Ekskluziv
1344
28 Jan 2025 | 15:03

"Ukrayna sərfəli razılaşmaya inanmır və Putinin Trampı qəzəbləndirəcəyinə ümid edir" -  "Politico"

 
"Putin Ukraynanən təslim olmasından başqa heç bir şərti qəbul etməyəcək..."
 
Tramp və Ukraynanın müharibənin sona çatması ilə bağlı baxışları fərqlidir, lakin onların hər ikisi eyni dərəcədə səhv ola bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, Ukraynada müharibəni dayandırmaq məqsədilə mümkün sülh razılaşması ilə bağlı ABŞ prezidenti Donald Tramp və Ukrayna rəsmiləri fərqli fərziyələrə əsaslanır. Nəşr yazır ki, hazırda Ukrayna Trampın sərfəli razılaşma əldə edə biləcəyinə inanmır.
 
"Bunun əvəzinə Ukrayna rəsmiləri ABŞ prezidentinin inadkar Rusiya prezidentindən getdikcə daha çox qıcıqlanacağına və Trampın onlara daha birbaşa dəstək göstərəcəyinə ümid edir. Onlar hesab edir ki, Rusiya lideri Vladimir Putin Ukraynanın tam təslim olmasından başqa heç bir şərti qəbul etməyəcək, bu isə Trampın belə bir vəziyyətdən qaçmağa çalışdığı bir şərtdir", - nəşr yazır.
 
Lakin görünür ki, Tramp, sadəcə, Putini razı salaraq və onu qorxudaraq, Rusiyaya qarşı iqtisadi sanksiyaların gücləndiriləcəyi ilə hədələyərək ədalətli bir nizamlanma əldə edə biləcəyini düşünür.
 
"Ukraynanın taleyi hansı fərziyyənin doğru çıxacağından asılı olacaq. Bu, həmçinin Trampın özünü təqdim etdiyi kimi, həqiqətən də razılaşma üzrə böyük mütəxəssis olub-olmadığını göstərəcək. Lakin hər iki tərəfin səhv ola biləcəyi ehtimalı da var", - nəşr vurğulayır.
 
Amerikalı rəsmilərdən birinin qeyd etdiyinə görə, Tramp özü başa düşməlidir ki, Putin nə Ukraynaya, nə də ona heç bir güzəştə getmək istəmir.
 
"Bütün bu müddət ərzində Ukrayna konstruktiv tərəf olaraq qalmalıdır. Tramp və onun köməkçiləri rusiyalılarla özləri təmas qurmalıdır, o zaman hər şeyi başa düşəcəklər", - o, bildirib.
 
Trampın Putinlə bağlı fərziyəsi şübhəlidir
 
Ukraynanın strategiyası Trampın, nəhayət, Putinə qarşı səbrini itirəcəyinə dair kifayət qədər zəif fərziyəyə əsaslanır, amma Tramp komandasının fərziyəsi, yəni Rusiyanın iqtisadi səbəblərə görə danışıqlara meylli olduğu da şübhəli görünür, nəşr qeyd edir.
 
Analitiklər Andrea Kendall-Teylor və Maykl Kofman hesab edir ki, Putin müharibəni dayandırmaq üçün artıq az stimul hiss edir, çünki o, geri dönüş nöqtəsini keçib. Müharibənin dayandırılmasını tələb edən daxili təzyiq də müşahidə edilmir, əksinə, əks proseslər baş verir.
 
"Müharibə sərvətlərin ötürülməsi mexanizminə çevrilib, pullar Rusiyanın yoxsul bölgələrinə yönəldilir, iqtisadi elitanın bir çox üzvü müdafiə sektoruna keçərək sərfəli fürsətlərdən istifadə edir. Bu günə qədər elitalar sistemin mövcud konfiqurasiyasına uyğunlaşıb ki, bu da onların, sadəcə, sağ qalmasına deyil, hətta qazanc əldə etməsinə imkan verir", - analitiklər deyir.
 
Ukraynadakı müharibənin başa çatması - mümkün ssenarilər
 
Bundan öncə "The Times" qəzeti müharibənin sona çatması üçün dörd ssenarini açıqlayıb. Onlardan ən pisi Rusiyanın müharibəni uzun müddət davam etdirməsi və danışıqlardan yayınması ehtimalıdır.
 
Belə şəraitdə, əgər Ukrayna ABŞ-ın dəstəyindən məhrum olsa, hərbi məğlubiyyətə uğraya bilər. Lakin başqa ssenarilər də var. Məsələn, döyüşlərin dayandırılması baş verə bilər. Lakin bu addım sülh razılaşması ilə müşayiət olunmasa, münaqişəni yalnız donduracaq.
Link kopyalandı!
Son xəbərlər