Bizi sosial şəbəkələrdən izləyin:
“ “Sevil” operasından Dilbərin ariyasını çox müğənnilərin ifasında eşitmişəm. Mən də, Fidan xanım da bəstəkar Fikrət Əmirovun sonuncu səhnələşdirilən “Sevil” operasında iştirak etmişik. Biz bəstəkarın nə istədiyini çox gözəl bilirdik. Son zamanlar bu əsərə müraciət edən müğənni xanımlar deməzdim ki, tam Fikrət Əmirovun istədiyi Dilbəri ifa edirlər. O ki, qaldı Vəfa Şərifovanın Dilbərinə.. Bilmirəm o harada təhsil alıb, haranı bitirib. Amma ona məsləhət görərdim ki, ciddi vokal dərsləri alsın”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Xuraman Qasımova deyib. O daha sonra əlavə edib:
“Mən hər kəsə məsləhət vermək üçün açığam. Amma şəxsi dərslər keçmirəm. Mənim zatən vaxtım yoxdur. Bizdə artıq sessiya qurtarır. Bizim imtahanlarımız çox açıq keçirilir. Dilbərin ariyası tələbələrimiz tərəfindən tez-tez ifa olunur. Həmin tələbələri qiymətləndirəndən sonra mən hamısını zala toplayıram. Və onların ifasını niyə görə yaxşı yaxud pis qiymətləndirmişəmsə bunun səbəbini açıqlayıram. Əlbəttə ki, bu obyektiv şəkildə baş verir. Çox maraqlı olardı ki, bu cür gənclər gəlib oturub həmin ifaları dinləsinlər. Mən belə düşünürəm ki, onlar üçün də bizim məsləhətlərimiz çox xeyirli olar. Mən Dilbərin ariyasını tamam başqa cür ifa edirdim. Mən “Sevil” operasında həm Dilbəri, həm də Sevili ifa etmişəm. Dilbər obrazı Balaşı öz tilsiminə salıb aldatmışdı. Niyə görə Balaş o cür gözəl-göyçək, evinin xanımı olan Sevili və uşağını demək olar ki, atıb sanki Parisdə olmuş Dilbərə aşiq olmuşdu. Mən bax Dilbəri belə ifa edirdim ki, tamaşaçılar onun Balaşa aşiq olduğunu müsbət qarşılayırdılar. İndiki gənclər Dilbər obrazını ucuz şəkildə ifa edirlər. Bu onlarda yaxşı alınmır. Bu obrazda qəribə bir şıltaqlıq var. Onu tam göstərə bilmirlər” deyə sənətkar bildirib.