Qəzza əhalisinin köçürülməsi: Misir və Ərəb Dövlətləri Liqası Trampın təklifini rədd edib
Ekskluziv
1409
27 Jan 2025 | 17:14

Qəzza əhalisinin köçürülməsi: Misir və Ərəb Dövlətləri Liqası Trampın təklifini rədd edib

 
"Tramp hərbi cinayətləri və insanlıq əleyhinə olan cinayətləri təşviq edir..."
 
Misir ABŞ prezidenti Donald Trampın Qəzza bölgəsinin "təmizlənməsi" və əhalisinin Misir və İordaniyaya köçürülməsi planını rədd edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.
 
Məlumatda deyilir ki, Misir Xarici İşlər Nazirliyi öz açıqlamasında ölkənin "fələstinlilərin öz torpaqlarındakı dəyanətinə dəyişməz dəstəyini" vurğulayıb.
 
Qahirə bu ayrılmaz hüquqların pozulmasına qarşı çıxaraq bəyan edib: "İstər məcburi köçürmə, torpaqların ilhaqı, istərsə də bu torpaqların əhalisinin müvəqqəti və ya uzunmüddətli şəkildə köçürülməsindən asılı olmayaraq bu hüquqların istənilən şəkildə pozulması qəbuledilməzdir".
 
Misirin mövqeyini Ərəb Dövlətləri Liqası da dəstəkləyib. Onlar bildirib ki, "məcburi köçürmə və insanların öz torpaqlarından qovulması yalnız etnik təmizləmə kimi adlandırıla bilər".
 
"Fələstin xalqının istər köçürmə, istər ilhaq, istərsə də məskunlaşma genişlənməsi ilə öz torpaqlarından çıxarılması cəhdləri keçmişdə uğursuzluğa düçar olub".
 
Trampın planı və Misirin "qırmızı xətti"
 
Misir prezidenti Əbdülfəttah əs-Sisi Trampın yanvarın 26-da, bazar günü onunla bu məsələni müzakirə etməyi planlaşdırdığına baxmayaraq, dəfələrlə xəbərdarlıq edib ki, belə bir köçürmə təşəbbüsü "Fələstin dövlətçiliyinin köklərinin məhv edilməsi" məqsədinə xidmət edəcək.
 
Əs-Sisi bu perspektivi Misirin milli təhlükəsizliyinə təhdid yaradan "qırmızı xətt" adlandırıb. Misir Xarici İşlər Nazirliyi isə "iki dövlət həlli" prinsiplərinin həyata keçirilməsinə çağırış edib. Qahirənin sözlərinə görə, bu həll yalnız fələstinlilərin öz torpaqlarında qalacağı təqdirdə mümkün olacaq.
 
Trampın təklifi və reaksiyalar
 
ABŞ prezidenti Donald Tramp 25 yanvarın 25-də "Air Force One" təyyarəsində jurnalistlərə verdiyi açıqlamada 15 aylıq müharibədən sonra Qəzza bölgəsinin "dağıntılar məkanına" çevrildiyini bildirib. Buna görə də o, Misir və İordaniyanın Qəzza sakinlərini qəbul etməsini təklif edib. 
 
Tramp qeyd edib ki, bu köçürmə "müvəqqəti və ya uzunmüddətli" ola bilər. "Görünür, söhbət təxminən 1,5 milyon insandan gedir" deyən Tramp təklifinin məqsədini belə izah edib: "Biz sadəcə bu ərazini təmizləyəcəyik və deyəcəyik ki, hər şey bitdi."
 
HƏMAS və "İslami-Cihad"ın cavabı
 
HƏMAS və "İslami-Cihad" Trampın Qəzzanın "təmizlənməsi" planına dərhal reaksiya verərək, hər hansı məcburi köçürmə cəhdinin qarşısının alınacağını bəyan edib. İranın "İRNA" agentliyi hər iki təşkilatın açıqlamalarından iqtibas gətirib.
 
HƏMAS  Siyasi Bürosunun üzvü Basim Naim vurğulayıb ki, fələstinlilər belə layihələri əsla qəvul etməyəcək. "İslami-Cihad" isə Trampın təklifini "təəssüf doğuran" adlandırıb və onun "hərbi cinayətləri və insanlıq əleyhinə cinayətləri təşviq etdiyini" bildirib.
Link kopyalandı!
Son xəbərlər