Ekskluziv
845
11:54, Bu gün

"“KQB”-“FSB” “kryuçok”unda qalanların çıxışlarını təhlil edin..."-"SSRİ-ni “KQB” özü dağıdıb..."- I I yazı

“...Məntiqlə Sovet İttifaqının çökməsində əsas rol Qərbdə, Amerikada, “SRU”-da, “Mİ-6”-da, “Mossad”da  olsaydı, 1991-ci ildən bəri Rusiyanın və postsovet məkanının əsas idarəçilik rıçaqları da onların əlində olar və heç o məkanda Putin kimi korrupsioner  “KQB” inventarlarının iqtidara gəlməsinə imkan verməz, əksinə, gerçəkdən demokratik hakimiyyətlərin qurulmasına şərait yaradar, ən pis halda bu gün  nəinki Ukraynada işğalı davam etdirən, üstəlik, Avropanı faktiki işğalla hədələyən Putin rejimini və ona dayaq duran digər vassal rejimləri asanlıqla ram edərdilər...”
*** *** ***
"Hər şey 1996-cı ildə hələ o vaxt prezident Yeltsinin İşlər idarəsinin rəis müavini olan Vladimir Putinin 7 dostu və qohumu ilə birgə qurduğu “Ozero”(“Göl”) kooperativindən başlandı...  Orada yaradılmış dələduzluq, saxtakarlıq, korrupsiya “gölü” tədricən nəinki Xəzər boyda dənizə, az qala keçmiş SSRİ-dən də böyük bir “okean”a çevrildi. Və həmin  ifrat dərəcədə və bütün mənalarda çirklənmiş “okean” bu gün yalnız Ukraynanı, Baltikyanı ölkələri, Güney Qafqazı, Orta Asiyanı deyil, bütün dünyanı təhdid edir...
*** *** ***
“Əgər bu fitnədən, bu düşmənçilikdən birdəfəlik xilas olmaq istəyiriksə, hər birimiz nifrətimizi ilk növbədə bizi vuruşduran imperiyaya, imperatora qarşı yönəltməliyik. Və hər birimiz bizləri döyüşdürmək üçün salındığımız imperiya qəfəsindən qurtulmağa çalışmalıyıq. Birimiz qurtulsaq, o birimiz qurtulmasaq, nə vaxtsa bizləri yenidən savaşdıracaqlar...”
*** ***
-FİKİR SAVAŞI...-
 
(Birinci yazı burada:)
 
Bu arada soruşa bilərsiz ki, bəs “KQB” Andropovun dövründən bəri Kommunist Partiyasından daha çox nəzarətdə saxlayıb idarə etdiyi o boyda SSRİ-ni niyə dağıtmaq niyyətində olsun ki?.. 
 
Maraqlıdır hə? Bunun da izahı var... Bu, sadəcə, mənim bir versiyamdır. Əsil gerçəyi Allah, əsas hissəsini də bu proseslərin təşkilatçıları və bir qism icraçıları bilir...
 
Məsələ ondadır ki, Sovetlər dönəmində ən çox xaricə, xüsusən də Avropa və Amerikaya gedib-gələn, qızıl, almaz, valyuta, dollar, marka və s. qaçaqmalçılığıyla məşğul olan və onu himayə edən məhz “KQB”, həmçinin “QRU”, “SVR” əməkdaşları, rezident və agentləri idi. Onların arasında sovet, kommunist, “leninçi” əqidəsinə uymamış, yalnız öz karyeralarını, dolanışıqlarını düşünən əksəriyyət Parisdə, Londonda, Nyu-Yorkda və s. insanların necə dəbdəbəli, varlı həyat sürdüklərini görür, bunu özlərinin dünyanın ən böyük ərazisinə, ən çox yeraltı, yerüstü sərvətlərinə qızılına, almazına, uranına, neft-qazına və s. malik bir ölkədə quru maaşlı, adi “Volqa” avtomobili almaqdan, kiçik bir ev tikdirməkdən də qorxduqları miskin həyatlarıyla müqayisə edir və gərgin stress keçirirdilər. Nəticədə aparıcı “KQB” və kəşfiyyat idarəçiləri toplanıb belə qərara gəldilər ki,  belə bir varlı ölkədə bizim kasıb, gözüqıpıq dolanmağımıza səbəb elə məhz bu Kommunist Partiyası, onun mənasız marksist-leninçi ideologiyası və bu əsasda yaradılan qapalılıq, özəl təsərrüfata, ticarətə, biznesə qoyulan qadağalardır. Ona görə də “yenidənqurma”, “aşkarlıq” şüarlarıyla bu sistem qılafını dağıtmaq və onun qandallarından azad olub  “demokratiya”, “bazar iqtisadiyyatı” adı altında ölkəni özümüzün agentura şəbəkələri vasitəsilə idarə edib yetərincə varlana biləcəyimiz  nəhəng bir bazara döndərmək lazımdır.  Müttəfiq respublikalar da əl-ayağımıza dolaşır, onların problemləri vaxtımızı çox alır. Qoy SSRİ konstitusiyasına uyğun olaraq ayrılsınlar, öz dövlətləri, bayraqları, orduları, pulları və s. olsun.  Amma lazım gələndə iki əsrə yaxın vaxtda həmin respublikalarda möhkəmlənmiş geniş agentura, kəşfiyyat şəbəkələrimiz vasitəsilə onların sərvətlərindən də, qazandıqlarından da istədiyimiz qədər xərac alarıq. Nəticədə Rusiya imperiyası mahiyyətcə dağılmayacaq, sadəcə, SSRİ- Kommunist partiyası qılafını üzərindən atacaq...  
 
Belə düşünən “KQB” zabitləri  arasında pula, vara hərisliyi ilə ən çox seçilənlərdən biri də  Vladimir Putin idi. Odur ki, “ağsaqqallar”  “KQB”-nin taktiki və strateji planlarını həyata keçirmək üçün yeni qılaflı Rusiya-korrupsiya imperiyasına “keçid” kimi nəzərdə tutulmuş “alkaş” “demokrat” Yeltsindən sonra hakimiyyətə məhz Putinin gəlməsini məsləhət gördülər... 
 
Əlbəttə,  SSRİ-nin çöküşündə bu imperiya ilə rəqabət aparan ABŞ, Böyük Britaniya, Fransa və s. Qərb ölkələri, eləcə də İsrail kəşfiyyat xidmətlərinin də xeyli rolu var. Amma məntiqlə Sovet İttifaqının çökməsində əsas rol Qərbdə, Amerikada, “SRU”-da, “Mİ-6”-da, “Mossad”da  olsaydı, 1991-ci ildən bəri Rusiyanın və postsovet məkanının əsas idarəçilik rıçaqları da onların əlində olar və heç o məkanda Putin kimi korrupsioner  “KQB” inventarlarının iqtidara gəlməsinə imkan verməz, əksinə, gerçəkdən demokratik hakimiyyətlərin qurulmasına şərait yaradar, ən pis halda bu gün  nəinki Ukraynada işğalı davam etdirən, üstəlik, Avropanı faktiki işğalla hədələyən Putin rejimini və ona dayaq duran digər vassal rejimləri asanlıqla ram edərdilər.  Bunun üçün öncə hüquqi cəhətdən Rusiyanın köləliyindən qurtulmuş keçmiş müttəfiq respublikalarının, həmçinin postsosialist ölkələrinin hamısında “KQB” arxivləri açılar, lüstrasiya(təmizlənmə) haqda qanun qəbul edilər, o, dəqiq icra olunar, yəni imperiya agentləri ifşa olunar və onların həmin müstəqil(!) ölkələrin siyasi, eləcə də iqtisadi idarəçiliyində, həmçinin müxalifət partiyaları və qeyri-hökumət qurumlarında yer tutmasına imkan verilməzdi... Lakin Avropada Almaniya(keçm. ADR hissəsi), Polşa, Çexiya, keçmiş sovet məkanında Baltikyanı respublikalar, qismən də “KQB” arxivlərinin yarı-yarımçıq açıldığı və agentlərin hamısının ifşa edilmədiyi Gürcüstan və Ukrayna istisna olmaqla digər postsovet respublikalarında bu işlər üçün heç bir addım da atılmadı... Təsəvvür edin, Ukraynada lüstrasiya haqda qanun yalnız 2014-cü ilin sentyabrında, yəni Rusiyanın adamı olan Viktor Yanukoviçin “KQB”-“FSB” şəbəkəsini ölkədə möhkəmlədəndən və Putinin Krımı ilhaq etməsindən sonra qəbul edildi. Gürcüstan da, Ukrayna da bu gün onun acı nəticələrini yaşamaqdadır....  Nəticədə Moskva nəinki keçmiş sovet agentlərinin özlərini, həm də onların nəsillərini, yaxın qohumlarını şantaj altında saxlamaqla postsovet və postsosialist məkanında yetərincə idarəçilik rıçaqları əldə etdilər...
 
