"Bu qərar Suriya iqtisadiyyatına təkan verəcək, ekstremizmə, Rusiya və İrana yer olmayan sülhsevər siyasi gələcəyə istiqamət verəcək..."
Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Suriyada vətəndaş müharibəsi zamanı tətbiq edilən sanksiyaların yumşaldılması planını razılaşdırıb.
Moderator.az xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas məlumat verib. Məlumatı "trtrussian.com" nəşri yayıb.
Onun sözlərinə görə, Avropa İttifaqı sürətli addımlar atmağa hazırdır, lakin əgər Suriyanın yeni hakimiyyəti "səhv addımlar" atarsa, qərar yenidən nəzərdən keçirilə bilər.
Kallas konkret olaraq hansı məhdudiyyətlərin aradan qaldırılacağını açıqlamasa da, daha əvvəl mediada yayılan məlumatlara əsasən, Avropa İttifaqının planı bank sektoru və Suriya Ərəb Hava Yolları da daxil olmaqla aviaşirkətlərə tətbiq edilən sanksiyaların ləğvini, həmçinin neft ixracına qoyulan qadağanın yenidən nəzərdən keçirilməsini əhatə edir.
Suriyaya tətbiq edilən sanksiyaların yumşaldılması qərarı ölkədə hakimiyyət dəyişikliyi ilə bağlıdır, lakin keçmiş prezident Bəşər Əsəd və onun tərəfdarlarına qarşı sanksiyalar qüvvədə qalacaq.
Kallasın sözlərinə görə, bəzi məhdudiyyətlərin aradan qaldırılması "Suriya iqtisadiyyatına təkan verəcək, ölkənin ayağa qalxmasına kömək edəcək", həmçinin "ekstremizmə və Suriyanın keçmiş müttəfiqləri olan Rusiya və İrana yer olmayan sülhsevər siyasi gələcəyə istiqamət verəcək".
Yanvar ayının əvvəlində ABŞ Maliyyə Nazirliyi Bəşər Əsədin hakimiyyəti illərində Suriyaya tətbiq edilən sanksiyaların qismən və müvəqqəti olaraq ləğv edildiyini bildirib.
2012-ci ildən bəri Avropa İttifaqı və ABŞ əsasən hökumət və hərbi strukturları hədəf alaraq Suriyaya qarşı iqtisadi sanksiyalar tətbiq edib. Bu sanksiyalara neft embarqosu, investisiyalara məhdudiyyətlər, Suriya Mərkəzi Bankının aktivlərinin dondurulması, eləcə də repressiyalarda istifadə oluna biləcək avadanlıq və texnologiyaların ixracına qadağa daxil olub.
Bu arada isə bəlli olub ki, Bəşər Əsəd rejiminin süqutundan sonra Rusiya Suriyadan hərbi texnikasını çıxarmağa davam edir. Bu, Rusiyanın Aralıq dənizindəki yeganə Hərbi-Dəniz Donanması bazası olan Siriyadakı Tartus limanının "Azadlıq Radiosu"nun yaydığı peyk görüntüləri təsdiq edir.
Əvvəllər Rusiya rəhbərliyi Suriyanın yeni hakimiyyəti ilə Suriyada yerləşən hərbi bazaların icarəsinin davam etdirilməsi barədə razılığa gəlməyə çalışıb. Lakin texnikanın çıxarılmasına əsasən, hələlik bu razılaşmaya nail olunmadığı görünür.