Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasının təxribatçı addımları davam edir. Bugünlərdə missiya nümayəndələri yenidən şərti sərhəddə gələrək Azərbaycan Ordusunun mövqelərini binoklla müşahidə ediblər.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov, Avropa İttifaqının Ermənistandakı missiyasını “şpion yığnağı” kimi xarakterizə edib:
“Avropa İttifaqının Ermənistandakı missiyasının sülhlə, təhlükəsizliklə heç bir əlaqəsi yoxdur. Onlar “şpion” yığnağı, quldur dəstəsidir. Missiyaya keçmiş hərbçilər, kəşfiyyatçılar cəlb olunub ki, bu da missiyanın fəaliyyəti haqqında hər şeyi deyir.
Avropa İtifaqı missiyası mövqelərimizə yaxınlaşmaq, mövqelərimizi müşahidə etmək kimi təxribatçı addımlardan əl çəkməlidir. Onlar anlamalıdırlar ki, bu cür təxribatçı hərəkətlər Ermənistanda revanşizm meyillərini gücləndirməklə yanaşı, İrəvanı da yeni təxribatlara həvəsləndirir.
Azərbaycan regionda yeni bir gərginlik, yeni bir qarşıdurma istəmir. Ancaq bununla yanaşı, hər kəs bilməlidir ki, dövlətimiz ona yönəlik istənilən təxribatın qarşısını qətiyətlə almaq əzminə sahibdir və bu istiqamətdə bütün zəruri addımları atacaq”.
Seymur ƏLİYEV