1991-ci ildən bəri Rusiya və postsovet məkanının əksər hissəsində yaranmış real siyasi, iqtsadi mənzərəni müşahidə etsəniz, “KQB”-nin öz niyyətinə çatdığını görərsiniz... İndi onların əksər müttəfiq respublikalarda, həmçinin Macarıstan, Slovakiya, Serbiya kimi Şərqi Avropa ölkələrində nəinki kəşfiyyat və agentura, həm də yetərincə geniş və gəlirli korrupsiya şəbəkələri də güclü şəkildə fəaliyyət göstərir... 
 
Hər şey 1996-cı ildə hələ o vaxt prezident Yeltsinin İşlər idarəsinin rəis müavini olan Vladimir Putinin 7 dostu və qohumu ilə birgə qurduğu “Ozero”(“Göl”) kooperativindən başlandı...  Orada yaradılmış dələduzluq, saxtakarlıq, korrupsiya “gölü” tədricən nəinki Xəzər boyda dənizə, az qala keçmiş SSRİ-dən də böyük bir “okean”a çevrildi. Və həmin  ifrat dərəcədə və bütün mənalarda çirklənmiş “okean” bu gün yalnız Ukraynanı, Baltikyanı ölkələri, Güney Qafqazı, Orta Asiyanı deyil, bütün dünyanı təhdid edir...  1998-1999-cu illərdə “FSB” direktoru, 1999-2000-ci illərdə Təhlükəsilik Şurasının katibi işləyən, nəhayət, 2000-ci ildən Rusiya prezidenti”seçilən”  Putin ölkənin talanan təbii ehtiyatları, korrupsiya,  üstəlik, keçmiş sovet, hətta Şərqi Avropadakı sosialist məkanındakı ölkələrdən alınan xəraclar hesabına kəşfiyyat, agentura şəbəkələrini nəinki keçmiş SSRİ, Yaxın Şərq ərazisində, hətta Avropa və Amerikada da gücləndirdi... Bu minvalla çekistlər neft, qaz, uran, qızıl, almaz və s. sərvətlərin talanı nəticəsində sunami kimi axan milyardlar hesabına həm özlərinə Rusiyanın, planetin də ön gözəl məkanlarında Amerika, Avropa milyarderlərinkindən də bahalı, komfort malikanələr tikdirdilər, təyyarələr, gəmilər və s. aldılar, həm də Avropanın, Amerikanın bir sıra ölkə rəhbərliyindəki şəxsləri ələ alaraq öz təsir və nüfuz dairələrini genişləndirdilər... Bu səbəbdən Ukraynaya təcavüz ərəfəsində, demək olar ki, Rusiya “FSB”-yə transformasiya olunmuş “KQB”, həmçinin “QRU”( Rusiya Ordusundan Baş Kəşfiyyat İdarəsi) və “SVR”( Xarici Kəşfiyyat Xidməti) sovet dövründəkindən də xeyli güclü səviyyəyə çatmışdı... 
 
