"Ukrayna Təhlükəsizlik Xidmətinin dronları Rusiyanın ən böyük neft emalı zavodlarından birini və Ryazan İES-ni vurub..."
Bu gecə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) və Silahlı Qüvvələrin Xüsusi Əməliyyat Qüvvələrinin pilotsuz uçuş aparatları Ryazan Neft Emalı Şirkətinin obyektlərini hədəfə alıb.
Moderator.az xəbər verir ki, bu barədə "ukr.net" nəşri xüsusi xidmət orqanlarındakı mənbələrə istibadən məlumat verib.
Mənbənin sözlərinə görə, bu neft emalı zavodu Rusiyanın ən böyük zavodlarından biridir və ildə 17 milyon ton neft emal etmək gücünə malikdir. Orada ən azı üç çən yanır. Bundan əlavə, PUA-ların zərbələri nəticəsində yaranan yanğın dizel yanacağı və aviasiya kerosini hidrotəmizləmə qurğusunun yerləşdiyi sexi əhatə edib. Yerli sakinlər sosial şəbəkələrdə 50-dən çox partlayış eşitdiklərini bildirib.
Bundan əlavə, UTX və Xüsusi Əməliyyat Qüvvələrinin dronları "Ryazan" neft ötürücü stansiyasını və Ryazan İstilik Elektrik Stansiyasını (İES) vurub.
"URX Müdafiə Qüvvələri ilə birlikdə Rusiyanın müdafiə sənayesi və neft sektorunun arxa cəbhədəki obyektlərinə qarşı effektiv "dron sanksiyalarını" tətbiq etməkdə davam edir. Düşmənin hərbi potensialının zəiflədilməsi üzərində iş davam etdiriləcək", - məlumatlda deyilir.
Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Bryanskda yerləşən "Kremniy EL" mikroelektronika zavodunun vurulması barədə məlumat yayıb.
"Bu, Rusiyanın mikroelektronika sənayesinin əsas müəssisələrindən biridir. Zavod geniş çeşiddə mikrosxemlər və komponentlər istehsal edir ki, bunlar strateji əhəmiyyətli silah sistemlərində, o cümlədən "Topol-M", "Bulava" raket komplekslərində, C-300 və S-400 zenit raket sistemlərində, həmçinin döyüş təyyarələrinin bort elektronikasında istifadə olunur", - Baş Qərargah məlumat verib.
Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin 14-cü əlahiddə pilotsuz aviasiya kompleksi alayı zavodun vurulmasına görə məsuliyyət daşıdığını qeyd edib.
Bildirilir ki, zavodun məhsulunun 90 faizi Rusiyanın müdafiə sənayesi müəssisələrinə tədarük edilir. Zavodda C-300/400 zenit raket kompleksləri, “Pantsir-C1/C2” zenit-raket top kompleksləri, "Yars" qitələrarası ballistik raketləri, Su-35 qırıcıları üçün mikrosxem komponentləri istehsal olunur. "Zavod ərazisində baş verən zərbə nəticəsində genişmiqyaslı yanğın meydana gəlib və müəssisə fəaliyyətini dayandırıb", - məlumatda deyilir.
Saratov vilayətində Saratov və Engels şəhərləri hədəfə alınıb. Engelsdə yerli neft bazasının yaxınlığı daxil olmaqla dörd partlayış baş verib. Saratov vilayətinin qubernatoru Roman Busarqin hücumdan sonra bütün dronların məhv edildiyini bildirib. Baş verənlərlə bağlı "Tu-95" bombardmançı təyyarələri havaya qaldırılıb və hücum təhlükəsindən uzaqlaşdırılıb.
Kurskda dron hücumu nəticəsində şəhərin bir hissəsi istilik və elektrik enerjisiz qalıb. Bundan əlavə, Vnukovo, Domodedovo və Jukovski də daxil olmaqla Rusiyanın on hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Bu gecəyə qədər 2025-ci ildə Ukrayna dronlarının Rusiyaya ən böyük hücumu yanvarın 11-nə keçən gecə qeydə alınıb. O zaman Qara dəniz akvatoriyası üzərində 85 PUA məhv edilib, bunlardan 31-i Qara dəniz akvatoriyasında olub.