Ekskluziv
1397
26 Jan 2025 | 21:51

"Bu, sanki güllədir": Zelenski Trampın Putinə ultimatumunu şərh edib

"Şər mütləq məğlub olmalıdır, əks halda yeni dünya müharibəsi qaçılmaz olacaq..."
 
Rusiya diktatoru Vladimir Putin Ukraynaya qarşı müharibəni dayandırmaq niyyətində deyil və ABŞ prezidenti Donald Tramp bu vəziyyətdə yaranan çətinlikləri anlayır.
 
Moderator.az xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Vladimir Zelenski italiyalı jurnalist Çeçiliya Saliyə "Il Foglio" qəzetinə verdiyi müsahibəsində ifadə edib. Məlumatı "udf.name" nəşri yayıb.
 
Zelenski bu sözləri ABŞ prezidenti Donald Trampın "Truth Social" sosial şəbəkəsində yazdığı mesajına cavab olaraq deyib. Tramp mesajında Putini Ukraynaya qarşı müharibəni dayandırmağa və "razılaşmaya nail olmağa" çağırıb, əks halda Rusiya üçün "hər şey daha da pis olacaq".
 
“Bu, güclü bir insanın siqnalıdır. Bu, sanki güllədir. Bu, xəbərdarlıq atəşi deyil, burada mesaj birbaşa göndərilir: müharibəni dayandırmaq lazımdır", - Zelenski vurğulayıb.
 
Ukrayna prezidenti əlavə edib ki, hələlik bu məsələnin necə olacağı məlum deyil və təfərrüatlar bəlli deyil. "Düşünürəm ki, Trampın özü də bütün detallarını bilmir, çünki çox şey bizim hansı ədalətli sülhə nail ola biləcəyimizdən və ümumiyyətlə, Putinin müharibəni dayandırmaq istəməsindən asılıdır. Mənim fikrimcə, o bunu istəmir," - Zelenski qeyd edib.
 
O, Trampın bu çətinlikləri anladığını və buna görə də müharibəni dayandırmaq üçün konkret bir siqnal verdiyini bildirib: "Çünki daha da pis olacaq. O, "daha pis" deyərkən mesajı Rusiyaya yönləndirir. Bu, taktiki bir yanaşmadır və bu gün mənim üçün bu cür yanaşma məqbuldur," -
Ukrayna Prezidenti vurğulayıb.
 
Zelenski əlavə edib ki, müharibə heç kimə yaxşılıq gətirmir: "Bu, nə mənim, nə ailəm, nə də Ukraynanın hər bir vətəndaşı üçün yaxşıdır. Mən buna əminəm. Müharibə yalnız həyatları alır, vaxtı itirir, müsbət emosiyaları yox edir. Bu yolda çox şey itirilir. Şübhəsiz ki, şər məğlub olmalıdır, əks halda başqa bir müharibə olacaq: ikinci, üçüncü, beşinci dünya müharibəsi və s. Ona görə də şər mütləq məğlub olmalıdır."
 
Ukraynada müharibənin sonu ilə bağlı digər fikirlər
 
"The Telegraph" qəzetinin jurnalisti və siyasi şərhçisi Ben Marlou qeyd edib ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın iqtisadiyyatını çökdürə və Ukraynadakı müharibəni bitirə bilər.
 
O, bildirib ki, Trampın andiçməsindən bir neçə saat sonra Vladimir Putin və Si Tszinpin telefon danışığı apararaq Moskva ilə Pekin arasında əməkdaşlığı "yeni zirvəyə" qaldıracaqlarını vəd edib.
 
Andiçmədən bir gün sonra isə Tramp Çini gömrük rüsumları ilə hədələyərək onu "qaydaları pozan" adlandırıb və Kremli Ukraynadakı müharibə dayandırılmasa "böyük problemlərin" gözlədiyi barədə xəbərdar edib.
 
Sonradan Tramp bəyanatlarını sərtləşdirərək xəbərdarlıq edib ki, münaqişə uzanarsa, "ABŞ Rusiya tərəfindən ixrac olunan bütün mallara yüksək vergilər, tariflər və sanksiyalar tətbiq etməli olacaq".
 
Ben Marlou vurğulayıb ki, Çinə qarşı sanksiyalar tətbiq etmək bir məsələdir, lakin Avropa sərhədlərində müharibəni davam etdirən Moskvaya iqtisadi təzyiq göstərmək ABŞ-ın gücünün bərpasının parlaq sübutu olacaq.
 
Amma skeptiklərin fikrincə, ABŞ-la Rusiya arasındakı ticarət əlaqələri minimaldır. Buna baxmayaraq, həssas sektorları hədəfləyən sərt sanksiyalar Kreml iqtisadiyyatını ciddi dağıntıya məruz qoya bilər və bu, Putini müharibəni dayandırmağa məcbur edər.
Link kopyalandı!
Son xəbərlər