Bu günlərdə Ukraynanın məşhur jurnalisti Dmitri Qordonun müsahibələrindən birində dediyinə görə, “KQB”-“FSB” Almaniyanın keçmiş kansleri Gerhard Şröderi də ələ ala bilib. Bu ehtimalı gücləndirən faktlardan biri də Şröderin Almaniya lideri postunu tərk edəndən sonra Moskvada “Qazprom” rəhbəri kimi işləməsi olub. Bundan başqa Fransanın keçmiş baş naziri Fransua Fiyonun Rusiya agenti olduğu deyilir. Həmçinin Macarıstanın hazırkı baş naziri Viktor Orban və Slovakiyanın baş naziri Roberto Fitsonun da Putinin marionetləri olduğu şübhəsizdir... Yuri Şvets kimi keçmiş “KQB” polkovnikləri hətta hazırkı ABŞ lideri Donald Trampın da 1987-ci ildən Rusiyaya ilk gəlişindən “KQB”-nin təsiri altında olduğunu iddia edir... 
 
Qərb kəşfiyyatı, Ukrayna kəşfiyyatının da dəstəyi ilə əsasən 2022-2024-cü illər ərzində Rusiyanın Avropa, Amerika, Yaxın Şərqdəki və s. qurduğu şəbəkələrin yalnız bnir qismini zərərsizləşdirə bildi. Ancaq hazırda Putinin kəşfiyyatçı, agent və rezidentlərinin, eləcə də onların çuğullarının, xəbərçilərinin bir və əsas zəif cəhəti var: Artıq onların demək olar ki, hamısının beynində sovet dövründəki kimi “sovet adamı”, “kommunist”, “leninçi”, “patriot”, heç “mat Rossiya” kimi ideoloji maraqlar yoxdur, onları yalnız pul, var-dövlət maraqlandırır, pulları kəsildi və ya azaldımı, vəzifələrinin icrasından yayınmağa, gizlənməyə, Avropa, Amerika kəşfiyyatlarına satılmağa çalışırlar...
 
Qayıdaq Levon Ter-Petrosyana... Öncə onu da əlavə edək ki, Levon Ter-Petrosyan indiki Suriya ərazisində doğulub. Onun ailəsinin SSRİ-yə köçməsi o zamandan bu ailə üzvlərinin “KQB” nəzarətində olduğunu və böyük ehtimalla agent kimi ələ alınmasını göstərir. Ter-Petrosyan Leninqradda şərqşünaslıq institutunda təhsil alıb və bir neçə il Misirdə işləyib. Bilənlər bilir ki, sovet dövründə şərqşünasların çoxu, xüsusən də xaricə işləməyə göndərilənlər “KQB” ilə əməkdaşlığa cəlb edilirdi. Bəzi məlumatlara görə, Levonun həyat yoldaşı etnik rus Lyudmila Pliskovskaya da “KQB”-yə bağlı ailəyə mənsub olub... 
 
Və ötən yazımızda qeyd etdiyimiz kimi, Azərbaycan torpaqlarını işğalıyla paralel Sovet İttifaqını dağıtmaq məqsədini də güdən Levon Ter-Petrosyan  6 ay “KQB” Lefortovo zindanında saxlanılıb azadlığa buraxıldıqdan sonra həmin qurumun rəhbəri Kryuçkov ona o illərdə İttifaqda hər kəsin almaq imkanı olmadığı bahalı “Mersedes” avtomobili bağışlayıb. 1990-cı ilin avqustunda Ermənistan  Ali Sovetinin yeni yapılmış sədri olan L. Ter-Petrosyan özünün zəfər çıxışında xalqına(?) qürurla elan etdi ki,  işə gedib-gəldiyi zirehli “Mersedes” avtomobili ona şəxsən SSRİ DTK sədri, ordu generalı Vladimir Kryuçkov bağışlayıb. Və nəhayət, 2016-cı ildə Azərbaycan mediasında ilk olaraq Moderator.az-da xəbər verdiyimiz kimi, Ter-Petrosyan istefaya getdikdən sonra həmin avtomobili prezident sarayına təhvil verib. 2016-cı il dekabrın sonundan keçmiş prezident avtomobili hərraca qoyulub. Və bu müddət ərzində Ermənistanın ilk prezidenti həmin “Mersedes”in ona məhz keçmiş “KQB” şefi tərəfindən bağışlandığını təkzib etməyib...
 
