Ekskluziv
938
14:54, Bu gün

"Trampın Çinlə yaxınlaşmağa görə Azərbaycan və Gürcüstana təzyiqlər göstərməsi mümkündür...”

“Və yeni administrasiya Ermənistanın hazırkı Paşinyan iqtidarına, həmçinin Gürcüstanda beşinci prezident Salome Zurabişvili başda olmaqla müxalifətə dəstək verməkdə davam edəcək...”
 
“Əslində Trampın andiçmə nitqində Cənubi Qafqazın adını çəkməməsində təəccüblü bir şey yoxdur. Mən son 15-20 ildə hansısa ABŞ prezidentinin inauqurasiya nitqində Güney Qafqazın adını çəkməsini xatırlamıram. Birləşmiş Ştatlar liderləri öz ilk nitqlərini adətən daxili auditoriyaya hesablayır və əsasən ölkənin problemlərindən danışırlar”.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında “Tramp andiçmə nitqində Cənubi Qafqazın da adını çəkmədi. Bunu belə yozanlar da var ki, yeni Amerika lideri Cənubi Qafqazın Rusiyanın nəzarətində qalmasıyla razılaşacaq. Əgər belə deyilsə, sizcə, o, hakimiyyəti dövründə Cənubi Qafqaza, ayrıca Azərbaycana, Ermənistan və Gürcüstana necə yanaşacaq?” beynəlxalq siyasət üzrə analitik Teymur Qasımlı ifadə edib.
 
“Amma Ağ Evin konkret bizim regionla bağlı siyasətinə gəldikdə, belə versiyalar var ki, Amerika və Rusiya rəhbərlikləri arasında centlmen razılaşmaları olur. Məsələn, Obama administrasiyası 2013-cü ildə Gürcüstanda Saakaşvilinin hakimiyyətdən getməsinə göz yumaraq dolayısıyla Putinə dəstək verdi.  Amma inanmıram ki, Tramp Cənubi Qafqaz, xüsusən də Gürcüstan və Ermənistanla bağlı Putinlə sövdələşməyə getsin. Bundan əvvəl Bayden administrasiyası Ermənistan hakimiyyətinə və Gürcüstandakı müxalifətə çox güclü dəstək verirdi.  Görək, həmin ölkələrdəki məsələlər ABŞ-nin maraqları baxımından nə qədər uğurlu olacaq.” –davamında belə deyən şərhçi Güney Qafqaz ölkələrinin Çinlə yaxınlaşmasına yeni Birləşmiş Ştatlar  rəhbərliyinin mümkün münasibəti haqda da danışıb.
 
“Hesab edirəm ki, Tramp administrasiyası dövründə də Güney Qafqaz Amerikanın diqqət mərkəzində olacaq. Və yeni rəhbərlik Ermənistanın hazırkı Paşinyan iqtidarına, həmçinin Gürcüstanda beşinci prezident Salome Zurabişvili başda olmaqla müxalifətə dəstək verməkdə davam edəcək. Bununla belə, Rusiya ilə sövdələşmə məsələsi də gündəmdə olacaq. Bir məsələni xüsusən diqqətə çatdırmaq istərdim ki, Trampın birinci prezidentlik dövründən fərqli olaraq hazırkı dövrdə Cənubi Qafqaz ölkələri, xüsusən də Gürcüstan və Azərbaycan Çin dövləti ilə xeyli yaxınlaşıb. Odur ki, Tramp administrasiyasının bununla bağlı hər iki ölkə rəhbərliyinə müəyyən təzyiqlər göstərməsi mümkündür", -deyə analitik  diqqətə çatdırıb.
 
Sultan Laçın 
 
Link kopyalandı!
Son xəbərlər