Bizi sosial şəbəkələrdən izləyin:
"Müharibənin bitməsində əsas rolu diplomatiya və iqtisadiyyat oynayacaq..."
ABŞ prezidenti Donald Tramp hesab edir ki, neftin qiymətinin kəskin azalması Rusiyanı müharibənin başa çatdırılması üçün danışıqlara vadar edəcək.
Moderator.az xəbər verir ki, bu barədə Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq "Fox News" nəşrinə müsahibəsində bəyan edib.
O, cümə günü səhər Donald Tramp ilə Ukraynadakı müharibənin başa çatması barədə danışdığını deyib. Amerika liderinin fikrincə, Ukraynadakı müharibə yalnız döyüş meydanındakı hadisələrlə başa çatmayacaq, onun bitməsində əsas rolu diplomatiya və iqtisadiyyat oynayacaq.
Xüsusilə Rusiyanın dövlət büdcəsinin əsas mənbəyi olan neftin qiyməti mühüm əhəmiyyət daşıyır. Kelloq əlavə edib ki, hazırda neftin bir barelinin qiyməti təxminən 70 dollar təşkil edir.
"Rusiya neft satışından milyardlarla dollar qazanır. Bəs neftin qiymətini 45 dollara, yəni onun maya dəyəri səviyyəsinə endirsəniz nə olar? Tramp dünən Davosda bu haqda danışıb. Prezident məhz bu yanaşmadan çıxış edir. O, iqtisadiyyatdan və diplomatiyadan istifadə edir, Şimali Koreyalılarla və ya çinlilərlə danışıqlar aparır. Bax, biz bu müharibəni belə başa çatdıracağıq", - Kelloq bildirib.
Trampın neftlə bağlı bəyanatları
Xatırladaq ki, yanvarın 24-də Donald Tramp müharibənin tez bir zamanda başa çatması üçün OPEC-i neftin qiymətini azaltmağa çağırıb. Onun sözlərinə görə, neftin dünya bazarındakı aşağı qiymətləri müharibəni "tez dayandırmağa" kömək edəcək:
"Ukraynada müharibənin tez bir zamanda dayandırmağın yollarından biri bu qədər çox pul qazancını dayandırmaq və OPEC üçün neftin qiymətlərini aşağı salmaqdır. O zaman bu müharibə dərhal sona çatacaq", - Tramp bəyan edib.