Bəhs edilən çıxışında “SSRİ-ni biz dağıtdıq” deyən Levon Ter-Petrosyan bu günədək ictimaiyyətə “qərbpərəst”, “demokrat” kimi sırınıb... Əslində isə  başda Putin özü olmaqla “KQB”-“FSB” qarmağında olan bir çox keçmiş müttəfiq respublikaların yeni liderləri kimi o da özünü demokrat kimi təqdim etməli idi... Məsələn, Saakaşvilidən sonra Gürcüstanda hakimiyyətə gələn İvanişvili və komandası da illərlə özlərini qərbpərəst kimi təqdim etdi. Bugünkü mövqeləri isə bəllidir... Lakin gəlin görək, demokrat Ter-Petrosyanın hakimiyyətdə və müxalifətdə olduğu illərdə bircə dəfə də Rusiyaya qarşı sərt çıxışlar edibmi? Xeyr. Hər halda mən xatırlamıram. Kimsə xatırlayırsa, desin. Əksinə, o bir sıra hallarda Rusiyanın Ermənistana qarşı münasibətini təqdir edib. Və ən başlıcası özünün də hələ 2007-ci ildə Rusya mediasına(“Reqnum”) müsahibəsində etiraf etdiyi kimi, Rusiya ilə bütün ən mühüm müqavilələr onun vaxtında imzalanıb. “MDB-yə ilk qoşulan Ermənistan oldu. Kollektiv təhlükəsizlik, birgə sərhəd mühafizəsi, vahid hava hücumundan müdafiə sistemi, Gümrüdəki baza, “ArmRosQazprom”un yaradılması haqqında müqavilələr, bunların hamısı mənim vaxtımda edilib. Nəhayət, böyük Rusiya-Ermənistan siyasi razılaşması”, - bunu “qərbpərəst” Ter-Petrostan deyir.
 
Hesab edirəm ki, Levonun Qarabağ məsələsində yumşaq mövqe nümayiş etdirməsi, Azərbaycanla razılığa gəlmək meyli də “KQB”-“FSB” təlimatına uyğun idi. Belə ki, Ermənistan cəmiyyətinin doğrudan ciddi şəkildə Qərbə, demokratiyaya meyillənməsindən ehtiyat edən Moskva “parçala- hökm sür” Ter-Petrosyana belə bir rol verdi ki, ölkədəki qatı “Böyük Ermənistan” iqeoloq və xəstələri, xüsusən də Köçəryan və Sərkisyanın formalaşdırdığı Qarabağ klanı ona qarşı çıxsın,  nəticədə erməni cəmiyyəti parçalansın, İrəvan klanının rəhbəri hesab olunan Levon istefa verməyə “məcbur” olsun, Köçəryan prezident “seçilsin”, 1999-cu ildə  Ermənistan parlamenti rəhbərliyinə qarşı terror həyata keçirilsin və Qarabağ klanı uzun müddət hakimiyyətdə qalsın... 
 
Albert İsakovun yaydığı videoda diqqəti cəlb edən digər məqam həm açılış səhifəsində, həm də görüntü boyu Ter-Petrosyanın Paşinyanla əl-ələ verdikləri fotonun tez-tez göstərilməsidir. Bu, tamaşaçıda iki fikir yarada bilər: “1. Deməli, Paşinyan da elə Levon kimi millətçidir, türk, Azərbaycan düşmənidir...” 2. Deməli, erməni mediasında da son onilliklərdə dəfələrlə vurğulandığı kimi, Paşinyanı Levon Ter-Petrosyan yetişdiribsə, onun “siyasi mənəvi atası” olubsa, belə çıxır ki, o da Rusiya “KQB”-“FSB”-nin fiqurudur...
 
