“Metronu “talpuçka” ediblər, oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar?”-Xalq artistindən İRAD+ÖZƏL
Ekskluziv
1577
25 Jan 2025 | 18:56

“Metronu “talpuçka” ediblər, oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar?”-Xalq artistindən İRAD+ÖZƏL

Xəbər verdiyimiz kimi Hesablama Palatasının "Bakı Metropoliteni" QSC-də apardığı audit nəticəsində sərnişindaşımanın maya dəyərinin süni şəkildə artırıldığı üzə çıxıb. Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, sərnişindaşıma fəaliyyəti üzrə subsidiyalar düzgün tənzimlənməyib. Belə ki, yaranan sərbəst vəsaitlər əsaslandırılmadan muzdlu işçilərə fərdi mükafat adı ilə ödənilib. Bu ödənişlər gəlirdən çıxılan xərclərə aid edilərək sərnişindaşıma xidmətlərinin maya dəyərinin artmasına səbəb olub. Audit nəticəsində 13,6 min manatlıq debitor borcun uçota bərpa olunması, qanunsuz tikinti-quraşdırma işlərinin layihə-smeta sənədlərinə uyğunlaşdırılması və digər nöqsanların aradan qaldırılması üçün aidiyyəti qurumlara tövsiyələr verilib. Həmçinin, layihələrin başa çatdırılması üçün zəruri tədbirlərin görülməsi tələb edilib. 
 
 
Xalq artisti, tanınmış aktyor və rejissor Əbdül Mahmudbəyov Moderator.az-a açıqlamasında bildirib ki, metrodakı bu nöqsanlar bağışlanmaz hadisədir:
 
“Tək metrodan yığılan pullarla Azərbaycanı dolandırmaq olar. Metroya girib-çıxmaq mümkün deyil, oranı “talpuçka” ediblər. Üstəlik də nə qədər reklamı var. Cinayət cəzasız qalanda belə olur da. Metropolitenin sədrini bu fakta görə nə edəcəklər ki? Tutacaqlar? Əlbəttə ki, yox! Əksər məmurlar bir xəstəliyə yoluxublar. Onlar düşünürlər ki, necə edək ki, bu xalqa, millətə, dövlətə ziyan vurub, əzab verək?! Elə bil ki, bunlar sistemli şəkildə bir mərkəzdən idarə olunurlar. Görünən kəndə nə bələdçi? Dövlətimiz, dövlət başçımız çalışır, qurur, yaradır, məmurlar gəlib bu əməyi heç edirlər! Bu belədir də.. Kor da bilir ki, balıq şordur. Sədr belə bir şeyə cəsarət edibsə, bu ictimailləşdirilibsə, cəzasız qalacaqsa, o zaman elə köhnə hamam, köhnə tas söhbəti deyilmi?” deyə sənətkar bildirib.
Əbdül Mahmudbəyov metropolitenin eks sədri, mərhum Tağı Əhmədovu da xatırlayıb:
 
“Rəhmətlik Tağı Əhmədovun vaxtında hər şey çox yaxşı idi. Onu şəxsən tanıyırdım. Mən bilmirəm bizim mətbuatın qərəzli tərəfi niyə düşmüşdü kişinin üstünə? Onun vaxtında əxlaq vardı, sənətə, sənətkara hörmət vardı. Mədəni bir insan idi. Bizim bəzi mətbuat nümayəndələrimiz harada əxlaqlı insan varsa düşür onun üstünə. Heç gör bir kəlmə ləyaqətsiz adam haqda danışırlar? Əsla yox!” deyə xalq artisti bildirib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər