"Bu qüvvələr Gürcüstan və Ukraynada çevrilişlər etmək təcrübəsinə malikdir..."
Slovakiyada hökumətin kremlyönümlü siyasətinə qarşı etiraz hərəkatı qızışır.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, dünən ölkənin təxminən 30 şəhərində, o cümlədən Bratislava, Poprad, Banska-Bistritsa, eləcə də Polşa, Almaniya, Çexiya və İrlandiyada genişmiqyaslı aksiyalar başlayıb.
Təşkilatçıların hesablamalarına görə, Brarislavada təxminən 60 min insan küçələrə çıxıb. Bu, iki həftə əvvəl keçirilən aksiyadakı iştirakçıların sayından təxminən dörd dəfə çoxdur. Etirazçıların əsas şüarı "Slovakiya Avropadır" oldub. Nümayişçilərin əsas tələbi isə ölkənin baş naziri Robert Fitsonun istefasıdır.
"Slovakiya Avropaya məxsusdur. Biz dəyərlər baxımından Avropanın bir hissəsi olmaq istəyirik. Biz Rusiyaya məxsus deyilik, heç bir halda Rusiya ilə əməkdaşlıq etmək istəmirik və bu, bizim mövqeyimizdir. Biz bu mövqeyi nəzakətlə, lakin məsuliyyətlə ifadə etməliyik", - Bratislava paytaxtında keçirilən mitinqdə çıxış edən "Ukrayna üçün sülh" təşkilatının icraçı direktoru Marian Kuliç bildirib.
Fitso açıq şəkildə bəyan edib ki, müxalifət hökumət binalarını zəbt etmək, yolları bağlamaq, ümummilli tətil təşkil etmək və polis ilə qarşıdurmalar yaratmaq planı çərçivəsində onun hökumətini devirmək məqsədilə tədbirlər görür.
"Biz elə bir struktur görürük ki, bu toplantılardan, mitinqlərdən əsasən dövlətin təhlükəsizlik qüvvələri ilə mümkün qarşıdurmalar yaratmaq, gərginliyi daha da artırmaq, təcavüzü genişləndirmək üçün istifadə etmək istəyir. Bu, təşkilatçıların hazırladığı planın reallaşdırılmasına yönəlib", o, bildirib.
Slovakiya baş naziri həmçinin ölkənin Təhlükəsizlik Şurasının iclasını çağırıb və müxalifəti hakimiyyətin dəyişdirilməsini planlaşdıran xarici strukturlarla əlaqələrdə ittiham edib.
Onun sözlərinə görə, bu qurumlar Gürcüstanda və Ukraynada "bu cür çevrilişlər" təşkil etmək təcrübəsinə malikdir. Fitso əlavə edib ki, yaxın günlərdə respublika ərazisində olan "xarici təlimatçıların" ölkədən çıxarılması üçün hazırlıqlara başlanacaq.
Fitso 2023-cü ildə dördüncü dəfə baş nazir olub. Onun tənqidçiləri hökumətin demokratik dəyərləri zəiflətdiyini, xarici siyasəti Avropa İttifaqı və NATO müttəfiqlərindən uzaqlaşdıraraq Rusiya ilə yaxınlaşdırdığını iddia edir. Ölkədə etirazların son dalğası keçən ilin dekabr ayında Fitsonun Moskvaya səfərindən sonra başlayıb.