Əvvəla, Paşinyanın hələ qəzet redaktoru olduğu, sonra deputatlığa namizəd, deputat olduğu dövrdə, nəhayət, hakimiyyətə gəldiyi vaxt Ter-Petrosyan “demokrat” rolu oynayan biri kimi onu dəstəkləməyə məcbur idi, Paşinyan da siyasi baxımdan onun bu xidmətindən məmnuniyyətlə yararlandı... Və Kremlin boşluğu, səhvi də məhz burada oldu – Paşinyan Levonun lideri olduğu Erməni Milli Konqresinin ciddi dəstəyi ilə Sərkisyanın rəhbərlik etdiyi Qarabağ klanını yıxıb 2018-ci ildə hakimiyyətə gələ bildi... Və nəticədə cəmi iki il sonra korrupsioner çekist Putin bunun ardınca Paşinyanı devirəcəyinə böyük ümidlə Azərbaycanın Türkiyənin də böyük siyasi-mənəvi və hərbi-texniki dəstəyi ilə işğaldan azad torpaqların böyük hissəsini azad etməsinə maneə olmadı. Lakin Qərbin güclü dəstəyini alan Paşinyanı devirmək mümkün olmadı...
 
İkincisi də, Ter-Petrosyan təkidlə bildirir ki, o, 2012-2018-ci illər ərzində Paşinyanla cəmi bir dəfə o, hakimiyyətə gələndən sonra 2018-ci ilin iyununda görüşüb...
 
Beləliklə,  bakılı erməni Albert İsakovun Levon Ter-Petrosyan haqda yaydığı video ilə bağlı gəldiyimiz nəticələr nədən ibarətdir:
 
Birincisi, böyük ehtimalla bu görüntülər təsadüfən məhz Azərbaycan təyyarəsinin Rusiya hərbçiləri tərəfindən vurulmasından sonra yayılmayıb. 
 
İkincisi,  əgər təsadüfən yayılıbsa belə, bu, qeyri-iradi insanların, xüsusən Azərbaycan vətəndaşlarının və xaricdəki azərbaycanlıların diqqətini Putin ordusu tərəfindən vurulmuş təyyarəmizin faciəsindən yayındırır. Ən əsası, Azərbaycan xalqının Moskvadakı Putin rejiminə, ümumiyyətlə, Rusiyanın imperialist, şovinist dairələrinə doğru yönəlmiş nifrət potensialını bölür və torpaqlarımızın işğal olunduğu və işğal altında saxlandığı dövrlərdə 1988-1991-ci illərdə “erməni ümummili hərəkatı” və “Qarabağ” komitəsinin liderlərindən olduğu və 1991-1998-ci illərdə Ermənistanın prezidenti olmuş Levon Ter-Petrosyanın şəxsində ermənilərə qarşı yönləndirir. 
 
Üçüncüsü, həm ermənilərdə, həm də azərbaycanlılarda belə bir təəssürat yaradır ki,  əksəriyyətin demokrat, həm Azərbaycanla, həm Türkiyə ilə sülhə can atan və Rusiyanın vassallığından birdəfəlik qurtulmağa çalışan Ermənistanın hazırkı  lideri Nikol Paşinyan da Ter-Petrosyanın “siyasi mənəvi övladı” olmaqla “KQB”-“FSB” qarmağındadır, yəni Kremlin, Putinin oyunçusu olan “yalançı” demokratdır... 
 
Amma təhlillərimiz göstərir ki, bu yönləndirmə ünvanları yanlışdır. 
 
