"İsrailin 2024-cü ildə Livanda "Hizbullah"dan ələ keçirdiyi silahların 60 faizi SSRİ və Rusiya istehsalıdır..."
İsrail Livanda "Hizbullah" ilə mübarizə zamanı ələ keçirilmiş sovet və Rusiya istehsalı olan silahların Ukraynaya ötürülməsini nəzərdən keçirir. Hətta artıq bu prosesin başladığına dair əlamətlər mövcuddur.
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
İsrail çərşənbə axşamı Ukrayna diplomatları ilə görüşərək məsələnin detallarını müzakirə edib. Bu arada ABŞ hərbi təyyarələri İsraildən Polşanın şərqində yerləşən hərbi bazaya uçuşlar həyata keçirib.
"İsrailin sovet və Rusiya istehsalı olan silahları Ukraynaya göndərməyə başladığına dair əlamətlər var", - rusiyayönümlü "Two Majors" hərbi bloqu "Telegram-kanal"da bildirib.
Həmin bloq həmçinin sərt səthdə yerləşdirilmiş onlarla daşınan raket və ABŞ hərbi təyyarəsinin Almaniyadakı "Ramştayn" hərbi bazasından İsraildəki "Hatzor" bazasına, oradan isə Polşanın Ukrayna sərhədinə yaxın Jeşuv şəhərinə uçuşlarını əks etdirən şəkillər yayımlayıb.
Bildirilir ki, İsrailin 2024-cü ildə Livanda "Hizbullah"dan ələ keçirdiyi silahların təxminən 60 faizi SSRİ və ya Rusiya istehsalıdır. Bu silahlar arasında snayper tüfəngləri və Suriya tərəfindən "Hizbullah"a verilmiş müasir "Kornet" tankəleyhinə raketlər də var.
Diplomatik təşəbbüs və əməkdaşlıq
Bu təşəbbüs Ukrayna səfirliyinin İsrail xarici işlər nazirinin müavini Şarren Haskelə müraciətinə görə təşəkkür etməsindən sonra yaranıb. Haskel parlamentə qənimət götürülmüş silahların Ukraynaya verilməsini təklif edib.
"Bu təşəbbüs hər iki ölkənin üzləşdiyi ümumi təhdidlərin qəbul edilməsi istiqamətində vacib addım olacaq. Ukrayna tərəfi bu məsələnin müsbət həllini gözləyir", - Ukrayna səfirliyi bildirib.
İsrailin Ukrayna siyasətində dəyişiklik edir
"Jerusalem Post" nəşrinin məlumatına görə, silahların verilməsi ideyası Şarren Haskelin şəxsi təşəbbüsü olub. Eyni həftədə Ukrayna Prezidenti Vladimir Zelenski İsrail prezidenti İshaq Hersoq ilə görüşərək iki ölkə arasındakı əməkdaşlığın əsas aspektlərini müzakirə edib.
İsrail ənənəvi olaraq Rusiya ilə bağlı neytral mövqe tutub, lakin Moskvanın İranla yaxınlaşması İsraili Ukraynaya daha çox dəstək verməyə sövq edib.
Son üç ildə İran Rusiyaya Ukraynaya hücumlar üçün minlərlə pilotsuz uçuş aparatı və raketlər təqdim edib. Eyni zamanda, İran HƏMAS və "Hizbullah" kimi qruplaşmaları dəstəkləyir və bu qruplaşmalar İsraili məhv etməyə çalışır.
Keçən il İran İsrail ərazisinə yüzlərlə ballistik raket atıb. ABŞ bazar günü bildirib ki, Livanla İsrail arasında atəşkəs razılaşması fevralın 18-dək qüvvədə olacaq. Bu, İsrailin cümə günü Livanın cənubunda hərbi qüvvələrini saxlayacağını elan etməsindən sonra məlum olub.
Həmin gün İsrailin zərbələri nəticəsində Livanın cənubunda 22 nəfər ölüb. Livan hakimiyyətinin məlumatına görə, minlərlə insan İsrail ordusunun qadağasına baxmayaraq, evlərinə qayıtmağa çalışıb.