Ekskluziv
669
24 Jan 2025 | 19:10

"Putin Trampın təhdidlərini siyasi hiylə hesab edir" - "The Wall Street Journal"

"Moskva hesab edir ki, mübarizəni davam etdirmək üçün kifayət qədər resurs və gücə malikdir..."
 
ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı iqtisadi təzyiqləri artıraraq Vladimir Putini Ukrayna ilə bağlı danışıqlara məcbur etmək təhdidləri Rusiya tərəfinin soyuqqanlı reaksiyası ilə qarşılanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, Putinin yaxın çevrəsi Trampın təhdidlərini boş sözlər kimi görmək üçün əsaslara malikdir. Müharibə ölkənin resurslarını və işçi qüvvəsini tükəndirsə də, Kreml hesab edir ki, sanksiyalara qarşı müvəffəqiyyətlə dayanıb və ən azı bir il münaqişəni davam etdirməyə qadirdir. Rusiyanın həm maliyyə, həm də insan itkisi yaşamasına baxmayaraq, analitiklər ölkənin mübarizəni davam etdirmək üçün hələ də kifayət qədər resursa malik olduğunu deyir.
 
Nəşrin qeyd etdiyi kimi, ABŞ-ın Ukraynaya yeni yardım paketinin gündəmdən çıxması fonunda Trampın xəbərdarlığı Rusiyanı əsas tələblərindən-zəbt edilmiş ərazilərin tanınması, NATO-Ukrayna əlaqələrinin kəsilməsi və Ukrayna silahlı qüvvələrinin əhəmiyyətli dərəcədə ixtisarı kimi məsələlərdən geri çəkilməyə məcbur etmək üçün yetərli görünmür.
 
"Kreml Trampın "Truth Social" platformasında səsləndirdiyi bəyanatları danışıqlara hazırlıq mərhələsində bir hiylə kimi görməyə meyllidir və Vaşinqtondan daha ciddi təşəbbüs gözləyir", -  məqalədə deyilir. Analitiklər qeyd edir ki, Putin Trampla bir sammit keçirmək istəyir, burada iki lider Ukrayna rəhbərliyinin iştirakı olmadan Moskva üçün qəbul edilə bilən həll yolunu müzakirə edə bilər.
 
Putin istənilən ssenariyə hazırdır
 
Ekspertlərin fikrincə, Putin Trampın son xəbərdarlığını ABŞ-ın yeni prezidentinin öz elektoratını gücləndirmək və ABŞ-ın rəqiblərinə qarşı sərt mövqeyini göstərmək üçün bir hiylə kimi qəbul edəcək.
 
"Putin bu bəyanatları siyasi oyun kimi görür və onları ciddi qəbul etmir. O, hər hansı ssenariyə hazırdır və danışıqların tez bir zamanda nəticə verəcəyi barədə illüziyaya malik deyil", - Parisdən olan politoloq Tatyana Stanovaya deyib. O, bildirib ki, Rusiyanın iqtisadi gərginliyi Putini narahat etsə də, onun Ukrayna ilə bağlı qərarlarına ciddi təsir göstərməyəcək.
 
Stanovayanın fikrincə, Putin üçün ideal olan İkinci Dünya müharibəsinin sonunda Böyük Britaniya, ABŞ və SSRİ liderləri arasında əldə olunan Yalta razılaşmasına bənzər genişmiqyaslı geosiyasi razılaşma ola bilər. Bu razılaşma Şərqi Avropanın sovet və Qərb təsir dairələrinə yenidən təşkilini ehtiva edib.
 
Digər tərəfdən, Tramp artıq etiraf edib ki, müharibənin başa çatdırılması gözləniləndən daha çox vaxt tələb edə bilər. Siyasi analitiklər hesab edir ki, Trampın yeni sanksiyalarla təhdidi həm razılaşmanın müəyyən qədər zaman alacağını, həm də Rusiyanı danışıqlar masasında uzaqlaşdıra biləcəyini əks etdirir", - nəşr vurğulayıb.
Link kopyalandı!
Son xəbərlər