Yazar
İlham İsmayıl
Bütün yazılar
ekskluziv
1820
25 Jan 2025 | 11:25

Rusiyanın Ermənistanı cəzalandırması kimin marağına uyğundur?

Son vaxtlar Azərbaycan mediasında (televiziyalar da bura aiddir) Ermənistandakı vəziyyət barədə analitik təhlillər aparan jurnalistlər, şərh verən bəzi politoloqlar israrla sual edirlər ki, Rusiya niyə Ermənistanı cəzalandırmır? 
 
Yalnız Rusiyanın deyil, İranın da Ermənistanı cəzalandırmadığına təəccüb edir, hətta bu dövlətləri Ermənistana qarşı “tolerantlıqda” qınayırlar. KTMT çərçivəsində fəaliyyətini donduran Ermənistanı hələ də müttəfiq kimi görən Rusiyanı sərt tədbirlər görməməkdə qınayır, amma tezliklə tədbirlər görəcəyinə inandıqlarını da qeyd edirlər. Bu mövqeni sərgiləyənləri bir tərəfdən başa düşmək olar. Bizim başımıza gəlib. Ermənistanın etdiklərini Azərbaycan etsəydi, yəqin ki, Rusiya çoxdan sərt sifətini bizə göstərmişdi. Biz tarixən bunu görmüşük, bəlkə də təəccüb buradan qaynaqlanır. Amma, bir xətt olaraq bu cür yanaşmaqda davam etmək zərərlidir.
Zvartnos hava limanında Rusiya sərhədçilərinin fəaliyyətinə son verilməsini, ardınca Rusiya sərhədçilərinin sərhəd bölgələrində xidməti dayandıracaqlarını, ABŞ hərbçilərinin təlim keçəcəyi erməni sərhədçilərin həmin bölgələrdə xidmətə başlamasını, uzaq deyil, bəlkə də yaxın zamanlarda Gümrüdəki Rusiya bazasının da ləğv edilməsini bizim bəzi yazarlar, şərhçilər niyə qəzəblə qarşılayır və Rusiyanı hərəkətsizlikdə qınayırlar? Paşinyanı qərbyönümlü siyasət yeridib Rusiyanı satmaqda ittiham edirlər.
 
Vəziyyətə neytral baxış, neytral təhlil və perspektiv proqnozlar verilirsə, bu normaldır, amma yaranmış situasiyaya təəssüflə yanaşırsansa, bu təəssüflənmənin Azərbaycanın maraqlarına uyğun olub-olmadığını da əsaslandırmalısan. Rusiyanın Ermənistanı cəzalandırması necə olar və bu Azərbaycanın maraqlarına həm situativ, həm də strateji baxımdan uyğundurmu?  
 
Rusiyanın iqtisadi baxımdan Ermənistana ciddi təsir imkanları var. Ermənistanı iqtisadi baxımdan sıxarsa, bir Lars yolunu Ermənistan üçün bağlayarsa, vaxtilə Gürcüstana olan hava reyslərini dayandırdığı kimi İrəvana uçuşları da ləğv edərsə, qaz təchizatını dayandırarsa və ya qiyməti qaldırarsa, başqa təzyiqlərə də start verərsə Ermənistan əhalisi ayağa qalxacaq, Paşinyan hakimiyyətini qovacaq.  Nəticədə Rusiya ilə yaxşı münasibətləri olan birisi hakimiyyətə gətiriləcək ki, “ naveki vmeste” şüarları yenidən Ermənistan yollarını, küçələrini bəzəsin, təzyiqlərə son verilsin. 
 
Bəs, hakimiyyətə kim gələcək? Keşiş Baqrat, Robert Koçaryan və ya oğlu Levon, Serj Sarkisyan, Artur Vanetsyan, bir sözlə Paşinyana müxalif olan rusiyayönümlü siyasi fiqur(lar). 
 
Bu bizə lazımdır? Azərbaycanın maraqlarına uyğundur? 
 
Yoxsa, adlarını çəkdiyimiz rusiyayönümlülər hakimiyyətə gələndə qucaq açıb Zəngəzur dəhlizini bizə peşkəş edəcək? Və ya satellitindən Kreml tələb edəcək ki, təcili Azərbaycanla bizim istəyimizə uyğun sülh müqaviləsi imzalasın? Qatı Azərbaycan və Türkiyə düşməni olan bu rusiyayönümlülərin yenidən kilsəni, daşnakları, diasporanı br yerə toplayıb revanşist siyasətə başlayacaqları indidən görünür. O kilsə, o daşnaklar və diaspora ki, Paşinyan onları siyasi meydandan təcrid edib. Rusiya da hakimiyyətə gətirdiklərinin mövqeyini möhkəmləndirmək üçün mütləq Azərbaycana qarşı iddia ilə çıxış edib, guya ki, nəzarət etdiyimiz 200 kvadrat kilometrlik Ermənistan torpaqlarından geri çəkilməni tələb edəcək. Əks halda, KTMT üzvü kimi vəzifə borcunu yerinə yetirməyəcəyinə, döyüşlə geri almayacağına və hərəkətə keçməyəcəyinə kim zəmanət verir? Yolları Ermənistana bağlanmış Zatulin, Simonyan, Qabrelyanov, Papazyan və bu tip Azərbaycan düşmənləri yenidən İrəvanı su yolu edib “Lazarev klubu”nu dirildəcək. Koçaryan dövrünün baş diplomatına fürsət veriləcək ki, Qarabağ ermənilərinin geri qayıtması üçün beynəlxalq platformalarda fəaliyyətə başlasın. Bu cür başağrılar, düşmənə fürsət vermək cəhdləri bizə lazımdırmı? Paşinyanı Azərbaycana olan səhv siyasətinə görə nə qədər istəyirsiniz tənqid edin, amma onun Rusiya və İranın maraqlarına cavab verməyən siyasətini hədəfə alıb, nədən cəzalandırılmadığını qayğı ilə, istəklə dilə gətirərkən sual edin: bu Azərbaycanın maraqlarına uyğundurmu?
 
Ermənistan hakimiyyəti ölkəsinin forpost olmasını istəmir və bunu açıq deyir. Məgər Cənubi Qafqaz respublikalarının ərazisində başqa bir gücün hərbi bazasının olması bölgənin təhlükəsizliyinə təhdid deyilmi? Ermənistanda Rusiyanın yerinə Fransa və ya ABŞ hərbi bazası yer tutacağını deyənlər yanılırlar. Gürcüstan zamanında illərlə Qərbə yaxın oldu, amma Qərbin hərbi bazaları yerləşdirilmədi, ən uzağı birgə hərbi təlimlər keçirildi. Bu isə normal haldır.
 
Azərbaycanın bu gün bölgədə söz sahibi olması, ümumiyyətlə danılmaz uğuru indiki konfiqurasiya ilə bağlı deyilmi? Mövcud status-kvonun bizim maraqlarımıza uyğun olması bu qədər real olduğu halda onu dəyişmək kimin marağına xidmət edir? 2016 aprel döyüşlərini xatırlayın. Döyüşlərin dördüncü günü Rusiya müdafiə naziri Sergey Şoyqu bizim müdafiə nazirinə zəng vurub yekəxana şəkildə: “prekratite eti dela” deməsi unudulmayıb. Elə həmin ilin setntyabrında İrəvanda hərbi paradda Serj Sarkisyan Moskvanın hədiyyə etdiyi “İsgəndər” raketini nümayiş etdirməklə bizə meydan oxumurdumu?
 
Geosiyasi situasiyaya qiymət verərkən həm yaxın-uzaq tarixi, həm də bu günkü reallığı düzgün, maraqlarımıza uyğun dəyərləndirmək zəruri və daha məqsədəuyğundur.
 
 İlham İsmayıl
Top xəbərlər
Link kopyalandı!
Son xəbərlər