“Kudin onu “stoyka” durmağa məcbur etdi. Bir neçə gün ayaqüstə saxlandıqdan sonra dustaqların ayaqları şişir, aşağı ətraflara qanın çox axması nəticəsində beynin qanla təminatı pozulur, üç sutkadan sonra dustaqlar huşunu itirir, onları qara basır, döşəməyə yıxılırdılar…”
“Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...
İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...”
Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...
Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.
Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.
Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:
"İstintaq materiallarından..
Şahid Qoryayev Fyodor Yakovleviç:
1936-cı ilədək mən Azərbaycan “NKVD”-sinin sərhəd qoşunlarında çalışırdım və DTN-lə heç bir əlaqəm yox idi...
1937-ci ildə respublikada kütləvi həbslərə başlananda məni “NKVD”-nin əməliyyat müvəkkili vəzifəsinə təyin etdilər.
Elə xidmətə başladığım ilk gündən dustaqların döyülməsi, onlara əzab-əziyyət, işgəncə verilməsi halları ilə üzləşdim. Dustaqların istintaq zamanı döyülməsi kütləvi xarakter daşıyırdı. Özünü günahkar saymayan, heç bir əks-inqilabi təşkilata üzv olmadığını israrla bildirən hər bir dustaq döyülürdü. Dustağın düz danışıb-danışmadığı nəzərə alınmırdı...
Qəddarcasına rəftar və amansız repressiyalar nəticəsində dustaqların çoxu döyülür, işgəncələrə tab gətirməyərək müstəntiqlərin tərtib etdiyi protokollara qol çəkir, əks-inqilabi təşkilatın üzvü olduqlarını “boyunlarına alırdılar”...
Bəzi müttəhimlər özlərini məcburiyyət qarşısında günahkar saydıqdan sonra guya təşkilatın üzvü olan daha 40- 50 adamın da adını verirdilər...
Şöbədə bir müddət işləyəndən sonra mən əmin oldum ki, istintaq protokollarına antisovet təşkilatın üzvləri kimi qeyd olunan adamların müstəqil şəkildə müstəntiqlər tərəfindən daxil edilir, ya da müttəhimə məcburən dedirtdirilirdi...
Azərbaycan K (b) P MK-nın məsul işçiləri Lazarev və Məryəm Mirqədirovanın istintaqını yaxşı xatırlayıram. İstintaq zamanı Lazarevi Kudin və Qriqoryan, Mirqədirovanı isə Kudin və XV şöbənin əməliyyat müvəkkili Jeltenkova döyürdü. Lazarevi o günə salmışdılar ki, “istintaq”dan sonra onu bir neçə gün Kudinin otağında saxladılar, kameraya- dustaqların arasına buraxmaqdan çəkindilər. Nəticədə Lazarevdən “etiraf” ifadəsi ala bildilər. Kudin otaqda gəzib Lazarevin “Kaspar”ın böyük rəhbərləri barədə ifadə verməyə məcbur etdiyini lovğalıqla söyləyirdi. Lazarevin sonrakı taleyindən xəbərim yoxdur...
Mirqədirova isə möhkəm döyüləndən sonra da heç nəyi boynuna almadı. Bundan sonra Kudin onu “stoyka” durmağa məcbur etdi. Bir neçə gün ayaqüstə saxlandıqdan sonra dustaqların ayaqları şişir, aşağı ətraflara qanın çox axması nəticəsində beynin qanla təminatı pozulur, üç sutkadan sonra dustaqlar huşunu itirir, onları qara basır, döşəməyə yıxılırdılar. Şəxsən mən onun yanında 2-3 dəfə gecə 11-12-dən səhər saat 8-9-a qədər “növbətçi” qalmışam. Onunla danışmaq qadağan olunmuşdu. Əgər “etiraf” ifadəsi verməyə razı olarsa, ona yalnız mürəkkəb və kağız verə bilərdim. Ancaq Mirqədirova bütün işgəncələrə dözdü, heç bir ifadə vermədi...
Mirqədirovanın və Lazarevin ittihamı üzrə iş xalq komissarı Rayevin və MK katibi Bağırovun xüsusi uçotunda idi. Onlar dəfələrlə Rayevin otağına Bağırovun istintaqına gətirilirdilər..."
(Davamı var)
Təqdim etdi:
Sultan Laçın