Əvvəla, düzdür, ermənilər yüz illərlə “Böyük Ermənistan”-filan xəstəliklərinə yoluxdurulduğundan və bir az da etnopsixoloji  xarakterlərinə uyğun olaraq türklərlə, azərbaycanlılarla xeyli müddət düşmənçilik ediblər və təəssüf ki, aralarına hələ də belə düşünənlər xeylidir... Amma tarixən bizləri vuruşduran müxtəlif imperiyalar olub. Lakin onların arasında ən əsası, Rusiya imperiyasıdır. Bu imperiya Türkiyə və Azərbaycanın XIX əsrin sonlarından XX əsrin əvvəllərindən bəri öz planlarına uyğun olaraq dəfələrlə qızışdıraraq qladiator kimi döyüşdürüb... 
 
İkincisi, əgər bu fitnədən, bu düşmənçilikdən birdəfəlik xilas olmaq istəyiriksə, hər birimiz nifrətimizi ilk növbədə bizi vuruşduran imperiyaya, imperatora qarşı yönəltməliyik. Və hər birimiz bizləri döyüşdürmək üçün salındığımız imperiya qəfəsindən qurtulmağa çalışmalıyıq. Birimiz qurtulsaq, o birimiz qurtulmasaq, nə vaxtsa bizləri yenidən savaşdıracaqlar... 
 
Bütün bunları oxuduqdan sonra oxucularda təbii sual yaranır ki, bəs 1988-1992-ci illərdə Bakıda kimlər “KQB”-“QRU” planlarını həyata keçirərək “Qarabağ münaqişəsi”nin körüklənməsinə və nəticədə torpaqlarımızın işğalına gətirməsinə xidmət edib?.. Bu suala məntiqi suallar əsasında cavab vermək mümkündür, ikinci də əlimizdə məntiqi sübutlar olsa da, əsaslı sənədlər yoxdur. Həm də Ermənistanda olduğu kimi, Azərbaycanda da lüstrasiya haqda qanun qəbul olunmayıb və “KQB”-nin heç olmasa, olan-qalan arxivlərinin sırf siyasətlə bağlı bölməsi açılmayıb ki, kimin kim olduğunu bilək... 
 
Amma bir şeyə tam əminik: Nə qədər ki, “Qarabağ münaqişəsi”nin L. Ter-Petrosyan, Köçəryan, Sərkisyan, Balayan və s. kimi əsas törədici fiqurları  Serbiya lideri Miloşeviç kimi Haaqa tribunalı qarşısında cavab verərək cəzalandırılmayıb,  bu xəmir hələ çox su aparacaq...
 
Bu araşdırmadan gəldiyimiz son və əsas nəticə ondan ibarətdir ki, “KQB”-“FSB” “kryuçok”undan asılı olan, yəni nəinki özləri ataları, hətta bəzən dədə-babaları da ölkələrinə, xalqlarına qarşı törətdikləri müxtəlif cinayətlərə görə Kremlin şantajı, kompromat hədəsi altında olanların heç bir çıxışına təəccüblənmək lazım deyil. Belələri situasiyalara uyğun verilən təlimatlardan asılı olaraq dünən qatı millətçi,  o biri gün demokrat, amerikapərəst, avropapərəst, bu gün avtoritar, rusiyapərəst, ertəsi gün isə yenidən demokrat, qərbpərəst ola bilər...    
 
Odur ki, ümumiyyətlə, bütün gündəlik aldığımız informasiyaları və xüsusən məntiq və faktlara uyğun olaraq “KQB”-“FSB”-“QRU” qarmağında olanların çıxışlarını, onlar barədə yayılan “sensasyon” məlumatları və s. birbaşa qəbul etməkdən çəkinməli və ciddi təhlil etdikdən sonra nəticə çıxarmalıyıq. 
Çünki son  iki yüzillikdən çox bir müddətdə Rusiya kəşfiyyatı, xüsusən də sovet dövründən bəri “KQB” bir çox üfürülmüş, süni “qəhrəman”lar yetişdirmiş və onları digər müstəmləkə xalqları kimi, Azərbaycan xalqına da sırımaqla bir çox taktiki və strateji planlarını uğurla həyata keçirmişdir...
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər