“Biz də kimlərəsə baxıb bu sənətdə nələrsə öyrənmişik, amma özümüz olmuşuq. Yadıma gəlir ki, biz gözəl ifaçılara qulaq asırdıq, gözəl aktyorlara baxıb onlardan nəyisə götürürdük. Amma məktəb olaraq götürürdük. Onların təkrarladığını təkrarlamaq istəmirdik. Mən düşünürəm ki, müğənni özü olar, heç kimi təkrarlamaz. Azərbaycan şou-biznesi bizim nəsillə getdi. İndi nə şou-biznes var, nə də ki, estrada! Bunu siz tamaşaçılar da bilirsiniz. Bu gün küçə mahnıları var. Dırnaqarası bəstəkarlar tərəfindən bəstələnmiş, yaddaşlarda 3 gün qala biləcək mahnılar mövcuddur. Onlara mahnı demək olarsa. Biz son nəsil idik. Bizdən sonra gələnlər nə etmək istəyirlərsə bunu heç kim bilmir. Nə musiqi var, nə söz var. Bayağılıq baş alıb gedir. Biz isə çalışırıq bayağılıqdan qaçaq və qarşısını alaq. Amma mümkün deyil. Biz azıq, onlar isə çoxdur. Çox təəssüf edirəm ki, Azərbaycan musiqisi bu gün xəstədir, şikəstdir. Sağalmaz bir dərdə düçar olub. Bu bir vətəndaş, müğənni olaraq məni çox incidir və çox narahat edir”
Bunu Moderator.az-a açıqlamasında məşhur müğənni Nadir Qafarzadə deyib.
Yeni nəsil müğənnilərin yaddaşlarda qalmadığını bildirən müğənni xalq artisti, daim yeniliklərə imza atan və bu gün doğum gününü qeyd edən Aygün Kazımovanı yerə-göyə sığdırmayıb:
“Aygün Aygündür də. İkinci Aygün doğulmayıb. Heç inanmıram bundan sonra da doğulsun. Elə insanlar var ki, onlar neçə ildən bir dünyaya gəlir. Aygün xanım da həmin insanlardandır ki, bir dəfə doğulur, ikinci Aygün olmur. Mən düşünmürəm ki, ikinci elə bir Aygün gələcək ki, bütövlükdə öz həyatını səhnəyə, yaradıcılığa həsr edəcək. Artıq illərdir ki, aktuallığını itirməyən, hər zaman dəbdə olan, sevilən və çox zəhmətkeş bir sənətkardır. O təkcə Azərbaycanın starı deyil, dünya səviyyəsində bir stardır, dostdur. O mənim ulduz dostumdur. Aygündən yoxdur, olmayacaq da. Çoxu bu gün Aygün olmaq istəyir” deyə müğənni bildirib.
Nadir Qafarzadə bildirib ki, Aygün Kazımova vəfalı dostdur:
“Aygün xanımla artıq 20 ilə yaxındır dostuq. Mən onunla yol yoldaşı da olmuşam, uzaq Afrikaya qədər gedib çıxmışıq. Bir realiti şou var idi. Orada, şəraitsiz bir yerdə 20 günə yaxın yaşamışıq. O mənə, mən ona çox dəstək olmuşam. Konsertlərə birlikdə getmişik. Aygün heç vaxt məğlubiyyəti sevmir, yalnız qalib olmaq istəyir. Onun məqsədi yalnız qalibiyyətdir. O tənbəl insanları da sevmir. İstəyir ki, ətrafında olan dostları da güclü olsunlar. Aygün özü də güclü insandır. Allah bu enerjini, dinamikanı ona çox görməsin. Biz eyni yaşdayıq. Aramızda 2 həftə fərqimiz var. Biz tez-tez görüşüb-danışa bilməsək də vatsapda yazışırıq. Bu dəfə də məni doğum günündə görmək istədi. Məmnuniyyətlə getdim. Mən hər il onun ad günündə iştirak edirəm” deyə Nadir Qafarzadə bildirib.