Ekskluziv
1623
28 Jan 2025 | 22:13

"İsrailliləri Qrenlandiyaya göndərin və bir güllə ilə iki dovşan vurun" - Abbas Araqçı

"Tramp İranı yeni nüvə sazişi ilə bağlı danışıqlara başlamaq üçün etimadımızı qazanmalıdır..."
 
Moderator.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Arakçı İsrail və Amerikanın İranın nüvə obyektlərinə hücum edəcəyi təqdirdə "ağılsızlığa" yol verəcəklərini" bildirib və bunun Yaxın Şərqdə "çox ciddi fəlakətə" səbəb olacağını qeyd edib.
 
"Biz aydın şəkildə bildirmişik ki, nüvə obyektlərimizə edilən hər hansı bir hücuma dərhal və qətiyyətli cavab veriləcək. Amma düşünmürəm ki, onlar belə çılğın bir addım asınlar. Bu, həqiqətən ağılsızlıq olardı", - İranın diplomatiya rəhbəri vurğulayıb. O, əlavə edib ki, Tramp hələ də İranı ABŞ-la yeni nüvə sazişi ilə bağlı danışıqlara başlamağa razı salmalıdır.
 
"Vəziyyət əvvəlkindən fərqli və daha mürəkkəbdir. Qarşı tərəf bizim etimadımızı qazanmaq üçün çox iş görməlidir. İndiyə qədər yalnız gözəl sözlər eşitmişik, amma bu, açıq-aşkar kifayət deyil", - Arakçı bildirib.
 
O, həmçinin ABŞ prezidentinin Qəzzanı fələstinlilərdən "təmizləyərək" onları İordaniya, Misir və digər ərəb ölkələrinə köçürmək təklifini istehza ilə qarşılayıb.
 
"Mən başqa bir şey təklif edirəm. Fələstinlilər əvəzinə israilliləri köçürməyi sınayın, onları Qrenlandiyaya göndərin ki, bir güllə ilə iki dovşan vurmuş olasınız", - Abbas Arakçı Ağ Ev administrasiyasına müraciət edib.
 
Xatırladaq ki, Donald Tramp Danimarkanın yarımmuxtar ərazisi olan Qrenlandiyanı ələ keçirməklə təhdid edib. O, bu ideyanı illərdir irəli sürür və yanvarın 20-də Ağ Evdə vəzifəyə başladıqdan bəri bu konsepsiyanı dəfələrlə təkrarlayıb.
 
Qəzza ilə bağlı isə yanvarın 25-də o, İordaniya, Misir və digər ərəb ölkələrinin Qəzza sektorundan gələn fələstinli qaçqınların sayını artıracağına ümid etdiyini bildirib ki, bu da münaqişənin məhv etdiyi ərazilərin bərpasına başlamağa imkan verə bilər.
 
"İstərdim ki, İordaniya kralı II Abdullah digər insanları qəbul etsin. Misir də bu insanları qəbul etməlidir. Bu, təxminən bir milyon yarım insanı əhatə edir və bütün ərazini təmizləyəcək, o zaman "hər şey qaydasındadır" deyə bilmək imkanı yaradacaq," - prezident mətbuata açıqlamasında qeyd edib.
 
O, əlavə edib ki, fələstinli qaçqınların məskunlaşdırılması "müvəqqəti və ya uzunmüddətli ola bilər". Fələstinlilərin zorla köçürülməsi təklifini dəfələrlə həm Ramallahda yerləşən Fələstin Milli Administrasiyası, həm də İordaniya və Misir rədd edib.
Link kopyalandı!
Son xəbərlər