"Avropa İttifaqının seçkiləri tanıyıb-tanımamasının mənim üçün qətiyyən istisi-soyuğu yoxdur..."
Bu gün, yanvarın 26-da Belarusda prezident seçkiləri keçirilir. Ölkənin hazırkı 70 yaşlı rəhbəri Aleksandr Lukaşenko ardıcıl yeddinci dəfə namizədliyini irəli sürüb.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.
Seçki bülletenlərində daha dörd namizəd yer alıb: Belarus Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç, Belarus Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sırankov, Belarus Əmək və Ədalət Partiyasının sədri Aleksandr Xijnyak və Milli Məclisin keçmiş deputatı Anna Konopatskaya. Dörd namizəddən ikisi artıq Lukaşenkonun qələbəsini tanıyıb.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Belarus prezidenti "legitimliyə malik deyil". Onun sözlərinə görə, bu seçkilər "demokratiyaya qarşı təhqirdir". "Lukaşenko 30 ildir ki, hakimiyyətdədir. Sabah o, növbəti saxta seçkilərdə özünü yenidən qalib elan edəcək", - Kallas qeyd edib.
Avropa Parlamentinin onun gözlənilən qələbəsini tanımamağa çağıran qətnaməsini şərh edən Lukaşenko həmin sənədi "Vaşinqtondakı böyük qardaşlar qarşısında sürünmək" adlandırıb.
"Əgər siz seçkilərə bu qədər prinsipial yanaşırsınızsa, gedin, onlara Amerikanın seçkiləri haqqında bir şey deyin, dəhşətlidir. Burda isə mümkündür: bilirlər ki, heç nə olmayacaq", - Lukaşenko bildirib və əlavə edib ki, Avropa İttifaqının Belarus prezident seçkilərinin nəticələrini tanıyıb-tanımaması onun üçün əhəmiyyət daşımır.
"Avropa İttifaqında siz bu seçkiləri tanıyırsınız ya yox- bu, zövq məsələsidir. And olsun ki, bunun mənim üçün qətiyyən istisi-soyuğu yoxdur" - o, vurğulayıb.
Qərb beynəlxalq təşkilatlarından müşahidəçilər bu seçkilərdə iştirak etmir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun mütəxəssisləri 2019-cu ildə keçirilən parlament seçkilərindən sonra Belarusda fəaliyyətlərini dayandırıb. Səsverməni 8 beynəlxalq təşkilatdan olan 374 nümayəndə (ən çoxu MDB müşahidəçiləridir- 280 nəfər) və 112 müstəqil müşahidəçi izləyir.
Belarusdan kənarda seçki məntəqələri açılmayıb. 2020-ci il seçkilərində müxalifət namizədi Svetlana Tixanovskaya xaricdəki seçicilər arasında qalib gəlmişdi.
"Bu gün Belarusda baş verənlər hoqqabazlıq və imitasiyadır. Bu, seçki deyil, daha çox Lukaşenkonun hakimiyyəti qanunsuz şəkildə qorumaq üçün apardığı "xüsusi seçki əməliyyatıdır", - Svetlana Tixanovskaya qeyd edib. O, vurğulayıb ki, Avropa İttifaqı, ABŞ və ATƏT-in 37 ölkəsi bu seçkiləri tanımayıb. Tanımama barədə bəyanatlar artıq səsvermə günündən əvvəl səsləndirilib.
"Belaruslar Lukaşenkonu heç vaxt qəbul etməyəcək. O, hakimiyyəti qəsb etmiş cinayətkardır və Putinin köməyi ilə 9 milyon belarusu girov kimi saxlayır. Minlərlə insan siyasi və ictimai mövqeyinə görə həbsdədir. O, Belarusu müharibəyə sürükləyib, ölkəmizi Rusiyaya təslim edir və qonşularımıza təhlükə yaradır. O, Belarus xalqını təmsil etmir", - Tixanovskaya əlavə edib.