb.
 
“Bizə hava hücumundan müdafiə lazımdır, Odessa  insanları qorumaq üçün hava hücumundan müdafiəyə ehtiyac duyur. Havada üstünlük əldə etmək üçün təyyarələrə ehtiyacımız var. Bizi bombalamaq üçün uçduqları Rusiya aerodromlarını zərərsizləşdirmək üçün bizə uzaqmənzilli raketlər lazımdır.
 
İşğal olunmuş ərazilərdəki insanları azad etmək üçün sizin dəstəyinizə ehtiyacımız var... Sizdən xahiş edirəm, bizi silahlandırın ki, Putin bu qırğın müharibəsini dayandırsın”, - o, alman siyasətçilərinə müraciət edib.
 
Şvartsman qeyd edib ki, o, artıq uşaq ikən soyqırıma cəhddən sağ çıxıb, lakin indi onun övladları və nəvələri yenidən həyatlarını itirmək qorxusu ilə yaşayırlar.
 
“Ukrayna Rusiya dövləti tərəfindən diz çökdürülməməlidir. Putinin Ukraynadan razı qalacağını düşünən şəxs özünü aldadır... Dünya qorxmaqdan əl çəkməlidir, Ukrayna müharibənin sizə gəlməməsi üçün hər şeyi edəcək”, deyə Odessanın ahıl sakini xəbərdarlıq edib.
 
Qeyd edilir ki, Bundestaq hər il nasist terrorunun qurbanı olmuş milyonlarla insanın xatirəsinə həsr olunmuş, Osvensim konsentrasiya düşərgəsinin azad edilməsinin ildönümünə həsr olunmuş tədbirlər keçirir.
 
Şvartsmanın çıxışı 21-ci əsrdə totalitarizm və təcavüzə qarşı mübarizənin davam etdiyini simvolik olaraq xatırladıb.

S.Laçın

 
Link kopyalandı!
Son xəbərlər