Donald Trampın Panama kanalı, Qrenlandiya, Kanada tezisləri dünyanın böyük kəsimi üçün yarızarafat, yarıciddi təsir bağışlasa da, Rusiya haqqında dedikləri yalnız Rusiya və dostları üçün deyil, hamının həyəcan və maraqla gözlədiyi məsələdir. Andiçmədən sonra o, bu gün də Rusiya mövzusuna qayıdıb, daha doğrusu, ABŞ prezidenti Donald Tramp Putinə ultimatum verib. Yanvarın 22-də Donald Tramp “Truth Social” hesabında yazıb ki, Ukraynaya qarşı işğalçılıq müharibəsini dayandırmasa, Rusiya mallarına yüksək tariflər və yeni ölümcül sanksiyalar tətbiq etmək məcburiyyətində qalacaq. Davam edərək " daha da pis olacaq" yazıb. Baxmayaraq ki, Tramp yazısına “Rusiyaya zərər vermək istəmədiyini və rus xalqını sevdiyini” deyərək başlayıb. Burada yada klassik bir məsəl düşür:” sari yağla yağlayıb, sonra da…”, yəni, kökə və qamçı siyasəti. Tramp həmçinin Kreml rejiminin rəhbəri Putinlə “çox yaxşı münasibətlərini” də xatırladıb.
Tramp: “Unutmamalıyıq ki, Rusiya bizə 60 milyona yaxın insanın həyatının itirilməsi bahasına başa gəlmiş İkinci Dünya Müharibəsində qalib gəlməyə kömək edib”.
Putinə "dinc" müraciətin ilk sətirləri Rusiya Federasiyasında qəzəb dalğasına səbəb olub. Rusiyalı hərbi müxbirlər ABŞ-ın yeni prezidentini yalan danışmaqda günahlandırıblar. İkinci Dünya müharibəsi məsələsi ətrafında Rusiya və Qərb arasında fikir ayrılığı başqa mövzudur. Bu məsələ Putinin yaralı yeridir və müharibəni yalnız Rusiyanın apardığını, qələbənin də Rusiyaya məxsus olduğunu hakimiyyətə gəldiyi gündən hər zaman səsləndirib. Sanki, başqa dövlətlərin, hətta başqa xalqların, o cümlədən SSRİ ərazisində yaşayan xalqların, millətlərin heç xidməti olmayıb.
Trampın mesajına diqqət edək. “Bütün bunları nəzərə alaraq, iqtisadiyyatı çökməkdə olan Rusiyaya və prezident Putinə çox böyük lütf etmək istəyirəm. İndi razılığa gəlin və bu gülünc müharibəni dayandırın!”
Daha sonra Tramp birbaşa təhdidlərə keçərək, Putinin Amerika prezidentinin təklif etdiyi şərtlərdən imtina edəcəyi təqdirdə Birləşmiş Ştatların gələcək hərəkətlərini dilə gətirir. “Əgər biz “sövdələşmə” etməsək, tezliklə Rusiyanın ABŞ-a və digər ölkələrə satdığı hər şeyə yüksək rüsumlar, tariflər və sanksiyalar tətbiq etməkdən başqa yolum olmayacaq”, -deyə Donald Tramp hədələyib.
Hiss olunur ki, Tramp həqiqətən də işləri uzatmamaq qərarına gəldi və “pişiyin quyruğundan” yapışmaqla yox, dərhal həll etməyə çalışır. Doğrudan da,Tramp açıq şəkildə verbal müharibəyə giribsə, geri çəkilə bilməyəcək. Ümumiyyətlə, istənilən müharibəyə girmək asandırsa, oradan çıxmaq çox çətindir. Tramp “stavkanı” qaldırdı: “ya, ya da”. Ya Putin vəziyyəti gərginləşdirərək Trampın vəd etdiyi hər şeyi, yəni sərt sanksiyaları qəbul edir, ya da işğalçı müharibəni dayandırır.
Əgər Putin Trampın “böyük və qiymətli lütfündən” imtina etmək riskinə düşərsə, ABŞ-ın 47-ci prezidenti Rusiyanı bu və ya digər şəkildə cəzalandırmalı, Ukraynaya yardımı artırmalı, təhdid və vədləri reallığa çevirməli olacaq. Amma, Putin üçün başqa geriçəkilmə variantları da ola bilər.
Trampın sözləri həqiqətən də ultimatum kimi qiymətləndirilə bilər. Trampın ultimatumu çatdırmaq üçün hansı formanı seçdiyi diqqətəlayiqdir: bu, Putinə və Rusiyaya bir lütfdür, həm də çox böyük. Trampın dili ilə desək: bu, Putin və Rusiyanın ona borclu olduğu bir şeydir və ödəməyə davam edəcək. Bu, riskli strategiyadır, lakin işğalçı dövlətlə qarşıdurmada bütün sivil dünya üçün, ilk növbədə Ukrayna üçün müsbət nəticə verə bilər.
Rusiya telekanallarında gedən təbliğata baxsaq, Trampın dedikləri ilə qəti şəkildə razılaşmağa bir niyyətin omadığını müşahidə etmək olar, əksinə ABŞ-nin yeni prezidentini “yaş yuyub quru sərirlər”. Kreml ambisiyalarından asanlıqla və tezliklə geri çəkilməyəcəyini hiss etdirir. Deməli, gərginlik hələ qarşıdadır.
Moderator.az