Ekskluziv
1460
27 Jan 2025 | 15:21

"Şimali Koreya qoşunları Kursk cəbhəsindən geri çəkiib" - "Sky News"

 
"Ukrayna hərbçiləri deyir ki, KXDR əsgərləri əsir düşməmək üçün özlərini qumbaralarla partladır..."
 
KXDR qüvvələri Kursk vilayətində cəbhə xəttindən müvəqqəti olaraq geri çəkilib və ciddi itkilər verib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Sky News" nəşri məlumat yayıb.
 
Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, şimali koreyalılar ya ilk toqquşmalardan dərs çıxarır, ya yaralıları müalicə edir, ya da ehtiyat qüvvələrini gözləyir.
 
Ukrayna hərbçilərinin sözlərinə görə, Şimali Koreya qoşunları əvvəlcə dronların və artilleriyanın yaratdığı ciddi təhlükənin fərqində olmayıb. Onların taktikası əsasən 20, 40 və ya 60 nəfərlik qruplar halında piyada hücumlarından ibarət olub ki, bu da onları Ukrayna qüvvələri üçün asan hədəfə çevirib.
 
Hərbçilər həmçinin bildirib ki, KXDR əsgərlərinin "beyni yuyulub". Buna görə də onlar yaralı və ya ölü yoldaşlarının olmasına baxmayaraq, döyüş meydanında irəliləməyə davam edir.
 
Bundan əlavə, KXDR rəhbərliyi döyüş bölgəsində öz iştirakının izlərini gizlətməyə çalışır. Məsələn, Ukrayna hərbçiləri dəfələrlə yaralı və ölüləri çıxaran ağ dəbilqə taxmış şimali koreyalıları müşahidə edib.
 
Ukrayna hərbçilərinin sözlərinə görə, KXDR qoşunlarının başqa bir "xüsusiyyəti" əsir düşməkdən qətiyyətlə imtina etmələridir. Çox vaxt əsgərlər əsir düşməmək üçün qumbaralarla özlərini partladır.
 
Xüsusi əməliyyat qüvvələrinin 1-ci taborunun döyüş komandiri, ləqəbi "Puls" olan hərbçi bildirib ki, bir dəfə bir şimali koreyalının "General Kim Çen In uğrunda!" qışqıraraq özünü qumbara ilə partlatdığını eşidib.
 
Şimali Koreya və Rusiya qüvvələri arasında zəif koordinasiya
 
Ukrayna hərbçiləri əlavə edib ki, KXDR və Rusiya qoşunları arasında koordinasiya zəifdir. Əsas səbəb dil baryeridir. Bir dəfə radiodan ötürülən məlumat göstərib ki, KXDR əsgərləri səhvən rus mövqelərinə hücum edib.
 
Onların təchizatında da fərqlər var. Məsələn, şimali koreyalı əsgərlərin tüfəngləri və formaları daha yaxşıdır, lakin ağır zirehli texnikaları yoxdur.
 
"Puls" həmçinin qeyd edib ki, KXDR əsgərləri hamısı səliqəli, təmiz üzlü və mükəmməl formada olub. Onların yaşını isə təxmin etmək çətin olub, çünki hamısı 25-40 yaş arasında olduğu kimi görünüb.
 
KXDR qoşunlarının yanlış hesablamaları
 
Ləqəbi "Treyner" olan başqa bir Ukrayna hərbçisi bildirib ki, şimali koreyalılar döyüş meydanında öz imkanlarını həddən artıq qiymətləndirir. Onun sözlərinə görə, bəzi şimali koreyalıların üzərində yalnız sursat və şokolad olub.
 
"Onların heç birində su butulkası belə olmayıb. Onlar mövqeləri ələ keçirib bizim ehtiyatlarımız hesabına yaşamağı planlaşdırıb", - o, əlavə edib.
 
"Treyner" KXDR əsgərlərinin şəxsi əşyalarını, məsələn, bloknotlar, əl ilə çəkilmiş xəritələr, uşaqları və analarının şəkilləri, eləcə də evlərinə göndərmək istədikləri məktublar tapıb.
 
"Puls" vurğulayıb ki, KXDR qoşunları ruslardan daha nizam-intizamlıdır. Onlar tamamilə "beyni yuyulmuş" vəziyyətdə olsa da, çox qətiyyətlidir.
 
Təxminən iki həftə əvvəl KXDR qoşunlarının cəbhə xəttindən çəkildiyini müşahidə etdiyini deyən "Puls" əlavə edib: "Ruslar hələ də cəbhə xəttində fəaldır, amma koreyalılar yoxdur."
 
O, həmçinin qeyd edib ki, rusların radiodan ötürdüyü məlumatlar KXDR əsgərlərinin döyüş meydanına geri dönəcəyinə işarə edir.
Link kopyalandı!
Son xəbərlər